Məhkəmə qərarları › İş №2-1(112)-11380/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11380/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11380/2025 19.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1397 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3163/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1397 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə e-2-1(118)- 3163/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsi sözügədən qərardadı onunla əsaslandırmışdır ki, mübahisənin əsasını təşkil edən inzibati aktı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi olsa da, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən uçota alındığından, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsi tətbiq edilməli və işə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********4079 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 2-1(112)-11380/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir.

7. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saydı.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün göndərilməsinə etiraz etmədiyini bildirdi.

9. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

10. Belə ki, İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);

11. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “mübahisələndirmə haqqında iddia” növündə iddiaya aiddir, cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır, ona görə işin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin təsiri altına düşür.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

14. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

15. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda həmin idarədə uçotdadır. İddiaçının təsərrüfat subyektinin Bakı şəhərində yerləşdiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 1-8-10/2-2194/2024 nömrəli icmal məktubuna əsasən:

17. ... Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən, "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi yer baxımından uçota alına bilirlər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsasən onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla, ərazi aidiyyətinin həlli məsələsində də İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

18. Göründüyü kimi barəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmiş iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyekti (obyekti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşsə və təsərrüfat subyekti (obyekti) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən uçota alınsa belə, vergi ödəyicisi olan iddiaçının vergi uçotuna alındığı yer, yəni uçotda olduğu vergi orqanı (2 saylı Ərazi Vergilər Baş İdarəsi) Sumqayıt şəhərində yerləşdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

19. Belə ki, məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.2-ci maddəsinin müddəası tətbiq edilməklə iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati mübahisələrdə işə ərazi aidiyyatı qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir.

20. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

21. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

22. İPM-in 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. .mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda.

23. İPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

24. İPM-in 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

25. Beləliklə, məhkəmə, iddiaçının vergi uçotuna alındığı yer, yəni uçotda olduğu vergi orqanı (2 saylı Ərazi Vergilər Baş İdarəsi) Sumqayıt şəhəri müəyyən olunduğundan müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxmaqda səlahiyyətli deyil. Ona görə də mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 8 və 9-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********4079 saylı qərarın ləğv edilməsi” tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar