Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11384/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaç İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “orderin etibarsız hesab edilməsi” GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair X5 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı orderin etibarsız sayılması öhdəliyini qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospektindəki 138A saylı bina yataqxanadır, yataqxana “Bakı Şin zavodu”nun balansında olmuşdur, həmin yataqxananın bir otaqlı 47-ci mənzilə dair X8 12 may 1994-cü il tarixli 209 saylı 05015 seriyalı order verilmişdir. İddiaçının anası X10 09 iyun 2013-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat ofisində iddiaçının adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. 12 fevral 2014-cü il tarixdə mənə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin mənzili iddiaçı mərhum anasıının adına özəlləşdirmək və həmin mənzil üzərində anasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün sənədləri toplayarkən yataqxananın əməkdaşları ona bildirdilər ki, mərhum anasının adına olan otaqa dair digər bir şəxsə də order verilmişdir. Sonradan iddiaçı sənədləri əldə etmək üçün müraciət etmişdir. Məlum oldu ki, "xxxx" ASC tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolundan çıxarışa əsasən X5 həmin otağa dair 186-19-55/ 67 saylı order verilmişdir. X9 17 avqust 2022-ci il tarixində həmin ünvana qeydiyyata alınmışdır. Mərhum anasına verilmiş order ləğv edilməmişdir. İddiaçı X6 tanımadığını və heç vaxt həmin yataqxanada yaşamadığını qeyd etmişdir. Bildirmişdir ki, həmin otaq həmişə iddiaçının istifadsində olmuşdur, onun adına order verilməsindən və onun qeydiyyata alınmasından məlumatı yoxdur. Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı yataqxana binası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27 may 2023-cü il tarixli 263 saylı Sərəncamı ilə 07 avqust 2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" ASC-inin balansından Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisinə Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair X5 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı orderin ləğv edilməsi barədə müraciət etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi C.Alaverdizadə tərəfindən imzalanmış 10 may 2023-cü il tarixli 135 saylı cavabla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi C.Alaverdizadə tərəfindən imzalanmış 10 may 2023-cü il tarixli 135 saylı cavabı qanunsuz və əsassız hesab edir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların,həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüququna uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqşuların, tələbələrin, habelə digər vətəndaşların iş və təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən, yataqxana mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normalara əməl etməklə müəssisə, idarə və təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə (otağa) dair X4 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003- cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı order etibarsızdır, Nəzakət Ramazanova həmin dövrdə həmin zavodda işləməmişdir, ona order sonradan verilmiş, orderin verilməsi tarixi əvvəlki tarixə yazılmışdır. Həmin dövrdə yataqxana binasının "xxxx" ASC-inin balansından Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilməsi məsələsi gündəmdə olub, bunu bilə vəzifəli şəxs saxta protokol tərtib edərək X1 adına order yazdırmışdır. İddiaçı hesab edir ki, Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair X5 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı order saxtadır, həmin orderin verilməsində yeganə məqsəd sökülən yataqxana binasından pul qazanmaqdır. Həmin order boş olan otağa verilməmişdir. Nəzakət Ramazanovanın xx.xx.2022-ci il tarixində həmin yataqxanaya qeydiyyata alınması da həmin orderin sonradan verildiyini təsdiq edir. Azərbaycan Respublikası İPMnın 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərinin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nın 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi C.Allahverdiyev tərəfindən imzalanmış 10 may 2023-cü il tarixli 135 saylı cavabı qanuna ziddir və hüquqlarımın və qanunla qorunan maraqlarımın pozulmasına səbəb olur. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardim məktubu ünvanlayaraq, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Lakin hüquqi yardım məktubu məhkəmə tərəfindən iddiaçıya göndərsə də, yardım məktubunun iddiaçıya çatdırılması mümkün olmamış və poçt xidməti tərəfindən xx.xx.2023-cü il tarixində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiacıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 01/22 nömrəli xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, order həqiqətən keçmiş Bakı Şin zavodunun (indiki "xxxx" ASC) HİK-nin xx.xx.1994-cü il taarixli 99 saylı protokoluna əsasən F.Xoyski prospektindəki 138a ünvanında yerləşən yataqxananın 47 saylı otağının orderi 2-ci qrup əlil olmuş öhdəliyində azyaşlı uşağı olan X8 verilirək onun adına order yazılmışdır.”Azərşin” ASC-nin arxivində aşkarlanan 47 saylı orderin surəti və onun verilməsi üçün HİK-nin protokolundan çıxarışın surəti təqdim olunur. Bu orderin qüvvədən düşməsi, ləğvi barədə sənədlər aşkar olunmamışdır. X8 məxsus özəlləşdirilmiş 64 saylı F.Xoyski prospekti 138a-da mənzilin sənədləri bizdə saxlanılmır. X8 cəmiyyət tərəfindən heç bir bu binada və yaxud digər binalarda mənzil verilməsi haqqında sənəd aşkar edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Bakı Şin zavodunun tabeliyində olan yaşayış binaları və yataqxanaları 2003-cü ilin avqust ayının 6-dan etibarən Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyi Departamentinə təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Hüquq Firmasına ünvanlanmış 01/70 nömrəli 07.05.201-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş X7 adına verilmiş 209 saylı 05015 seriyalı orderdə göstərilmiş ünvanın yazılışında kargüzar tərəfindən diqqətsizliyə yol verilmişdir. Belə ki, F.Xoyski küçəsi bina 138, mənzil 47 yazıldığı kimi yox, F.Xoyski küçəsi 138 a saylı bina, mənzil 47 oxunmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma nəticəsində ünvan 2 ünvanında pasport qeydiyyatında heç kimin olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 Sayli Xüsusi Təyinatli Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, F.X.Xoyski prospekti 138A saylı yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 263 saylı Sərəncamına uyğun olaraq xx.xx.2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansından Birliyin balansına qəbul edilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. Araşdırma zamanı aşkar edilmişdir ki, F.X.Xoyski prospekti 138A saylı yataqxana binasının 47 saylı otağına "xxxx" ASC tərəfindən mərhum ananız X7 adına xx.xx.1994-cü il tarixli, 209 saylı, 05015 seriya nömrəli daxili Order verilmişdir. Eləcə də müəyyən edilmişdir, binanın 47 saylı otağına "xxxx" ASC tərəfindən vətəndaş X2 adına xx.xx.2003-cü il tarixli, 186-19-55/67 saylı daxili Order verilmişdir. "Asan 6" xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışa əsasən vətəndaş X9 F.X.Xoyski prospekti, ev 138A, mənzil 47 ünvanında xx.xx.2022-ci il tarixdən pasport qeydiyyatındadır. Bildiririk ki, binanın 47 saylı mənzilində 1994-cü ilin may ayından Qubadlı rayonundan məcburi köçkün X11 məskunlaşmışdır və hal-hazırda həmin ünvanda faktiki yaşayır. İş materiallarından görünür ki, Bakı Şin Zavodunun xx.xx.1994-cü il tarixli, 209 saylı, 05015 seriya nömrəli Orderi əsasında F.X.Xoyski, ev 138 saylı 47 saylı otaq HİK-nın qərarı əsasında X8 verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə "xxxx" ASC tərəfindən vətəndaş X3 adına Bakı şəhəri, F.Xoyski küçəsi, 138 A saylı evin 47-ci mənzilinə dair verilmiş xx.xx.2003-cü il tarixli 186-19-55/67 nömrəli orderin etibarsız sayılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia ərizəsindən (başlıq hissəsində) görünür ki, tələb orderin etibarsiz sayılmasına yönəlmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına əmin olmaqda maraqlı olmalıdır. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın vəzifəli şəxslərinin inzibati orqanın adından etdiyi hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. Hazırki iddia tələbi 3 əsasla mümkünsüz hesab edilməlidir. 1. İddia tələbinə görə, 2. cavabdeh qurum düzgün müəyyən olmadığına görə, düzgün olaraq müəyyən olunsa belə "xxxx" ASC inzibati orqan olmadığına görə, 3. "xxxx" ASC tərəfindən Bakı şəhəri, F.Xoyski küçəsi, 138 A saylı evin 47-ci mənzilinə dair verilmiş xx.xx.2003-cü il tarixli 186-19-55/67 nömrəli order inzibati akt olmadığına görə. Məhkəmə ilk növbədə iddia tələbi ilə bağlı bildirir ki, iddia tələbi formal olaraq düzgün qoyulmamışdır. Belə ki, iddiaçı tələbində “Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair X5 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı orderin etibarsız sayılması öhdəliyini qoyulmasını”qeyd etmişdir, lakin müəyyənetmə və tanınmaya dair iddia növü üzrə iddia ərizəsinin tələbi etdi hissəsində “inzibati aktın etibarsız sayılması ilə bağlı cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yox”, konkret olaraq, “müvafiq inzibati aktın etibarsız sayılması” kimi müəyyən edilməlidir. İkinci olaraq, məhkəmə cavabdeh qurum düzgün müəyyən olunmadığına görə, müəyyən edildiyi halda belə "xxxx" ASC-nin inzibati orqan olmaması əsasından irəli gələn iddianın mümkünsüz sayılması ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbindən görünür ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi qoyulmuşdur. Halbuki, mübahisələndirilən order isə "xxxx" ASC tərəfindən qəbul edilmişdir. "xxxx" ASC isə iznibati orqan deyildir. Həmin tələbə münasibətdə iddiaçı fiziki şəxs, cavabdeh hüquqi şəxs olmaqla tərəflərdən heç biri inzibati orqan deyil. Həmçinin tərəflər arasında yaranmış mübahisə (ASC tərəfindən qəbul edilmiş orderin etibarsızlığı) publik hüquq münasibətlərdən irəli gəlmir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında qeyd olunan mövqeyindən məlum olur ki, xüsusi hüquq onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini, ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir və inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri inzibati orqan olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə tərəflərdən heç biri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə, inzibati orqan olmadığından və yaranmış mübahsiə publik hüquqdan irəli gəlmədiyindən hazırkı işə inzibati məhkəmə icraatında baxıla bilməz. Həmçinin qeyd edilməlidir ki, məhkəmə mübahisəsinin predmeti olan, vətəndaş X2 adına verilmiş xx.xx.2003-cü il tarixli, 186-19- 55/67 saylı order inzibati orqan olmayan "xxxx" ASC tərəfindən verilmişdir. Belə ki, mübahisələndirilən orderi verən orqan inzibati orqan deyil və hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi və "xxxx" ASC inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə digər əsas, yəni sonuncu əsas olan "xxxx" ASC tərəfindən verilmiş orderin inzibati akt olmamasından irəli gələn mümkünsüzlük əsasları ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-ci maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, inzibati icraatla bağlı sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin. 1.1-ci maddəsinə əsasən Bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Göründüyü kimi "xxxx" ASC qanunvericilikdə inzibati orqan kimi müəyyən edilmədiyindən və ya inzibati akt qəbul etmək səlahiyyəti olan hüquqi şəxs kimi müəyyən edilmədiyindən onun vaxtilə balansında olan mənzilin verilməsi ilə bağlı verdiyi order də inzibati akt hesab edilə bilməz. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi publik hüquq münasibətlərindən yaranan mübahisə kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.(bənd 5.1) Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.(bənd 5.2) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki, Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) Göstərilən normaların tələblərindən göründüyü kimi mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarına görə, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır” (Qərarın 2, 3.1, 3.2-ci bəndləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-11384/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11384/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver