Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11384/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 tərəfindən İddiaçı Bəkir qızının öz xahişi ilə işdən çıxarılması barədə əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və qanunsuz işdən çıxarılmağına görə cavabdehdən işdən çıxarıldığı günün əmək haqqı və həmin günün sonrakı günündən, yəni 15 iyun 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının və əmək haqqına əlavələrin, mükafatların ödənilməsi hesablanaraq ödənilməsi, həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizirliyi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 2-1(102)-2004/2020 saylı qərarının tam icra edilməsini, eyni zamanda qanunsuz hərəkətlərə yol verdiklərinə görə İnzibati Orqanın vəzifəli şəxslərinin inzibati qaydada cəzalandırılmaları barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı öz xahişi ilə işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bəkir qızı 08.05. 1998-cı ildən xx.xx.2016-cı il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək kitabçasında qeyd olunan müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış və heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Kollektivlə münasibəti həmişə yaxşı olmuşdur, lakin insanlarin ona qarşı ləyaqətimi ləkələyən, nüfuzdan salan yalan məlumatlar yayaraq ona şər və böhtan atmaları səbəbindən rəhbərlik xx.xx.2016-cı il tarixdə onu əsassız olaraq işdən azad etmişdir. İşdən çıxarılmağına dair əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə məhkəmədə qaldırdığı iddia tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı 09 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə təmin edilmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin barəmdə işdən çıxarmaya dair 19 fevral 2016-cı il tarixli, 09/12-55 saylı əmri qanunsuz və əsassız hesab edilərək həmin əmrin ləğv edilməsi və İddiaçı Bəkir qızının işə bərpa olunmasını qət etmişdir. Qətnamədən cavabdeh tərəf apelyasiya və kassasiya şikayətləri vermişdir. Apellyasiya və kassasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının barəsində çıxardığı xx.xx.2020-ci il tarixli 2-1(102)-2004/2020 saylı qərar qüvvəyə mindikdən sonra icra edilmiş və 01 dekabr 2022-ci il tarixdə işə bərpa olunmuşdur. Lakin işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsa da bu günə kimi məhkəmə qərarı tam icra edilməmiş qalmışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının işə bərpa və məcburi iş buraxma günləri üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 2-1(102)-2004/2020 saylı qərarı qismən icra edilmiş, xx.xx.2020-ci il tarixədən xx.xx.2022ci il tarixədək ödənilməli olan məbləğ isə bu günə kimi ödənilməmişdir. Həmçinin işə bərpa edilməklə bağlı məhkəmənin qərarında göstərilənlərə əməl edilməyərək əvvəllər işlədiyi nazirlikdə dövlət qulluğuna deyil, 01 dekabr 2022-ci il tarixdə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin Təminat sektorunda dövlət qulluqlunun 5-ci təsnifatından 7-ci təsnifatına aşağı əmək haqqı ilə baş məsləhətçi vəzifəsinə işə götürülmüşdür. Həmin vəzifədə 1 il 5 ay 14 gün işlədikdən sonra 14 iyun 2024-cü il tarixdə Qurban bayramı ərəfəsində iş saatı qurtarana yaxın saat 17:15 radələrində kadrlar şöbəsinin müdiri onu yanına çağıraraq işdən çıxmağı barədə təcili ərizə yazmağını tələb etdi. Əks halda hədəqorxu gələrək özləri fəaliyyətinə xitam verəcəkləri və belə olan halda əmək kitabçanın korlanacağı barədə ona xəbərdarlıq etdi və ona nazirlik 15 dəqiqə vaxt verib dedi: nazirliyin göstərişidir. Kadrlar şöbəsinin müdiri başının üstündə durub tələm-tələsik iş vaxtının qurtarmasına 10-15 dəqiqə qalmış hədə-qorxu gələrək ərizəni yazdırdı (otaqdan çıxmağına belə imkan vermədi) və elə həmin gün də işdən azad olunmağı barədə əmr verildi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilmişdir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Vəzifəli şəxslərin belə ədalətsiz və qanunsuz olaraq insan hüquqlarını kobud surətdə pozan göstərişləri barədə nazirə şikayət etdi və telegram da vurmuşdur. Lakin bu günə kimi heç bir nəticəsi olmamış, şikayətlərinə belə cavab verilməmişdir. Bildirilmişdir ki, ailəyə yeganə qazanc gətirən iddiaçıdır. Himayəsində 97 yaşlı qoca, xəstə qadın var. Həyat yoldaşı ürək xəstəsidir, heç yerdə işləmir. Özünün də ödənilməmiş bank kreditləri var.
4. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli zəruri məlumatların təqdim edilməsi haqqında məktubda İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda qulluq keçdiyi baş məsləhətçi vəzifəsindən azad olunması barədə ərizəsinin və ona müvafiq olaraq verilmiş əmrin təsdiq edilmiş surətləri təqdim edilmişdir: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-485/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 14 iyun 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla 01 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, bağlanılmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə Nazirliyin 14 iyun 2024-cü il tarixli müvafiq əmri ilə xitam verilmişdir Qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən dövlət orqanlarında, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul müsabiqə yolu ilə həyata keçirilir. 5 ildən çox dövlət qulluğu stajına malik olduğundan həmin Qanununun 29.2-ci maddəsinə əsasən dövlət orqanlarında mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan ümumi müsahibələrdə iştirak edə bilər. Dövlət qulluğuna qəbul qaydaları, imtahanlarda iştirak, həmçinin dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə elan edilmiş müsahibələr haqqında ətraflı məlumatları X4 rəsmi internet səhifəsindən (http://dim.gov.az) əldə edə bilər. Əlavə olaraq qeyd edilmişdir ki, Nazirliyin tabeliyində olan publik hüquqi şəxslərdə ixtisasına uyğun münasib işlə təmin olunmaq üçün müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondunun Elektron ünvan 1, Sosial Xidmətlər Agentliyinin Elektron ünvan 2, X1 Elektron ünvan 3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Elektron ünvan 4 elektron poçt ünvanlarına müraciət etməyi və Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində, o cümlədən DOST Mərkəzlərində vakant vəzifələrə işə qəbul qaydaları haqqında məlumatları DOST Agentliyinin rəsmi internet saytından (http://dost.gov.az) əldə etməyi tövsiyyə olunmuşdur.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 1 dekabr 2022-ci il tarixindən Nazirlik yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində dövlət qulluğuna başlamış, 14 iyun 2024-cü il tarixində ərizə ilə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna xx.xx.2024-cü il tarixli 33-17/3-4- 485/2024 nömrəli əmrlə xitam verilmişdir (ərizə və əmrin surəti əlavə olunur). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyanı yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı 14 iyun 2024-cü il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Bu halda işəgötürən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli 2-1 (102)-1787/2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2-1(102)-1983/2021 nömrəli qərarlarından da göründüyü kimi, məhkəmə “işçinin öz arzusu ilə işdən çıxma barədə əmrin ləğv edilməsi tələbi bağlı” iddiaçının tələbini təmin etmədən 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə(lər)si yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır və iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12.Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 5.6. Xidmətin aparatının və yerli orqanlarının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.
16. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin Təminat sektorunda qulluq keçdiyi baş məsləhətçi vəzifəsində işlədiyindən ona münasibətdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-485/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər idarəsinin Təminat sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 14 iyun 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla 01 dekabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
18. Ərizənin iddiaçı tərəfindən şəxsən tərtib olunaraq imzalanması işin mübahisəsiz halıdır. Lakin iddiaçı həmin ərizəni təzyiq və hədə-qorxu altında, öz iradəsinə zidd olaraq tərtib edib edib imzaladığını bildirir.
19. Yazı vərdişlərinə görə şəxsin güclü ruhi və emosional vəziyyətdə olmasını müəyyən etmək üçün istifadə edilən elm qrafologiya və ya kriminalistika qrafologiyası adlanır. Bu elm, yazı nümunələrinin təhlili vasitəsilə insanın emosional vəziyyətini, şəxsiyyət xüsusiyyətlərini və hətta ruhi-psixoloji vəziyyətini müəyyən etməyə çalışır. Şəxsin güclü emosional vəziyyətdə olduğunu yazı vərdişləri əsasında aşkar etmək üçün aşağıdakı dəyişikliklərə diqqət yetirilir: - Xətlərin qeyri-bərabərliyi və titrəməsi Emosional gərginlik və ya stress nəticəsində xəttlər qeyri-sabit ola bilər. - Yazı təzyiqinin dəyişməsi Yazının təzyiqinin artması güclü emosional həyəcan, qəzəb və ya əsəbilik əlaməti ola bilər. Təzyiqin azalması isə yorğunluq və ya ümidsizliklə əlaqədardır. - Şriftin ölçü və formasında dəyişikliklər Əgər yazının ölçüsü və ya forması sabit deyilsə, bu, şəxsin emosional qeyri-sabitliyini göstərə bilər. - Sətirlərin və hərflərin meylinin dəyişməsi Yazının yuxarı və ya aşağı doğru əyilməsi şəxsin emosional dalğalanmalarını əks etdirə bilər. - Sözlər və hərflər arasındakı aralıqlar Həyəcan vəziyyətində aralıqlar nizamsız ola bilər, bəzən çox sıx, bəzən isə çox geniş görünür.
20. Məhkəmə məhz qeyd edilən əlamətlər əsasında iddiaçı tərəfindən təqdim edilən ərizəni nəzərdən keçirdikdə xüsusi bilik tələb etmədən belə müəyyən etmək mümkündür ki, İddiaçı vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsi ümumi yazı üslubu, qrammatik quruluşu, səliqəli tərtibatı, stilistik baxımından yüksək yazı vərdişlərini özündə əks etdirir. Belə ki, yazıda xətlərin qeyri-bərabərliyi və titrəməsi, yazı təzyiqinin dəyişməsi, şriftin ölçü və formasında dəyişikliklər, sətirlərin və hərflərin meylinin dəyişməsi müşahidə edilməməklə sözlər və hərflər arasındakı aralıqlar nizamlıdır, hətta mətnin oxunaqlığını artıqmaq üçün yazılı mətnin quruluşunda istifadə edilən abzaslar belə, eyni boşluqla tətbiq edilmişdir. Odur ki, məhkəmə ərizənin güclü emosional vəziyyətdə, emosional gərginlik və ya stress nəticəsində yazıldığı qənaətində deyil.
21. Digər tərəfdən kadrlar şöbəsinin müdiri iddiaçının bilavasitə işlədiyi şöbənin müdiri olmadığından onunla iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmamışdır. Belə olan təqdirdə, xidməti asılılığı olmayan şəxsin (kadrlar şöbəsinin müdirinin) iddiaçıya təzyiq və hədə-qorxu gəlməsi nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz.
22. Odur ki, təqdim edilən ərizənin iddiaçı tərəfindən könüllü şəkildə və iradəsinə uyğun yazıldığına dair məhkəmədə şübhə yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva