Məhkəmə qərarları › İş №2-1(112)-11385/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11385/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11385/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 08 mart 2005-ci il təvəllüdlü X3 doğum haqqında təkrar şəhadətnaməsinin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 08 mart 2005-ci ildə Bakı şəhərində doğulmuşdur. Ona Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 noyabr 2005-ci il tarixli 2601 saylı akt qeydi qeydə alınmış 1 AZ-İ N 683647 doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan şəxsiyyət vəsiqəsi alınmamışdır. Şəxsiyyət vəsiqəsinin alınması məqsədilə Daxili İşlər Nazirliyinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etdikdə ona şifahi olaraq bildirilmişdir ki, doğum haqqında şəhadətnaməsi təqdim edilməlidir. İddiaçının doğum haqqında şəhadətnaməsi itdiyindən o, doğum haqqında şəhadətnaməni təqdim edə bilməmişdir, təkrar doğum haqqında şəhadətnamənin alınması məqsədilə Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Binəqədi rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3- 16-5/7-13-777/25 saylı imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla iddiaçı yetkinlik yaşına çatdığından və şəxsiyyətini təsdiq edən sənəd olmadığından müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atası – X10, anası – X2r. Valideynlərin xx.xx.2005-ci il tarixli birgə ərizələri əsasında atalıq müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. -Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə X1 doğulmuş X4 atası hesab edilmişdir. -AR Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydi mövcuddur. İddiaçı hazıradək şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müvafiq ərizə ilə Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli məktubla iddiaçının şəxsiyyətini təsdiq edən sənəd olmadığı əsası ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə ki, hazırkı tələbin hüquqi əsasını «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. İstinad olunan Qaydaların: - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7ci bəndində göstərilənlərlə bağlı olsa da, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsi qadağan edilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etməsi üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə 260 nömrəli akt qeydi mövcuddur və Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi həmin akt qeydinin surətini məhkəməyə təqdim etmişdir. Yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Məhkəmə əlavə olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər (X5 və X7) iddiaçının İddiaçı olmasını, onun xx.xx.2005-ci il tarixdə doğulduğunu öz ifadələri ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, şahid ifadələrinin mötəbərliyi məhkəmə prosesində mühüm əhəmiyyət kəsb edir, çünki bu ifadələr hadisənin faktiki hallarının sübut olunmasına köməklik edir. İddiaçı barəsində olan məlumatları təsdiq edən şahidlərin ifadələrinin birbirinə uyğun olması, onların mötəbərlik səviyyəsini artırır. Şahidlərin hər ikisi eyni məzmunlu ifadələr təqdim edərək, eyni halları təsdiqlədikdə bu ifadələr arasındaki uyğunluq təsadüfi ola bilməz. Bununla yanaşı, şahidlərin ifadələrinin həm məzmun baxımından ardıcıl, həm də qeyd olunan hal ilə bağlı əsaslı olması onların obyektivliyinə işarə edir. Məhkəmə hesab edir ki, şahid ifadələri ilə işin faktiki hallar arasında uyğunluq müəyyən olunduğundan, şahid ifadələri də hazırki iş üzrə sübut qismində dəyərləndirilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 08 mart 2005-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı xx.xx.2005-ci il tarixdə Binəqədi rayon VVADQ Şöbəsində aparılmış 260 nömrəli doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar