Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11386/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük dəyərinə düzəliş edilməsinin qanunsuz hesab edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən idxal olunmuş 19.244,00 ABŞ dolları dəyərində olan mətbəx üçün əlcəklərin gömrük dəyərləndirilməsi barədə Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli GDD********** nömrəli Gömrük dəyərinə düzəliş (GDD-1) edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı MMC tərəfindən idxal olunmuş mətbəx üçün əlcəklərin 03. 06. 2024-cü il tarixli, PFH PFH**********076 nömrəli invoys sənədi əsasında 23.443.00 ABŞ dolları dəyərində rəsmiləşdirilməsinin cavabdehə həvalə olunması, İddiaçı MMC tərəfindən idxal olunmuş malların cavabdeh tərəfindən boşaldılmasına qanunsuz olaraq icazə verilməməsinə görə malların buraxılması tarixinədək iddiaçıya hər gün üçün vurulmuş 170 manat məbləğində zərərin cavabdehdən tutulub iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 15 fevral 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cəmiyyətin qeydiyyata alındığı tarixdən başlayaraq kommersiya fəaliyyəti ilə məşğul olur. Cəmiyyətin əsas kommersiya fəaliyyəti təmizləyici vasitələrin alış və satışını həyata keçirməkdən ibarətdir. İddiaçı ilə malların alınması və satılmasını həyata keçirmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “ X3. Sanayi A.Ş” ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Tərəflər arşında bağlanmış müqavilənin 1-ci bəndini müəyyən edən “Müqavilənin” predmeti ilə razılığa gəlmişik ki, “Satıcı” “Alıcı”nın sifarişi ilə hazırlanan invoyslardakı mallarla təmin etmək öhdəliyini öz üzərinə götürür. Başlama tarixi xx.xx.2022-ci il, qurtarma müddəti xx.xx.2024-cü il tarixinədək. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə 3 il müddətinə, xx.xx.2027-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə tərəfələrin vəzifələri, alınmış malın çatdırılması qaydaları, malların dəyərinin ödəniş qaydası və üsulu razılaşdırılmışdır. Müqavilə ilə razılaşdırılma əsasında “X3.Sanayi A.Ş” tərəfindən xx.xx.2024-cü il tarixli, 09052024 nömrəli proforma invoice sənənədi ilə göndəriləcək mətbəx və təmizlik üçün əlcək vasitələrinin ölçüləri, miqdarı, dəyəri alıcı olaraq İddiaçı MMC-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 09052024 nömrəli proforma invoice ilə göndəriləcək malın dəyərinin 23.443,00 ABŞ dolları olması bildirilmiş və göndəriləcək malın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı MMC tərəfindən YapıKredi Bank vasitəsi ilə xx.xx.2024-cü il tarixdə “Satıcı” “X3.Sanayi A.Ş”-nın bank hesabına 23.443 ABŞ dollan pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən alınacaq malın dəyəri ödənildikdən sonra “Satıcı” “X3.Sanayi A.Ş” tərəfindən xx.xx.2024cü il tarixli, PFH PFH**********076 nömrəli invoys sənədi əsasında 23.443.00 ABŞ dollan məbləğində dəyəri olan mətbəx və təmizlik üçün istifadə olunan plastik, latex əlcəkləri göndərilmişdir. İdxal olunmuş mallann Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilməsi, boşaldılması üçün xx.xx.2024-cü il tarixli, **********1657 nömrəli gömrük bəyannaməsi tərtib olunmuş və gömrük orqanına təqdim edilmişdir. Gömrük orqanına xx.xx.2024-cü il tarixli, **********1657 nömrəli gömrük bəyannaməsi təqdim olunarkən gömrük bəyannaməsinə xx.xx.2024-cü il tarixli, PFH**********076 nömrəli invoys sənədi, xx.xx.2024-cü il tarixli, ******* nömrəli mənşə serifıkatı, xx.xx.2024-cü il tarixli CMR, xx.xx.2024 tarixli ixrac bəyannaməsi, E-Fatura və alınmış malın dəyərini ödənilməsinə dair ödəniş tapşırığı əlavə olunmuşdur. İddiaçı tərəfindən Gömrük orqanına təqdim olunmuş gömrük bəyannaməsində alınmış mətbəx üçün əlcəklər s-10000 ədəd, m-40000 ədəd, İ- 40000 ədəd, S-10000 ədəd, M- 20000 ədəd, İ-20000 ədəd, 7-7,5-4000 cüt, İstehsal ölkəsi Tailand, ticarət nişanı Latex. İnvoys üzrə 1-7-ci mal mövqeyi, Yer sayı 1:90 əlcəklərin dəyəri təqdim olunmuş proforma invoice, commercial invoice sənədlərinə və ödədiyimiz pul vəsaitinə əsasən tərtib edilmiş və malların dəyərinin 23.443,00 ABŞ dollar olması bəyan olunmuşdur. “X3.Sanayi A.Ş” tərəfindən xx.xx.2024-cü il tarixli, PFH PFH**********076 nömrəli invoys ilə 10 adda mətbəxt üçün əlcəklər göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən sənədlər qəbul edilmiş, sənədlərə baxıldıqdan sonra geri qaytarılmışdır. Alınmış malların invoys sənədində malların məbləğləri ilə razılaşmamış və Latex-Plastik əlcəklərin invoys dəyərinin artırılmasım tələb etmişdir. “X3.Sanayi A.Ş” tərəfindən göndərilmiş 10 adda olan məhsulları üzrə invos dəyəri 1-7- ci qrafalar üzrə göndərilmiş məhsullar invoys dəyəri ilə, 8-10-cu qrafada üzrə göndərilmiş məhsulların invoys dəyəri gömrük orqanının heç bir hüquqi sənədə əsaslanmayan müəyyən etdiyi qiymət əsasında hesablanmışdır. İnvoysla göndərilmiş 1-7-cı sırada göstərilmiş malların ümumi dəyəri 4.199,00 ABŞ dolları, 8-10-cu sırada olan malların ümumi dəyəri 19.244,00 ABŞ dolları olmuşdur. Dövlət Gömrük orqanının işçisi tərəfindən tərtib olunmuş xx.xx.2024- cü il tarixli GDD********** nömrəli Gömrük dəyərinə düzəliş (GDD-1) sənədi ilə (31-ci qrafa) alınan mətbəx üçün əlcəklərin (8-8.5-30000 cüt, 9-9.5-30000 cüt, 10-10.5- 8000 cüt, istehsalçı ölkə Şirilanka, Ticarət nişanı “Ekonomik” İnvoys üzrə 8-9-10-cu mal. mövqeyini müəyyən) invoys dəyəri 19.244,00 ABŞ dollarından 24.276,00 ABŞ dollarına qaldırılmışdır. Yəni alınmış qeyd olunan malların invoys dəyəri 5.032,00 ABŞ dolları artırılmışdır. Malın invoys dəyərinin artırılması ilə 2.822,96 manat artıq gömrük ödənişinin aparılması iddiaçıdan tələb olunmuşdur. Gömrük orqanı tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “X3. Sanayi A.Ş”- dən alınan mətbəx üçün əlcəklərin invoys dəyərinin əsassız olaraq artırması nəticəsində Cəmiyyətdən 2.822,96 manat idxal gömrük rüsumu ödənişlərinin edilməsi tələb olunub. Cavabdeh Gömrük orqanının 2.822,96 manat idxal gömrük rüsumu ödənilməsi tələb edildiyindən və malların rəsmiləşdirilməsi prosesinin ləngidilməsi, yükün boşaldılmasına icazə verilməməsin nəticəsində Cəmiyyətə maddi zərər vurulduğundan Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi X2, Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova yazılı şikayətlər edilmişdir. Şikayətlərin araşdırılması bildirilmişdir. 20 iyun 2024-cü il tarixdən ötən müddət ərzində Dövlət Gömrük orqanı tərəfindən aparılan araşdırma qanunla müəyyən olunmuş qaydada həllini tapmadığından alınmış məhsullar nəqliyyat vasitəsi ilə birlikdə qanunsuz olaraq saxlanılmış və nəqliyyat vasitəsinin boşaldılmasına icazə verilməmişdir. Artıq 22 sutka tamam olmuşdur. Nəqliyyat vasitəsinin boşaldılmaması və yük altında saxlanmasına görə hər gün üçün 170 (100 ABŞ dolları) manat məbləğində pul vəsaiti ödəniləcəkdir. İddiaçı MMC tərəfindən alınmış malların dəyəri iddiaçı tərəfindən gömrük bəyannaməsi ilə düzgün olaraq bəyan olunmuşdur. Alınmış malın dəyəri 23.443,00 ABŞ dolları məbləğində olmuşdur. Alınan mətbəx əlcəklərinin dəyərinin 23.443,00 ABŞ dolları olması təqdim edilən sənədlərlə tam sübuta yetrilmişdir. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən iddiaçıdan tələb olunmuşdur ki, Türkiyə Respublikasından malların idxalına dair elektron Bəyannamə alınıb onlara təqdim olunarsa və həmin elektron Bəyannamə ilə aldığı malın dəyərinin 23.443,00 ABŞ dolları olması təsdiqini taparsa malların gömrükdən buraxılışına icazə veriləcəyi vəd olunmuşdur. “X3. Sanayi A.Ş” vasitəsi ilə göndərilmiş mətbəx əlcəklərinin elektron Bəyannamələri əldə edilmiş və gömrük əməkdaşlarına təqdim olunmuşdur. Elektron Bəyannamə üzərində olan “Küyar Kood” vasitəsi ilə alınan malların dəyərinin 23.443,00 ABŞ dolları olduğu müəyyən olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli etirazda bildirilmişdir ki, İddiaçı ilə malların alınması və satılmasını həyata keçirmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “X3.Sanayi A.Ş” ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə 3 il müddətinə, xx.xx.2027-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə tərəflərin vəzifələri, alınmış malın çatdırılması qaydaları, malların dəyərinin ödəniş qaydası və üsulu razılaşdırılmışdır. Müqavilə ilə razılaşmaya əsasən “X3.Sanayi A.Ş” tərəfindən xx.xx.2024cü il tarixli 09052024 nömrəli proforma invoice ilə göndəriləcək malların dəyəri 23443,00 ABŞ dolları bildirilmiş və göndəriləcək malın dəyərinin ödənilməsi tələb olunmuşdur. Müəssisə tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd olunan məbləğ “X3.Sanayi A.Ş”-nin bank hesabına 23443,00 ABŞ dolları pul vəsaiti köçürülmüş, daha sonra mallar xx.xx.2024-cü il tarixli PFH PFH**********076 nömrəli invoys sənədi əsasında 23443,00 ABŞ dolları dəyərində olan mallar göndərilmişdir. Gömrük orqanın heç bir hüquqi əsası olmadan malların dəyərini bildiriş vasitəsilə 5032,00 ABŞ dolları artırılması tələb edilmiş, bu isə əlavə olaraq 2822,96 manat artıq gömrük ödənişinin ödənilməsi istənilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır.Hazırki iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edirik ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır.
4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə mürciət edərək bildirmişdir ki, inzibati iş üzrə iddia tələbi cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən təmin edildiyindən iddia tələbindən imtana edir. Odur ki, cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva