Məhkəmə qərarları › İş №2-1(112)-11386/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11386/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11386/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş müavinətin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra mətndə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə sığortaolunan X4 (FİN: 26Y3TYL, SSN: **********187) 1 fevral 2022-ci il təvəllüdlü övladı X9 (AZ-İV seriyalı, 573925 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 11 may 2022-ci il tarixindən – 31 iyul 2024-cü il tarixini əhatə edən dövr üzrə haqq – hesab cədvəlləri daxil edilmiş və cədvəldə qeyd edilmiş məlumatlara əsasən "xxxx" ASC-nin Nəqliyyat filialındakı ******************** nömrəli hesaba ümumilikdə 982,33 (doqquz yüz səksən iki manat otuz üç qəpik) manat məbləğində müavinət ödənişə göndərilmişdir. "xxxx" QSC-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 30 avqust 2024-cü il tarixində 3-17-1/1-202922/2024 nömrə ilə qeydiyyata alınmış 29 avqust 2024-cü il tarixli 13-1/2-7992/2024 nömrəli müraciəti daxil olmuşdur. Müraciətə əlavə edilmiş AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun 14 iyul 2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 1725 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 15 may 2018-ci il tarixli 86 nömrəli sərəncama əsasən bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 28 manat müavinət ödənilir. Sözügedən cədvəldən də aydın olur ki, Ə.Əhmədov 14 iyul 2022-ci il tarixində vəfat etdiyi üçün 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 (yeddi yüz qırx səkkiz) gün üçün 888,65 manat (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) məbləğində artıq müavinət ödənilmişdir. Filial tərəfindən QSC-yə 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2- 211943/2024 nömrəli məktubla müraciət edilmiş, QSC-nin 24 sentyabr 2024-cü il tarixində 3-17-1/1-224877/2024 nömrə ilə qeydiyyata alınmış 23 sentyabr 2024-cü il tarixli 13-1/2- 8840/2024 nömrəli cavab məktubunda K.Əhmədova ilə olan əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və artıq ödənilmiş vəsaitin könüllü və ya məhkəmə qaydasında geri qaytarılması qeyd edilmişdir. Daha sonra Fond tərəfindən 21 fevral 2025-ci il tarixli 3-17- 1/2-43330/2025 nömrəli məktubla QSC-yə müraciət edilmiş, QSC-nin 29 aprel 2025-ci il tarixində 3-17-1/1-96123/2025 nömrə ilə qeydiyyata alınmış 29 aprel 2025-ci il tarixli 13- 1/2-4706/2025 nömrəli cavab məktubu ilə artıq ödənilmiş məbləğin geri qaytarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh "xxxx" QSC-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): "xxxx" QSC-nin iddia tələbinə dair yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, ADY ilə X7 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. ADY-nin Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X7 xx.xx.2022-ci il tarixindən xx.xx.2024cü il tarixinədək xx.xx.2022-ci il təvəllüdlü övladı X11 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. X7 xx.xx.2024-cü il tarixində ADY-nin Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmiş və xx.xx.2022-ci il təvəllüdlü övladı X8 xx.xx.2022-ci il tarixində vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Bundan dərhal sonra tərəflərindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 13-1/2-7992/2024 nömrəli məktubla məlumat verilmişdir. ADY-nin Sərnişin Daşımaları Departamentinin Texniki Xidmət Mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X4 xx.xx.2022-ci il təvəllüdlü övladı X11 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X14 bu faktı işəgötürəndən gizlətmiş, uşağın üç yaşınadək sosial məzuniyyətdən istifadə edərək, əmək funksiyalarının icrasına qayıtmamışdır. O, yalnız xx.xx.2024-cü il tarixində bu barədə işəgötürənə məlumat vermiş və dərhal əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. X7 xx.xx.2022-ci il təvəllüdlü övladı X8 xx.xx.2022-ci il tarixində vəfat etməsi faktını işəgötürəndən gizlətmiş, uşağa üç yaşınadək qulluqla bağlı sosial məzuniyyətdən istifadəni dayandırmamış və əmək funksiyalarının icrasına qayıtmamışdır. Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət hüququndan əsassız olaraq istifadə etmişdir. Hazırkı iddia "xxxx" QSC- yə qarşı deyil, birbaşa vətəndaş - X5 qarşı qaldırılmalı və iddia olunan məbləğ ondan geri tələb edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “AKT”da göstərilmişdir ki, Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X7 xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il təvəllüdlü uşağı X8 xx.xx.2022-ci il tarixində vəfat etdiyi barəsində insan resursları şöbəsinə məlumat verməmiş, ölüm haqqında şəhadətnaməni təqdim etməmiş və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət almışdır. "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrindən müəyyən olunur ki, sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifəsində işləyən X7 ilə əmək müqaviləsinə xx.xx.2024-cü tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsinə əsasən xitam verilmişdir. "xxxx" QSC tərəfindən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-1/2-7992/2024 №-li məktubunda göstərilmişdir ki, "xxxx" QSC Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzi Bakı vaqon deposunun 34 nömrəli istehsalat binaları xidməti sexində İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində işləyən X7 (SSN **********187, FİN 26Y3TYL) xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-ci il təvəllüdlü uşağı X11 üçün uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alıb. Bildiririk ki, xx.xx.2024-cü il tarixində Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixində X8 vəfat etdiyini bildirmiş və uşağın ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Qeyd edirik ki, X4 xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən "xxxx" QSC ünvanlanmış “Artıq ödənilmiş müavinət məbləğinin geri qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-211943/2024 №-li məktubunda göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə (bundan sonra Əsasnamə) uyğun olaraq həyata keçirilir. Tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan X4 (SSN: **********187) xx.xx.2022-ci il təvəllüdlü övladı X9 (AZ-İV seriyalı, 573925 nömrəli doğum haqqında şəhadətnamə) aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı cədvəldə qeyd edilmiş məlumatlara əsasən "xxxx" ASC-nin nəqliyyat filialındakı hesabına ümumillikdə 982,33 (doqquz yüz səksən iki manat otuz üç qəpik) manat məbləğində müavinət ödənişə göndərilmişdir. Müraciətə əlavə etdiyiniz AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən K.Əhmədovanın övladı Ə.Əhmədovun xx.xx.2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. Əsasnamənin 113-cü bəndinə əsasən uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 748 (yeddi yüz qırx səkkiz) gün üçün (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində artıq müavinətin ödənildiyi müəyyən edilmişdir. Əsasnamənin 116-cı, 119-cu və 123-cü bəndlərinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır və müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində müavinətin geri qaytarılması xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən "xxxx" QSC ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-17-1/2-43330/2025 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra – Filial) sığortaolunan X4 1 fevral 2022-ci il təvəllüdlü övladı X9 aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə ödənilmiş müavinətlə bağlı 30 avqust 2024-cü il tarixində 3-17-1/1-202922/2024 nömrə ilə qeydiyyata alınmış 29 avqust 2024-cü il tarixli 13-1/2-7992/2024 nömrəli müraciətiniz daxil olmuşdur. Müraciətə əlavə edilmiş AZ-İİ seriyalı 285321 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 övladı X8 14 iyul 2022-ci il tarixində vəfat etdiyi məlum olmuşdur. Sözügedən müraciətdən sonra tərəfinizdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan K.Əhmədovanın övladı Ə.Əhmədova aid uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 11 may 2022-ci il tarixindən – 31 iyul 2024-cü il tarixini əhatə edən dövr üzrə haqq – hesab cədvəllərinə yenidən baxış keçirilmiş və ümumilikdə 982,33 manat (doqquz yüz səksən iki manat otuz üç qəpik) müavinətin ödənişə göndərildiyi müəyyən edilmişdir. Ə.Əhmədov 14 iyul 2022-ci il tarixində vəfat etdiyi üçün 15 iyul 2022-ci il tarixindən 31 iyul 2024-cü il tarixinədək uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 24 ay 17 gün üçün 888,65 (səkkiz yüz səksən səkkiz manat altmış beş qəpik) manat məbləğində artıq müavinətin ödənildiyi məlum olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 113-cü hissəsinə əsasən uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır. Əsasnamənin sözügedən hissəsinə görə uşağın ölümünə dair məlumatlar tərəfinizdən qanununamüvafiq vaxtda təqdim edilməmişdir. Artıq ödənilmiş müavinətin geri qaytarılması üçün Filial tərəfindən 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2-211943/2024 nömrəli məktubla sizə müraciət edilmiş, 24 sentyabr 2024-cü il tarixində 3-17-1/1-224877/2024 nömrə ilə qeydiyyata alınmış 23 sentyabr 2024-cü il tarixli 13-1/2-8840/2024 nömrəli cavab məktubunuzla artıq ödənilmiş müavinətin geri qaytarılmasından imtina edilmişdir. Əsasnamənin 116 və 119-cu hissələrinə əsasən artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən geri qaytarılmalıdır və müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 888,65 manat müavinətin tərəfinizdən geri qaytarılmasını xahiş edir və bildiririk ki, artıq ödənilmiş müavinət məbləği geri qaytarılmayacağı halda sizə qarşı qanunvericiliyə uyğun olaraq məhkəmədə iddia qaldırılacaqdır. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 13-1/2-4706/2025 №-li məktubunda göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən "xxxx" QSC-yə daxil olmuş 21 fevral 2025-ci il tarixli 3-17-1/2- 43330/2025 nömrəli məktuba cavab olaraq bildiririk ki, X4 əmək müqaviləsinə xx.xx.2024cü il tarixində öz xahişi ilə xitam verildiyi üçün o, hal-hazırda ADY-də əmək münasibətlərində deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı maddəsinə əsasən əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Qeyd olunan hüquq normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehdən sonuncu tərəfindən işçisi olmuş X5 ödənilmiş 888.65 manat vəsaitin (uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə işçiyə ödənilmiş müavinətin) tutulmasını tələb edir. Qeyd edilən məbləğin tələb edilməsinin hüquqi əsası kimi iddiaçı Əsasnamənin 113-cü hissəsinə (uşaq öldüyü halda, sığortaedən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1(bir) iş günü ərzində uçotda olduğu Fondun yerli qurumuna bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır) istinad etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən halda X5 artıq vəsait ödənildiyinə görə, həmin vəsait cavabdehdən yox, həmin şəxsdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə görə:

1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir.

2. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Əsasnamənin 116-cı maddəsi artıq verilmiş müavinətin qaytarılması ilə bağlı halları tənzimləyir. Həmin normaya görə, hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. Normanın dispozisiya şərtlərindən göründüyü kimi: 1) artıq verilmiş müavinətin tutulması ilə bağlı müraciəti Fondun yerli qurumu edir; 2) vəsait sığortaedən tərəfindən tutulur: 3) məbləğ sığortaolunandan tutulur. Bu halda iki qayda müəyyən edilir. Əgər sığorta olunan həmin müəssidə işləyirsə, müəssisənin mühasibatlığı tərəfindən sığortaoluanın əmək haqqından (20 faizindən çox olmamq şəri ilə) tutulur. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Qeyd edilən normanın aydın olması üçün “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışları nəzərə yetirmək lazımdır. Həmin Qanunun: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər. Baxılan işdə sığortaçı – iddiaçı, sığortaedən – cavabdeh, sığortaolunan isə üçüncü şəxsdir. İşin mübahisələndirilməyən halıdır ki, sığortaolunan cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsəydi o zaman artıq ödənilmiş vəsait cavabdeh müəssiə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulaqcaqdı. Əsasnamənin qeyd edilən normanın tələbləri bu istiqamətdədir. Hazırda sığortaolunan X7 cavabdeh arasında əmək münasibətlərinə xitam verildiyindən, normada göstərilən ikinci qayda (yəni artıq ödənilən vəsait könüllü və ya məhkəmə qaydasında) tədbiq edilməlidir. İddiaçı hesab edir ki, bu halda həmin vəsait sığortaolunan X3 deyil, cavabdehdən tutulmalıdır. Çünki, Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. İlk növbədə vurğulanmalıdır ki, qanunvericiliyin məqsədi, artıq ödənilmiş vəsaitin məhz müəssisədən (sığortaedəndən) tutulması olsaydı, bu prinsip həm işçinin həmin müəssisədə əmək münasibətlərini davam etdirdiyi hallarda, həm də əmək münasibətlərinin bitməsi halında öz əksini tapardı. Halbuki, qanunvericilikdə bu kimi hallar arasında fərq qoyulmur və artıq ödənilmiş vəsaitin məhz ondan faydalanan şəxsdən tutulması əsas prinsip kimi qəbul edilir. Bu yanaşmanın hüquqi məntiqi ondan irəli gəlir ki, artıq ödənilmiş vəsaitin əldə edilməsi nəticəsində yararlanan şəxs işəgötürən deyil, işçidir. Belə bir vəziyyətdə həmin vəsaitin işəgötürəndən tutulması, hüququn təməl prinsiplərindən olan ədalətlilik prinsipinə zidd olar, çünki bu, bir tərəfin – işçinin əsassız zənginləşməsinə və digər tərəfin – işəgötürənin əsassız maliyyə itkilərinə səbəb olar. Hüququn məntiqi və qanunvericiliyin məqsədi isə heç bir tərəfin əsassız üstünlük və ya zərərə məruz qalmamasını təmin etməkdir. Qanunun tətbiqi zamanı ədalətlilik prinsipi ilə yanaşı, əsassız varlanma ilə bağlı hüquq norması da nəzərə alınmalıdır. Əgər qanunvericilikdə artıq ödənilmiş məbləğin yalnız işəgötürən tərəfindən qaytarılması tələb edilərsə, bu, həm də hüquq münasibətlərində balanssızlıq yarada bilər. Belə yanaşma həm hüquqi ədalətlilik prinsipinə, həm də tərəflər arasında bərabər hüquq və öhdəliklərin təmin edilməsi məqsədinə uyğun olmaz. Buna görə də, artıq ödənilmiş vəsaitin məhz həmin vəsaitdən birbaşa yararlanan işçidən tutulması qanunvericiliyin ruhuna və hüquq prinsiplərinə daha uyğun gəlir. Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Məhkəmə cavadehin həmin normaya istinad edərək artıq vəsaitin cavabdehdən tutulmalı olması barədə arqumentini əsassız hesab edərək qeyd edir ki, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyəti, intizam və ya buna əsaslar olduqda inzibati xəta və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən hal, artıq vəsaitin köçdüyü işçidən deyil, işəgötürəndən tutulması kimi təfsir edilə bilməz. Məhkəmə təkrar olaraq qeyd edir ki, qanunvericiliyin məqsədi, müəssisənin müdiriyyətinin və baş (böyük) mühasibinin müavinətlərin təyin edilməsində məsuliyyət daşımasına əsaslnaraq həmin vəsaitin işögötürəndən tutulmasına yönəlmiş olsa idi, o zaman işçi həmin müəssidə işlədiyi təqdirdə də, həmin vəsaitin işəgötürəndən tutulmasını tənzimləyərdi. Lakin normanın məzmunundan göründüyü kimi, bu qayda bu şəkildə deyil, sığortaedən (müəssisə - cavabdeh) tərəfindən, sığortaolunanın (işçinin – üçüncü şəxsin) əmək haqqındn tutulması şəklində tənzimlənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə iddia tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən iddia mümkünlük şərtini ödəmir. Məhkəmə həmin vəsaitin işəötürəndən tutulması, iddiaçı ilə sığortaolunan X7 arasında hər hansı publik müasibətlərin olmaması ilə bağlı qeyd edir ki, analoji mübahisələr üzrə, vəfat edən əmək pensiyaçısının kart hesabına artıq ödənilmiş vəsaitin onun vərəsəsindən tutulmasına dair işlərdə də analoji vəziyyət mövcud olur. Artıq vəsaiti alan şəxslə (əmək pensiyaçısının vərəsəsi ilə) pensiya orqanı arasında hər hansı publik münasibət olmur. Lakin DSMF həmin pulu mülki qaydada tələb edə bilmədiyindən yerləşmiş məhkəmə təcrübəsinə əsasən bu iddialara da inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxılır. Hazırkı işdə də, iddiaçı ilə sığortaolunan X7 arasında publik münasibətlərin olmaması, həmin vəsaitin inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə tələb etmək hüququnu istisna etmir. Çünki mübahisənin xarakteri publik münasibətdir və sosial sığorta ilə bağlı qanunvericiliyin tələbləri mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında araşdırılmalı olan məsələdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı hüquqi yardımın göstərilməli olmasına gəldikdə isə, məhkəmə qeyd edir ki, qeyd olunan hal iddianın mümkünlük şərtlərinin ödənilməsinə səbəb olmayacağı üçün belə bir hüquqi yardımın göstərilməsi məqsədə müvafiq hesab olunmamışdır. Belə ki, iddiaçı hazırki tələblə X5 qarşı məhkəməyə müraciət etməmişdən öncə, artıq ödənilmiş vəsaititn geri qaytarılması ilə bağlı sonuncuya müraciət etməli, qanunla müəyyən edilmiş müddətdə pulun qaytarılması təmin olunmayacağı təqdirdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar