Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11387/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin girovdan azad edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 07 iyun 2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi üzrə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-7371/2020 saylı Qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 apellyasiya şikayəti qismən təmin edilərək əsas borcun məbləği 257.392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları məbləğində müəyyən edilmiş, eyni zamanda cavabdeh İddiaçı münasibətdə apellyasiya şikayəti qismən təmin edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ondan əsas, faiz, cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması hissəsində və tutmanın Mənə məxsus yaşayış evinə yönəldilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. O, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən həmin qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1913/2021-ci il saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış 12 oktyabr 2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnamənin əsaslandırıcı hissəsində də həmin məsələyə istinad edilmiş, lakin qət etdi hissəsində zaminlik və ipoteka müqaviləsinə xitam verilməsi və ya həmin müqavilələrin bağlanmamış hesab edilməsi göstərilmədiyi üçün Banka ona məxsus yaşayış evini yüklülükdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəsinə imtina cavabı verilmişdir. Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsinin onunla Bank arasında imzalanmış 07 iyun 2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka və zaminlik müqaviləsinin xitamı üçün əsas olub-olmamasının izah edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-7371/2020 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Lakin bu vaxta kimi məhkəmə qətnaməsi icra edilməmiş və ona məxsus fərdi yaşayış evi girovdan azad edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən iddiaçıya hüquqi yardım göstərərək cavabdeh olaraq inzibati orqanın müəyyənləşdirilməsi, iddia ərizəsində cavabdeh qismində göstərilən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə münasibət bildirilməsini təklif etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş sayılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda isə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı) İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25) Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyü məsələsinə qiymət vermək zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırkı iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11387/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11387/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver