Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11391/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda, yəni 2021-ci ilin 27 sentyabrından etibarən (62 yaş 6 ay olduğuna görə) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx/xx/1976-cı il tarixdən xx/xx/1978-ci il tarixədək, xx/xx/1984-cü il tarixdən xx/xx/1998-ci il tarixədək və xx/xx/1998-ci il tarixdən xx/xx/2003-cü il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1984-ci il tarixədək Azərbaycan Texniki Universitetində ali təhsil almışdır. Əmək fəaliyyəti ilə məşğul olduğu dövr eləcə də, təhsil aldığı müddət də daxil olmaqla ümumi sığorta stajı 26 il 3 ay 22 gün təşkil edir. Hesab edir ki, 25 ildən artıq sığorta stajına malik olduğundan yaşa görə əmək pensiya hüququ vardır. İddiaçıya pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq SÖTMFdən aldığı 02 iyun 2023-cü il tarixli 3-17-1/2- S-125032/2023 nömrəli məktubu ilə ona pensiya təyin edilməkdən imtina edilmişdir. Həmin cavab məktubunda qeyd edilir ki, əmək fəaliyyəti dövrü o cümlədən, xx/xx/1979-u il tarixdən xx/xx/1984-cü il tarixədək təhsil aldığı dövr, eləcə də əmək kitabçasında olan digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il, 7 ay, 15 gün təşkil edir. Lakin faktiki olaraq əmək kitabçasında olan dövrlərin çəmi 21 il 7 ay 15 gün yox, 26 il 3 ay 22 gün təşkil edir. Beləliklə də əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlərin (yaş və 25 illik staj şərtləri) mövcud olmasına baxmayaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 02 iyun 2023-cü il tarixli 3-17- 1/2-S-125032/2023 nömrəli məktubu ilə ona pensiya təyin edilməkdən imtina edildi. Həmçinin cavab məktubunda göstərilmişdir ki, xx/xx/1998-ci il tarixdən xx/xx/2003cü il tarixədək Bakı şəhər Kino Xidməti İdarəsində “təlimatçı” vəzifəsində çalışmağı ilə bağlı araşdırma aparılmış və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, onun Bakı şəhər Kino Xidməti İdarəsində işləməyisinə dair heç bir fakt aşkar edilməmişdir. Bununla bağlı məlumatların Filial tərəfindən əldə edilə bilməməsi onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlədə təsdiq edilmişdir. Hesab edir ki, əmək kitabçasında öz əksini tapan əmək fəaliyyətinin arxiv sənədlərində öz əksini tapmaması onun iradəsindən asılı olmayan haldır və burada onun heç bir təqsiri yoxdur. Bu səbəbdən də göstərilən əsasdan irəli gələrək pensiya hüququnun məhdudlaşdırılması qanunsuz və qanunvericilik tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Cavab məktubunda qeyd edilən digər bir məsələ isə xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır. Bu hal isə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam həcmdə silinmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun bu normasından göründüyü kimi ona pensiya təyin edilməsi üçün pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, ya da 25 il sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasında təhsil aldığı müddət də nəzərə alınmaqla 25 ildən artıq stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədə xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz əmək kitabçası və təhsil haqqında diplomunuzun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 21 il 7 ay 15 gün təşkil edir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli № 7-5862/17 nömrəli məktubuna əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində sizin sözügedən müəssisədə işləmə faktınız aşkar edilmədiyindən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən 130,00 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220,00 manata çatdırılıb.
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iş materiallarında iddiaçıya məxsus olan xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının və 048599 nömrəli diplomun surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajı 21 il 07 ay 15 gün təşkil edir. İddiaçı əmək kitabçasında xx.xx.1998-xx.xx.2003-cü illərdə Bakı şəhər Kino Xidməti İdarəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yoxlanılması zəruri hesab edilmişdir. Lakin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 7-5862/17 nömrəli məktubuna əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində iddiaçının sözügedən müəssisədə işləmə faktı aşkar edilməmiş və həmin dövr (05 il 01 ay 25 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəfimizdən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
5. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında vətəndaş İddiaçı həmin idarədə işləməsi aşkar edilməmişdir.
6. İddiaçının təqdim etdiyi İV 048599 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq tam kursu bitirmişdir.
7. İddiaçının təqdim etdiyi əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978 (xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixinədək olan müddətdə təhsil müddətidir), xx.xx.1984-xx.xx.1998, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən bu dövrə aid olan xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək əmək kitabçasındakı Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsindəki əmək fəaliyyəti mübahisələndirilir.
8. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
11. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində sözügedən müəssisədə işləməsində daqir fakt aşkar edilmədiyindən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
18. Belə ki, iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
21. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.
22. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 64-dür. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 21 il 07 ay 15 gündür. İddiaçı əmək kitabçası qeydlərinə əsasən xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə ali təhsil almış, xx.xx.1976-xx.xx.1978, xx.xx.1984-xx.xx.1998, xx.xx.1998xx.xx.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan müddət ərzində əmək kitabçasındakı qeydə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsində əmək fəaliyyətinə cəlb edildiyini bildirir.
23. Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarəda qeyd olunan dövrlərdə təhsil aldığı və müxtəlif vəzifələrdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
25. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd - əmək kitabçası əsasında müəyyən olunur.
26. İddiaçının təqdim etdiyi sübutlar – əmək kitabçası və diplomu iddiaçının ona pensiya təyin etmək üçün tələb olunan sığorta stajının olmasını təsdiq edir.
27. İddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan müəssisənin sənədləri arasında vətəndaş İddiaçı həmin idarədə işləməsi aşkar edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
28. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
29. Beləliklə, İddiaçı 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva