Məhkəmə qərarları › İş №2-1(112)-11391/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11391/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11391/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “evə qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şossesi küçəsində yerləşən evə qeydiyyata alınma barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddianın əsaslarına görə, Binəqədi rayonu, Zəngəzur şossesində yerləşən ev iddiaçılara məxsusdur. İddiaçılar bu evdə 2007-ci il tarixindən qalmaqdadır. Hal-hazırda iddiaçılar yaşadığı evə qeydiyyata düşmək niyyətindədir. Ona görə də bu barədə ərizə ilə cavabdeh Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Lakin, cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina məktubu vermiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçılar İddiaçı1 və X1 ailəsi üzvüdür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi evə münasibətdə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, evə dair ünvan qeyri-müəyyəndir. Belə ki, onlar Binəqədi rayonu, Zəngəzur şossesi küçəsində yerləşən evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdədirlər.Odur ki, iddiaçılar arzuladıqları məqsədə nail olmaq üçün ilk növbədə ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına və həmin fərdi yaşayış evinə ünvan verilməsinə nail olmalı, daha sonra cavabdehdən onların həmin ünvana qeydiyyata alınmalarını tələb etməlidirlər. Həmçinin məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, inzibati mübahisələrə dair iş üzrə tələb konkret olmalı, qeyri-müəyyən və mücərrəd xarakter daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçılar istifadalərində olan lakin ünvanı mövcud olmayan evə qeydiyyata alınmalarını istəməkdədirlər. Arzuladıqları məqsədə nail olmaq üçün onlar ilk növbədə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin evə ünvan verilməsinə nail olmalı, daha sonra cavabdehə hazırkı tələblə müraciət edərək, məqsədlərinə nail olmadıqları təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə konkret olmayan və qeyri-müəyyən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçılara qanunvericiliyin tələbləri izah edilmiş, İPM-in 13-cü maddəsinin tələbləri baxımından yardımetmə vəzifəsi icra edilməklə, dinlənilmə hüququ təmin olunmuşdur. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şossesi küçəsində yerləşən evə qeydiyyata alınma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar