Məhkəmə qərarları › İş №2-1(112)-11392/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11392/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11392/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin texniki pasporta əlavə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi olan 1200 kv.metr torpaq sahəsinin texniki pasporta əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin texniki pasportun torpağın faktiki sahəsi hissəsinə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1, ünvan 3 ünvanında yerləşən üç daşınmaz əmlak Sovet dönəmindən mənzillər (47.40 kv.m, 38.50 kv.m, 43 kv.m) kimi qeydiyyata alınmışdır. Mənzilin də altında torpaq sahəsinin olması məhfumu nəzərdə tutulmurdu. 30 ildən çoxdur ki, həmin mənzillər və onların həyətyanı torpaq sahəsi fərdi yaşayış kimi istifadə olunur. Bununla bağlı iddiaçılar mənzillərin fərdi yaşayış evləri olduğunu məhkəmə qaydasında sübut etmişlər və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-8984/2023 saylı qəraraı ilə iddia təmin edilmişdir. Həmin qərar natamam icra olunmuş və iddiaçılara xx.xx.2024-cü il tarixli hər birini 1/2 pay hissəsi müəyyən olunmaqla həmin ünvanında yerləşən ümumi sahəsi 128.10 kv.m olan (hər üç mənzil birləşdirilərək) fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Məhkəmə qərarının icrası zamanı istifadələrində olan 1200 kv.metr torpaq sahəsi texniki pasporta əlavə edilməmişdir. Torpaq sahəsinin də texniki pasporta salınması üçün cavabdehə müraciət etsələr də, xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh hərəkətsizlik göstərir. Belə ki, texniki pasport xx.xx.2024-cü il tarixdə verilməli idi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin yerləşdiyi tikintialtı torpaq sahəsi (0,015 ha) qeyd edilmiş, iddiaçının istifadəsində olan faktiki torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman iddiaçının istifadəsində 1212 kv.metr torpaq sahəsi olduğu məlum olmuşdur. İddiaçıların nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıların hər birinin ½ hissədə payları müəyyən edilməklə paylı mülkiyyətlərindədir. Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2024cü il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən həmin ünvanda olan torpaq sahəsi sənəd üzrə 0,015 hektar, faktiki olaraq 0,015 hektar təşkil edir. İşdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8984/2022 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçıların cavabdehə qarşı iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv metr olan mənzilin və ünvan 6 ünvanında yerləşən ümumi sahələri 47,70 kv. metr və 38,50 kv.metr olan mənzillərin fərdi yaşayış evi kimi mülkiyyətlərinə verilməklə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestridən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8984/2022 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin xx.xx.2014-cü il tarixli məktubu ilə məhkməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 128.1 kv.m olan (6 otaq yaşayış sahəsi 74.8 kv.m) fərdi yaşayış evi **********21-10301 reyestr nömrəsi ilə İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) xüsusi mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi faktiki olaraq 1201 kv.metr torpaq sahəsində yerləşir. Mövcud olan fərdi yaşayış evi dövlət reyestrindən çıxarış və texniki pasporta uyğundur. Lakin istifadədə olan 1201 kv.m. torpaq sahəsi dövlət reyestrindən çıxarışda və texniki pasportda öz əksini tapmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlakın tikintialtı sahəsi (“A” literli tikili) **********21-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində göstərilən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişlər. Lakin cavabdeh tərəfindən müraciətə yazılı cavab verilməmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçılar iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilməmişdir. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3.). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4.). Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (7.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən (bundan sonra – Torpaq Məcəlləsi)

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda göstərilmişdir ki: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İşin müəyyən edilmiş hallaırndan göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların hər birinin ½ hissədə payları müəyyən edilməklə paylı mülkiyyətlərindədir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportda həm sənəd üzrə, həm də faktiki torpaq sahəsinin ölçüsü 0,015 hektar göstərilmişdir. Lakin, iddiaçı faktiki istifadəsində olan torpa sahəsinin ölçüsünün 1200 kv.metr olduğunu bildirərək həmin sahənin daşınmaz əmlakın texniki pasportunun “torpaq sahəsinin faktiki ölçüsü” hissəsinə əlavə edilməsini xahiş edir. İşdə olan mütəxəssis rəyindən də görünür ki, həmin ünvanda iddiaçının faktiki istifadəsində 1200 kv.metr torpaq sahəsi mövcuddur. Bu səbəbdən də məhkəmə həmin torpaq sahəsinin texniki pasportun “torpaq sahəsinin faktiki ölçüsü” hissəsinə əlavə edilməsində hər hansı maneə görmür. Qeyd edilməlidir ki, texniki pasport daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənəd olmaqla daşınmaz əmlak üzərində hüquq müəyyənedici sənəd deyildir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 1200 kv.metr torpaq sahəsi mövcuddur. Belə olan halda həmin sahə ölçülərinə uyğun şəkildə daşınmaz əmlakın texniki sənədində əks olunmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi olan 1200 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın texniki pasportunun “torpaq sahəsinin faktiki sahəsi” hissəsinə əlavə edilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın texniki pasportunun “torpağın faktiki sahəsi” hissəsinə əlavə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar