Məhkəmə qərarları › İş №2-1(112)-11393/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11393/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11393/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi oğlunun X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, ev 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakda qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı torpağı 1989-cu ildə almışdır. Sahəsi 0.04 ha. 1991-ci ildə həmin torpağa çıxarış almaq üçün Azərbaycan Sovet Sosialist Respublikası İcraiyyə Komitəsinin X2 müraciət edib 30/1012 saylı 17 iyun 1991-ci il tarixli çıxarış almışdır. Rəsmi qaydada torpağa çıxarış verilib. Lakin bir neçə il əvvəl bankdan pul götürmək üçün müraciət etdikdə bildiriblər ki, torpağa aid belə bir sənəd mövcud deyil. Əmlak Komitəsinə müraciətlərdən sonra bildirirlər ki, ona 1991-ci ildə verilən sənəd saxta imiş. Halbuki 1989-cu ildə torpağı alıb, orda ev tikib yaşayır. Bütün kommunal ödənişlərin hamısı adınadır. Bələdiyyəyə illik torpaq pulu da ödəyir. Ona verilən sənəd dövlət orqanı tərəfindən verilib və o, bunun saxta olmağını 30 il sonra bilmişdir. Əmlaka aid olan bütün sənədlər o cümlədən texniki pasporta kimi sənədləri mövcuddur. Sonradan bütün sənədlərini 1 saylı Əmlak İdarəsinə təqdim etmiş, vətəndaş olaraq onun bu işdə günahı olmadığını, dövlət orqanının belə bir səhv etməsini bildirsə də, nəticə olaraq torpağa çıxarış ala bilməmişdir. İddiaçının "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması" ilə bağlı müraciətinə imtina cavabı gəlmişdi. Belə ki, hər dəfə fərqlifərqli cavablar gəlir. Sonuncu bəhanə olaraq guya ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olmağı göstərilmişdir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “müraciətinizə əlavə etdiyiniz xx.xx.1991-ci il tarixli 30/1012 nömrəli Qeydiyyat vəsiqəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında aşkarlanmamışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş daşınmaz əmlaka dair hüquqmüəyyənedici və texniki sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X4 küçəsi 20) təqdim ediləcəyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.”

4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “idarənin arxivində tərəfinizdən təqdim edilən xx.xx.1991-ci il tarixli, 30/1012 nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə təqdim edilən texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, ev 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi deyil, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, “2q” saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində iddiaçı tərəfindən təqdim edilən xx.xx.1991-ci il tarixli, 30/1012 nömrəli qeydiyyat vəsiqəsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi ilə təqdim edilən texniki pasportda qeyd edilən torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.

6. İş materiallarında olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invantarizasiya və qiymətləndirilməsinə aid Pasport”a əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi olaraq qeyd olunmuşdur. Pasporta əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. olaraq (bütün həyət tikililərinin və hasarın sahəsi 90.6 kv.m.) göstərilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “qeyd olunan ünvana dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə” məktubda qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş texniki pasport haqqında idarənin arxivində məlumat aşkar edilməmişdir.

8. 30.05.2023-cü il tarixində tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunur: Torpaq sahəsi 3 tərəf qonşu, 1 tərəf yoldur. Yaşayış evinə bitişik əlavə S.t.a =54.8 kv.m sahə, 26.6 kv.m yardımcı sahə inşa olunmuş və 48.0 kv.m talvar quraşdırılmışdır. Torpaq sahəsinin qismən konfiqurasiya fərqi vardır, təqdim edilmiş texniki pasportda 351.3 kvşm qeyd olunub, faktiki 359.4 kv.m-dir. Torpaq sahəsinin yaxınlığından və daxilindən yerüstü kommunikasiya xətləri keçmir, baş plan tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

21. Qeyd olunmalıdır ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzilkommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq İddiaçı adına Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən həyətin ümumi sahəsi 351.3 kv.m. (bütün həyət tikililərinin və hasarın sahəsi 90.6 kv.m.) olaraq göstərilmişdir.

23. Hazırkı işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, İddiaçı adına rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsi ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir.

24. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur.

25. Cavabdeh tərəfindən qeyd olunan ünvan ilə bağlı İddiaçı adına ilkin texniki pasportun tərtib edilməsinə dair məlumat (sənəd) aşkar edilmədiyi qeyd olunsa da, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sənədin əslinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir, pasport notarial qaydada təsdiq edilmişdir. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən sənədin arxiv nüsxəsinin mövcudluğunun müəyyən olunmaması daşınmaz əmlakın İddiaçı xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün maneə hesab edilə bilməz.

26. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.

27. İddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar