Məhkəmə qərarları › İş №2-1(112)-114/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-114/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-114/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin qanuni nümayəndəsi X1 və cavabdehin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 45777,97 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 45777,97 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 45900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 45806,93 manat borcuna görə 45900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 45777,97 manat, Dövlət Sosial Müdafiə Fonduna 45777,97 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat 2- 1(112)-976/2022 saylı inzibati iş yekunlaşa kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, həmçinin bildirdi ki, hazırda siyahıya alınmış daşınmaz əmlakın real bazar qiyməti iddiaçı tərəfindən müəyyən olunan məbləğdən daha yüksəkdir. Cavabdehin borcun təmin edilməsi üçün siyahıya alınmış əmlakdan digər əmlakları da var. Bununla bağlı müstəqil qiymətləndiricinin rəyi məhkəməyə təqdim edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, cavabdeh xx.xx.1988-ci ildə dövlət qeydiyyatına alınmış, halhazırda ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2022-ci il tarixinə 1 150,36 manat vergi borcu olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi cavabdehin mülkiyyətindədir. İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən cavabdehə məxsus 45 900 AZN dəyərində daşınmaz əmlak vergi borcunun ödəniməsinin təmin edilməsi məqsədilə iddiaçı tərəfindən siyahıya alınmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək vergi borcunun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakının satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixl məlumatında tədqiqat obyekti ekspert baxışına təqdim edilmədiyi üçün ekspertin keçirilməsindən imtina edilmişdir. İddianın mümkünlüyü: İPM-də göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (2.1). Mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır (2.2.7). Göründüyü kimi iddiaçı cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün onun siyahıya alınmış əmlakının satılmasını xahiş edir. Tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur (23.1.6). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (89.1.). Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir (89.2.). Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər (89.3.). Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir (89.10.). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (90.1.). Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin faktiki hallarından görünür ki, vergi ödəyicisinin qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə onun mülkiyyətində olan əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixinə kimi yaranmış, tələbetmə müddəti ötmüş 45806,93 manat ümidsiz borcun silinməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-560/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi cavabdehin 45806,93 manat vergi borcunun olması iş materialları ilə təsdiq edilir. Cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, onun iddiaçı tərəfindən siyahıya alınmış əmlakı, yəni ünvan 1 ünvanında yerləşən əmlak kompleksi iddiaçı tərəfindən 45900 manat dəyərində qiymətləndirilsə də, həmin əmlak kompleksinin dəyri bundan qatqat yuxarıdır. Eyni zamanda cavabdehin siyahıya alınması mümkün olan digər əmlakları da vardır. Bununla bağlı məhkəmə qeyd edir ki, siyahıya alınma barədə protokolda əmlakın hansı dəyərdə göstərilməsindən asılı olmayaraq əmlakın qiymətləndirilməsi onu satan orqan tərəfindən hər bir halda qiymətləndirilməlidir. Yəni, əmlakın satışını həyata keçirən orqan onun siyahıya alınma barədə protokolda göstərilən qiymətindən asılı deyildir. Eyni zamanda məhkəmə tərəfindən əmlakın real qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin əmlaka baxış keçirilməsinə şəriat yaradılmadığı üçün ekspert rəy verməkdən imtina etmişdir. Buradan belə çıxır ki, cavabdeh həmin əmlakın mülkiyyətçisi olmaqla əmlakın qiymətləndirilməsində maraqlı olmamışdır. Cavabdehin digər əmlaklarının mövcudluğuna gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin özünün də bildirdiyinə görə onun borcunun yönəldilə biləcək digər əmlakları mövcuddursa, o həmin əmlakları siyahıya alınma üçün təklif edə və daha dəyərli olan əmlakına borcun yönəldilməsinin qarşısını ala bilərdi. Yaxud cavabdeh mövcud olan vergi borcunu ödəyərək, siyahıya alınmış əmlakının satılmasının qarşısını ala bilər. Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 45777 (qırx beş min yeddi yüz yetmiş yeddi) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakı (ünvan 1 ünvanında yerləşən əmlak kompleksi) satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğ vergi borcunun ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar