Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11408/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinə qarşı “əmək haqqının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Binəqədi rayonu Xocasən bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən Bələdiyyəsində qalmış son əmək haqqı hesabının, 01 fevral 2013-cü il tarixdən 22 yanvar 2019-cu il tarixə kimi qalmış məzunuyyətlərinin və ona çatası məzuniyyət ödənişlərinin gecikdirilməsinə görə əlavə faizlərin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 01 fevral 2013-cü il tarixdən Binəqədi rayonunun Xocəsən Bələdiyyəsində hüquqşünas vəzifəsində işləmiş, işlədiyi müddətdə məzuniyyətə buraxılmamışdır. 05 yanvar 2019-cu il tarixdən rəhbərlik tərəfindən ona qarşı yad münasibət olmuş, buna baxmayaraq üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir. 21 yanvar 2019-cu il tarixdə bələdiyyənin sədri onu qəbul otağına çağrıb onunla işləmək istəmədiyini bildirmiş, 22 yanvar 2019-cu il tarixdə bələdiyyə qulluqçularının iclasını keçirən zaman isə heç bir irad və qusur bildirmədən ümumi şöbənin müdirinə bildirmişdir ki, onu işdən azad edir. İclasdan sonra ümumi şöbənin müdirinin otağına gedib Azərbaycan Respublikasının Əmək Məcəlləsini 69-cu maddəsinin 6-cı bəndinə əsasən ona məzuniyyətlərinin verilməsi və həmin müddət qurtardığı gündən sonra əmək müqaviləsinin pozulması barədə ərizə yazmışdır. İşlədiyi müddətdə həmişə üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirmiş, heç bir xəbərdarlıq almamış, işdə heç bir qüsurlara yol verməmişdir. Bələdiyyənin maliyyə vəziyyəti zəif olduğu üçün rəhbərlik və şəxsən baş mühasib ondan xahiş etmişdir ki, işçilərə əmək haqqı verilən vaxt onun da əmək haqqı hissə-hissə, yəni bir aylıq əmək haqqı civarında kartına yüklənəcəkdir. 2019cu ilin fevral ayında 2018-ci ilin dekabr ayının əmək haqqını almışdır. Ona məzuniyyətdə olduğu dövrdə rəsmi olaraq bələdiyyə tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada onun yerinə işçi götürülməsi barədə heç bir şifahi və yazılı rəsmi məktub, çağrış göndərilməmişdir. O, 28 iyun 2019-cu il tarixdə rəsmi olaraq 23 yanvar 2019-cu il tarixdə yazdığı ərizəsini geri götürməyi barədə bələdiyyəyə ərizə yazıb rabitə vasitəsi ilə xəbərnamə göndərmiş, rəsmi olaraq ərizəsi qəbul edilmiş, lakin bu günə kimi ona heç bir cavab verilməmiş, Əmək Məcəlləsinin müvafiq maddəsinə əməl olunmamışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə kimi Xocəsən Bələdiyyəsinin rəhbərliyi tərəfindən onun müraciətlərinə baxılmamışdır. 07 iyun 2024-cü il tarixdə təkrar olaraq Xocəsən Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir, rəhbərlik tərəfindən onun ərizəsinə bu günə kimi cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia ödənilməmiş məzuniyyət haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 07 nömrəli, xx.xx.2013-cü il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən 3 ay sınaq müddətinə «Ümumi şöbə»də hüquqşünas vəzifəsinə təyin edilmişdir. Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 21 nömrəli, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinə əsasən xx.xx.2019-cu il tarixindən xitam verilmişdir. İddiaçı hazırda onun əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilmədiyini bildirməklə həmin vəsaitin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 2.Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. - Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, məzuniyyəti, pensiyası və digər sosial təminatları Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: - Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. - Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. - Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. - Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. - Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İstinad olunan normalardan görünür ki, bələdiyyə qulluqçularının əmək münasibətlərinə dair məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsi isə pul və digər əmlak məsələləri ilə bağlı mübahisə üzrə işçinin tələb hüququnu 1 illik müddətlə məhdudlaşdırmışdır. İşdən görünür ki, iddiaçı ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə vermiş, həmin ərizə əsasında xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin vaxtdan ona son haqq-hesabın və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilmədiyini bilmiş, lakin 4 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, bu zaman müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansi bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı bələdiyyə qulluqçusu kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona ödənilməmiş son haqq-hesabın və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova