Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11410/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsinin qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsinin qeydə alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 may 2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən “X8” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, İC4JJXP6XNW21 8018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı nəqliyyat vasitəsini X1 almış və bununla bağlı ona BB413211 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin nəqliyyat vasitəsi ilk dəfə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 19 yanvar 2023-cü il tarixli rəyi ilə, **********2836 AMBGİ gömrük vəsiqəsi əsasında 23 yanvar 2023-cü il tarixində BDYPİ-si tərəfindən X5 adma qeydiyyata alınaraq AA000000 uçot vərəqəsi üzrə avtomobilə ilkin olaraq VNS972TR23 dövlət tranzit qeydiyyat nişanları təhkim edilmişdir. Daha sonra, 25 may 2023-cü il tarixində X5 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə BB412024 nömrəli qeydiyyat şəhadətnaməsi verilməklə, **-GR-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. Yaranmış zərurətlə bağlı olaraq avtomobili təkrar qeydiyyat hərəkətləri aparılması üçün 29 may 2024-cü il tarixində BDYPİ-nə müraciət edilmişdir. Orada avtomobilin texniki baxışı aparılan zaman avtomobilin interpol üzrə axtarışda olması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovniki X6 araşdırma apararaq müəyyən etmişdir ki, “X8” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 avqust 2022-ci il tarixində Kanadadan oğurlanmış, interpol üzrə axtarışda olması faktı isə yalnız 13 fevral 2024-cü il tarixində avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Vicdanlı alıcı hesab olunaraq iddiaçının və qeyrilərinin hərəkətlərində cinayət tərkibi olmadığına görə İ.B.Şirinov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyun 2024-cü il tarixli qərar qəbul etmişdir. “X8” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsinə kömək göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev 04 iyul 2024-cü il tarixli məktubunda bildirib ki, həmin nəqliyyat vasitəsinə dair AR DİN Baş X11 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətləri aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı, etibarnamə əsasında idarə edən X2 və qeyrilərinin «X8» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövlətindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, mübahisəli məsələlər həll olunana qədər avtomobil Azərbaycan Respublikası daxilində istismar edilməsi üçün X3 təhvil verilməsi və avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə ona xəbərdarlıq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən «X8» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və iddiaçıya qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İnterpolun Baş Katibliyinin məlumatına əsasən, VİN: 1C4JJXP6XNW218018 olan, göy rəngli “FCA US LLC WRAN” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissə. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı avtomobilin mülkiyyətində olduğunu, bu səbəbdən də cavabdehin hərəkətlərinin hüquqlarını pozduğunu bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati İcraat Haqqında Qanunun” 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan avtomobilin oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtonəqliyyat vasitəsi Kanadada oğurlanmış və 13 fevral 2024-cü il tarixində təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məcəllənin tələbindən də göründüyü kimi oğurluq halında vicdanlı alıcı halı istisna edilir. Hazırki əmlakın da təqdim edilən məlumatdan da göründüyü kimi oğurlandığı müəyyən olunduğundan, həmin əmlaka münasibətdə vicdanlı əldə etmədən söhbət gedə bilməz. Beləliklə, məhkəmə qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilən avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilməsi, həm beynəlxalq hüquqi öhdəliklər, həm də mülki hüquq prinsipləri baxımından qanunauyğun və əsaslı hesab edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11410/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11410/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver