Məhkəmə qərarları › İş №2-1(112)-11412/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11412/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11412/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının qanuni nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Mehdiyev X10 rayonundan məcburi köçkün olmaqla Bakı şəhərində məskunlaşmışdır. X2 xx.xx.2006-cı il tarixdə ailə qurmuş və bu nikahdan xx.xx.2006-cı il tarixdə İddiaçı1 adlı övladı doğulmuşdur. O, məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Lakin hazıra kimi müraciət etsə də, övladına məcburi köçkün vəsiqəsi vermirlər.Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X11 Üzrə Dövlət Komitəsi övladlarına məcburi köçkünlüklərini təsdiq edən vəsiqəni verməkdən imtina edirlər. Səbəb isə göstərirlər ki, həyat yoldaşı X3 Bakı şəhəri,Nizami rayonu, Naxçıvanski küçəsi, ev-38, mənzil-115-də qeydiyyatda olmasıdır. Ona görə də mən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) qeyd edilmişdir ki, İddiaçı1 sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı2 iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, həyat yoldaşınız X4 qeydiyyatı hal-hazırda ünvan 1 ünvanında olduğundan övladınız X5 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir”. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1 atası İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Mehdiyev X10 rayonu, Muğanlı ərazi dairəsi, Muğanlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı1 anası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 anası X4 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Nizami rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azerbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının anası X3 qeydiyyatı ünvan 4 ünvanında olmasına görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlara əsasən Xocavənd RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası İddiaçı2 xx.xx.1981-ci ildə ünvan 5ində doğulmuşdur. Yaşayış yeri ünvan 5i ünvanıdır. -ASAN 3 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının, Masis rayonunda doğulmuşdur. Yaşayış yeri ünvan 4 ünvanıdır. - xx.xx.2006-cı il tarixli, 263343 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X7 arasında nikah bağlanmışdır. -ASAN 3 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2i ünvanıdır. -ünvan 7iyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, iddiaçı məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinət almır. X1 rayon sakini deyil və müavinət almır. Atası İddiaçı2 isə 1993-cü ildən aylıq müavinətlə təmin olunur və hal-hazırda 33 manat aylıq müavinət alır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının atası İddiaçı2 məcburi köçkün statusuna malikdir, onun qeydiyyatı işğal altında olmuş Xocavənd rayonunadır, Bakı şəhərində müvəqqəti məskunlaşaraq yaşayır. İddiaçının atasına məcburi köçkünlərə ödənilən müavinət verilir, iddiaçıya isə həmin müavinət ödənilmir. İddiaçının atası qızı İddiaçı1 məcburi köçkün adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”n 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; ... 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırkı işdə cavabdehin imtina məktubuna və iddia ərizəsinə dair etirazına əsasən müəyyən olunur ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon (şəhər) olmadığı əsas gətirilərək iddiaçı – İddiaçı1 məcburi köçkün statusu verilməsini mümkün hesab etmir. Məhkəmə hesab edir ki, qeyd olunan əsasla cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunması Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının atası İddiaçı2 məcburi köçkün statusuna malik olmaqla, məcburi köçkünlərə ödənilən müavinət alır. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndi tətbiq edilməklə, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayona (şəhərə) olmadığı əsas gətirilməklə müavinətdən məhrum olması onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə ki, Konstitusiyada nəzərdə tutulmuş bərabərlik hüququnun tələbləri baxımından yanaşıldıqda məcburi köçkün düşmüş atası ilə birlikdə bir ünvanda yaşayan iddiaçının böyüməsi və təhsil alması məhz ailə başçısı olan məcburi köçkün atasının maliyyə vəziyyətindən asılıdır. Başqa sözlə, məcburi köçkün atasının həyat şəraiti ondan yan keçməmiş, hal-hazırda da davam etməklə iddiaçının həyat tərzinə kifayət qədər öz təsirini göstərir. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, məcburi köçkün statusuna malik olan atası ilə birlikdə bir ünvanda yaşayan İddiaçı1 məcburi köçkün statusunun verilməsindən imtina edilməsi Konstitusiyanın qeyd olunan tələblərinə uyğun deyil. Belə olan halda, cavabdehin imtinası qanunazidd sayılmalı və iddia tələbi təmin edilərək iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar