Məhkəmə qərarları › İş №2-1(112)-11413/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11413/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11413/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus “AUDİ Q7” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yerləşən “European Cars” avtosalonundan “AUDİ Q7” markalı, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, tünd göy rəngli avtomobili almış və Baş X1 İdarəsində qeydiyyatdan keçirmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı həmin avtomobil ilə qəzaya düşmüşdür. Qəza rəsmi qeydiyyata alınmış, araşdırma aparılmışdır. Avtomobil elə həmin avtosalonda təmir edilmiş, təmir olunandan sonra da özü idarə etmişdir. Avtomobilin bank ödənişləri başa çatdığı üçün yeni qeydiyyat şəhadətnaməsi almaq niyyəti ilə iddiaçı cavabdeh orqana müraciət etmişdir. Orada avtomobilə texniki baxış keçirilmiş və avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması bildirilməklə qeydiyyat aparılmamışdır. Məlum olmuşdur ki, avtomobil təmir edilərkən avtomobil boyanmış və boya işləri aparılan zaman ban nömrəsi dərinliyi dolduğu üçün sonradan kənar əşya ilə hərflər təmizlənmişdir. Bundan sonra Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi tərəfindən məsələ ilə bağlı araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, avtomobilin izlənilən detalları üzərində olan nömrələr zavod üsulu ilə vurulmuşdur və bir-biri ilə eynilik təşkil etməklə tamamlanmaqdadır. Bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubunda ban nömrəsinin qeyri-zavod üsulu ilə olmasını göstərərək iddiaçının müraciətini təmin etməmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ********** nömrəli təmir kartına əsasən İddiaçı “AUDİ Q7” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı, WAUZZZ4M6JD045319 ban nömrəli avtomobilin ön sağ tərəfdən vurulması səbəbindən müraciəti əsasında təmir kartı xx.xx.2021-ci il tarixdə açılmış, xx.xx.2021-ci il tarixdə bağlanmış və avtomobil hazır olunaraq həmin tarixdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 005-14134- 1222 nömrəli məktubda bildirilmişdir ki, «Audi Q7» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı, universal tipli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, tünd göy rəngli, 2018-ci il buraxılışlı avtomobilin ban nömrəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti sizə göndərilməklə izah olunur ki, qərardan narazı qaldığınız halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüquqnuz vardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 005-20735-1222 nömrəli məktubunda bildirilmişdir ki, «Audi Q7» minik markalı **-TO-*** dövlət nömrə nişanlı avtomobillə bağlı toplanmış material üzrə qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın təsdiq olunmuş surəti göndərilir. Eyni zamanda nəzərinizə çatdırılır ki, qəbul edilmiş qərar ləğv edilməyib hazırda qüvvədədir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin 21 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 005-23849-1222 nömrəli məktubu ilə göndərilmiş «Audi Q7» minik markalı **-TO-*** dövlət nömrə nişanlı avtomobillə bağlı toplanmış materialın təsdiq olunmuş surətindən görünür ki: - AR DİN BDYPİİ Qİİ tərəfindən 11 iyun 2022-ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin texniki müayinə aktına əsasən İddiaçı məxsus olan “AUDİ Q7” markalı, **-TO- *** dövlət qeydiyyat nişanlı, AD seriyalı 519020 nömrəli qeydiyyat şəhadətnaməli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, universal tipli, 2018-ci il buraxılışlı minik avtomobilində texniki nasazlıq kimi ban nömrəsi qeyri-zavod üsulu ilə vurulması aşkar olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 021-6528-1222 nömrəli məktubda qeyd edilmişdir ki, məktubunuzda qeyd olunan nəqliyyat vasitəsinə məxsus VİN və mühərrikin nömrəsinin axtarışda olması barədə İNTERPOL-un «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/874a nömrəli tədqiqat haqqında arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 005-13496-1222 №-li 17 iyun 2022-ci il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar İdarəsinə «Audi Q7» markalı, 10-ТО-109 dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Təqdim edilən «Audi Q7» markalı, 10-ТО-109 dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? «Audi Q7» markalı, 10-ТО-109 dövlət qeydiyyat nişanlı avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o tünd göy boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «*WAUZZZ4M6JD045319*» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş «*WAUZZZ4M6JD045319*» hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə yapışqan kağız üzərində olan birka aşkar edildi. Həmin zavod lövhəsinin üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsini göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər olan hissəsi 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsinin göstərən hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Sonra avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi olması nəzərdə tutulan hissəyə baxış zamanı həmin hissədə lövhə üzərində ban nömrəsinin göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər aşkar edildi. Həmin ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fonar vasitəsilə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «CYR 064610» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş mühərrik nömrəsində olan «*CYR 064610*» hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Tədqiqata avtomobilin «AD-519020» nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Şəhadətnamənin birinci üzündə avtomobilin qeydiyyat nişanları: **-TO-***, marka, model: Audi Q7 minik, tipi: universal, buraxılış ili: 2018, mühərrik nömrəsi: CYR064610, ban nömrəsi: WAUZZZ4M6JD045319, rəngi: tünd göy, ikinci üzündə isə şəhadətnamənin verilmə tarixi, verən orqan və avtomobil sahibi haqqında məlumatlar vardır. «Audi Q7» markalı, 10-ТО-109 dövlət qeydiyyat nişanlı avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə, aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: «Audi Q7» markalı, 10-ТО-109 dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «*WAUZZZ4M6JD045319*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi üzərində avtomobilin ban nömrəsini göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş mühərrik nömrəsində olan «*CYR 064610*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-80883-1222 nömrəli məktubda bildirilmişdir ki, “AUDİ Q7” markalı 10-ТО-109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildirilir ki, qeyd olunan “AUDİ Q7” markalı 10-ТО-109 nəqliyyat vasitəsinin ban nömrəsinin qeyrizavod üsulu ilə olması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı «Audi Q7» markalı, universal tipli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, tünd göy rəngli, 2018-ci il buraxılışlı avtomobili «European Cars» avtomobil salonundan almış, avtomobil birinci dəfə 2019-cu il tarixdə qeydiyyata alınmış, avtomobilə **-TO-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Avtomobilə 11 iyun 2022-ci il tarixdə BDYPİ-də texniki baxış keçirilən zamanı avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmiş və bu səbəbdən də təkrar qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilməlidir ki, qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban üzərində stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Avtomobilin zavod lövhəsi (birka) avtomobilin ban nömrəsi olduğu halda ban nömrəsi göstəricilərini eyniləşdirməklə təkraredici göstəricidir. Bu halda zavod lövhəsi üzərində olan göstəriciləri avtomobilin stasionar göstəricisi ilə eyniləşdirmək mümkün deyildir. Qeyd edilən halları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq avtomobilin izlənilən detallarında müdaxilə edilmədiyi, avtomobilin izlənilən detalları üzərində olan nömrələrin zavod üsulu ilə vurulduğu və bir-biri ilə eynilik təşkil etməklə tamamladıqları, avtomobilin və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar olunmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Belə ki, qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, «Audi Q7» markalı, universal tipli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli avtomobilin sənədlərindən görünür ki, avtomobil 2018-ci il buraxılışlı olmaqla 04 ildir ki, istismardadır. Avtomobil 2019-cu il tarixdə dövlət qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil qabaq sağ tərəfindən vurulmuş, təmirdən sonra avtomobillə bağlı təkrar qeydiyyat hərəktləri aparılarkən keçirilən ekspertiza tədqiqatı zamanı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «*WAUZZZ4M6JD045319*» hərf və rəqəmlərin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu müəyyən edilmişdir. Bundan əlavə avtomobilin ban nömrəsi həkk vurulması nəzərdə tutulan hissədəki ban nömrəsi ilə avtomobilin digər hissələrində olan ban nömrələri ilə eynilik təşkil edir. Belə ki, avtomobilin zavod lövhəsi üzərində avtomobilin ban nömrəsini göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu, avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən «WAUZZZ4M6JD045319» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterik olduğu müəyyən olunmuşdur. Eyni zamanda avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş mühərrik nömrəsində olan «*CYR 064610*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu təsdiq olunmuşdur. Qeyd edilməlidir ki, mübahisə predmeti olan avtomobilin ilkin qeydiyyatı zamanı qeydiyyat şəhadətnaməsindəki ban nömrəsi ilə təkrar qeydiyyat zamanı müəyyən olunan ban nömrəsi ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə mübahisə predmeti olan avtomobilə məxsus VİN və mühərrikin nömrəsinin axtarışda olması barədə İNTERPOL-un «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Göründüyü kimi avtomobilin ban nömrəsi əks olunmuş hissəyə hər hansı müdaxilə olunduğu, ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması öz təsdiqini tapmamışdır. Beləliklə, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Audi Q7» markalı, **- TO-*** dövlət qeydiyyat nişanlı, universal tipli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, tünd göy rəngli, 2018-ci il buraxılışlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. «Audi Q7» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı, universal tipli, CYR064610 mühərrik nömrəli, WAUZZZ4M6JD045319 ban nömrəli, tünd göy rəngli, 2018-ci il buraxılışlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar