Məhkəmə qərarları › İş №2-1(112)-11415/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11415/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11415/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.09.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Xidmətinin çox hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona 09.07.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə 30.07.2021-ci il tarixə kimi dəfələrlə, 30.07.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 Heyyətinin sədrinin müavininin cavab məktubu şəxsi kabinetə yerləşdirilərək “0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir" kimi qeydlər aparılmışdır. 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək iddiaçının elektron şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmişdir, bu barədə o məhkəməyə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də o cavabdehə dəfələrlə müraciət etmişdir. Hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 10.09.2021-ci tarixdə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur. İddiaçı 25.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun işirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, İddiaçının əlilliyi 0280003AAFMA nömrəli göndəriş əsasında 12.10.2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 12.10.2021-ci ilə kimi müəyyən edilmişdir. İddiaçının əlilliyi 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 09.07.2026-cı ilə kimi müəyyən edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və digər dövlət orqanlarına müraciət edərək, elektron sistemdə ona qarşı edilən saxtakarlığın təcili bərpa edilməsinə göstəriş verilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 09.07.2021-ci il tarixdən müddətsiz əlillik təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. İddiaçı hazırda həmin müraciətinin cavablandırılmadığını iddia edərək ona yazılı cavab verilməsini xahiş edir. Lakin işdən görünür ki, iddiaçı özü iş materiallarına müraciətinin cavablandırılması barədə məktubu əlavə etmişdir, hansı ki orada qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyəti Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın 0280003AAFMA nömrəli göndərişi əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı həmin məktubun üzərində 13 ədəd bu kimi cavab verilməsi barədə qeyd aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.3-cü yarımbəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanununun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, o, təyin edilmiş əlilliyin müddəti və səbəbli əlaqəsinin dəyişdirilməsi ilə razılaşmamış, bununla bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciəti cavabdehin tabeliyində olan səlahiyyətli qurum tərəfindən cavablandırılmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı qaldırmaqla ona verilən cavabın yazılı formada təqdim edilməsi və poçt vasitəsilə göndərilməsinə nail olmaq istəyir. Lakin yuxarıda istinad olunan normalardan görünür ki, qanunverici inzibati orqanın müraciətə cavabı mütləq poçt vasitəsilə təqdim etmək öhdəliyini müəyyən etməmiş, inzibati icraat nəticəsinin birbaşa elan edilmə, poçt və ya elektron üsulla təqdim edilmə və ya dərc edilmə yolu ilə maraqlı şəxsə bildirilməsini müəyyən etməklə, hansı üsulun seçilməsi ilə bağlı inzibati orqana mülahizə sərbəstliyi vermişdir. Bundan başqa, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etsə də, onun belə bir istəklə cavabdehə müraciət etməsi, yəni cavabdehdən onun müraciətinə poçt ünvanı vasitəsilə yazılı cavab verilməsini xahiş etməsi müəyyən olunmur. İş materiallarından o da müəyyən olunur ki, iddiaçı cavabdeh orqana etdiyi müraciətə uyğun olaraq həmin tələblə məhkəməyə də müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərarı ilə iddiası təmin edilərək onun - İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, iddiaçı artıq cavabdehə müraciət edərkən mövcud olan hüquqi marağına uyğun iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciəti təmin edilərək iş üzrə üzrə müvafiq məhkəmə qərarı da qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar