Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11417/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəb əlaqəsinin hərbi xidmət dövründə alması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X4 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəb əlaqəsinin hərbi xidmət dövründə alması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletin 18-ci səhifəsinin “Xüsusi qeydlər” adlanan 17-ci hissədə olan qeydə əsasən iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında (30 km məsafədə) iştirak etmişdir. Əsas: N nömrəli hərbi hissənin xx.xx.1986-cı il tarixli 160 nömrəli arayışı və A- 3193 nömrəli Çernobıl AES qəzası iştirakçısı vəsiqəsi; Möhür və imza var. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli 4123 nömrəli Ekspert rəyinə əsasən “Xəstəlik hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanma ilə əlaqədardır.” rəyi verilmişdir. İddiaçının əlillik vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixdə qiymətləndirilmiş və ona ÇAES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Məlumat vərəqəsinə əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı onun xəstəliyinin şəhadətləndirilməsi və müvafiq qərarın verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasına (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...sizin hərbi xidmətkeçmə haqqında arayışınızda qeyd olunan N nömrəli hərbi hissə Rusiya Federasiyasının Müdafiə nazirinin 27 mart 2003-cü il tarixli 88 nömrəli əmrinə 1 nömrəli qoşmada 1986-cı il tarixdən 1990-cı il tarixədək Çernobıl AES-nın 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak edən hərbi hissələrin siyahısında aşkarlanmadı.” Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikası Qaçıqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün olan İddiaçı ünvan 1 ünvanında faktiki olaraq məskunlaşmışdır. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyin səbəb əlaqəsinin hərbi xidmət dövründə Çernobil AES-nın 30 km-lik zolağı daxilində xidməti vəzifələrini yerinə yetirərkən məruz qaldığı radioaktiv şüalanma ilə əlaqədar olması barədə qərarın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətin səbəb əlaqəsinin «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» kimi şəhadətləndirilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi 28559 №-li Hərbi hissədə hissənin Yoldaşlıq Məhkəməsinin sədri, Komsomol komitəsinin üzvü kimi ictimai işlərdə fəal iştirak etmiş, baş çavuş olaraq bölmə komandirinin müavini vəzifəsini daşımışdır. Ukrayna SSR-nin Pripyat şəhəri yaxınlığında X3 stansiyasında baş verən qəza ilə əlaqədar Hərbi hissə tərəfindən fəlakət zonasına ezam olunmuşdur. xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixədək Çerniqov vilayətinin qəza zolağının 30 km-lik sahəsində yaradılmış Komendant bölüyündə xidməti vəzifəni yerinə yetirmişdir. xx.xx.1986-cı ildə Sovet ordusu sıralarından tərxis olunmuşdur. Laçın rayonunda Rus dili və ədəbiyyatı müəllimi, Azərbaycan LKGİ Laçın rayon Komitəsində Komsomol Təşkilatları şöbəsinin müdiri, sonradan Laçın Rayon Polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışmışdır. xx.xx.2006-cı ildən Çernobil AES-də hərbi xidmət dövründə xidməti vəzifələrini yerinə yetirərkən məruz qaldığı radiaktiv şüalanma ilə əlaqədar olaraq ikinci dərəcəli əlildir. DİN-nin müharibə veteranı, pensiyaçısıdır. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. Pensiya təyinatı Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsi tərəfindən hesablandığı və ikinci dərəcəli əlil vəsiqəsi bu Nazirlik tərəfindən verildiyi üçün xəstəliyinin səbəb əlaqəsinin şəhadətləndirilməsi və müvafiq həkim komissiyasının qərarını əldə etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəliyinin məruz qaldığı radioaktiv şüalanma ilə səbəb əlaqədar olması barədə verəcəyi qərarın vacib olduğunu ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin həkim ekspertləri bəyan etdilər. Maşın növbəsinə qeydə alınması üçün etdiyi müraciət əsasında onu müayinə edərkən həkimlər barəsində adı çəkilən qərarın olmadığını əsas gətirərək onun alınaraq DTSERA təqdim etmək üçün ona möhlət verdilər. Əks halda pensiyanın və Prezident təqaüdünün verilməsində problemlərlə üzləşmək ehtimalının olunduğu izah olundu. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək bu qərarın verilməsi işində ona köməklik göstərilməsini xahiş etdi. SHXÇ üzrə Dövlət Xidmətinin barəsində etdiyi müraciətə cavab olaraq MN-nın Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölməsinin rəisi, tibb xidməti mayoru cənab Elxan Zərgərovun imzası ilə xx.xx.2024-cü il tarixli 910 №-li məktubda hərbi xidmət keçdiyi 28559 №-li Hərbi hissənin adının Rusiya Federasiyasının Müdafiə nazirinin 27 mart 2003-cü il tarixli 88 №-li əmrinə 1 nömrəli qoşmada 1986-cı ildən 1990-cı il tarixədək Çernobil AES-in 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak edən hərbi hissələrin siyahısında aşkarlanmadığını bildirdi və ona müvafiq aidiyyəti orqanlara müraciət etmək tövsiyə olundu. SHXÇDX-nın Laçın rayon bölməsinə gələn bu məktub ona təqdim olunandan sonra bu dəfə eyni xahişlə özü xx.xx.2024-cü il tarixli ərizə ilə MN Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və Çernobil AES-in fəlakət zonasına qulluq etdiyi 28559 №li Hərbi hissənin yox, onun ezam olunduğunu bildirdi. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1077 №-li cavabında da eyni səbəbdən xahişinə imtina verildi və ona aidiyyəti orqanlara müraciət etmək təkrar olaraq tövsiyə olunmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı barədə SHXÇDX-nin Laçın rayon bölməsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 2 nömrəli xidmətkeçmə haqqında arayışda qeyd olunan N nömrəli hərbi hissə Rusiya Federasiyasının Müdafiə nazirinin 27 mart 2003-cü il tarixli 88 nömrəli əmrinə 1 nömrəli qoşmada 1986-cı il tarixdən 1990-cı il tarixədək Çemobıl AES-nın 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak edən hərbi hissələrin siyahısında aşkarlanmamışdır. Müdafiə nazirinin 14 mart 2008-ci il tarixli 123 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 209-cu maddəsinin tələblərinə əsasən MN MHHK-sı hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini aşağıdakı sənədlər əsasında təyin edilir.
1. Azərbaycan Respublikası SHXÇDX-nın rayon şöbəsindən (bölməsindən) xəsarətin (yaralanmanın) hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədi ilə müayinə şəhadətləndirilmək üçün MN MHHK-ya göndəriş (göndəriş müvafiq formada olmalı, künc ştampı və gerbli möhürlə təsdiq olunmalıdır).
2. Azərbaycan Respublikası SHXÇDX-nın rayon şöbəsindən (bölməsindən) vətəndaşın hərbi xidmət (hərbi toplanış) keçməsi, tərxis olunması və ya amnistiya təsbiq edilməsi haqqında arayışı (nə vaxtdan nə vaxta kimi hansı hərbi hissələrdə hərbi xidmət və hərbi toplanış keçdiyi, nə vaxt kimin əmri ilə Silahlı Qüvvələrdə ehtiyata buraxıldığı; əgər vətəndaş ehtiyata buraxılmayıbsa onun hərbi xidmət yeri üzrə hərbi prokurorluğun cinayət işinə xitam verilməsi və ya barəsində cinayət işi olmamasına dair məktubuna və ya amnistiya aktına əsasən qeydiyyata götürüldüyü qeyd olunmalıdır).
3. Tibbi, hərbi-tibbi sənədlər (vətəndaşın hərbi xidmət keçdiyi dövrdə xəsarət və xəstəliklə əlaqədar hərbi tibb müəssələrində, dövlət səhiyyə sistemi müəssisələrində stasionar müalicə almasını təsdiq edən xəstəlik tarixlərindən gerbli möhür və baş həkimin imzası ilə təsdiq edilmiş çıxarış epikrizləri). MN MHHK zəruri hallarda araşdırma aparır və digər sənədləri də tələb edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” 210-cu maddəsinin tələblərinə əsasən hərbi xidmət və hərbi toplanış keçmiş vətəndaşların dövlət səhiyyə sistemi müəssələrində, hərbi tibb müəssələrində müalicədə olmaları, hərbi xidmət və hərbi toplanış keçmələri, döyüş əməliyyatlarında iştirak etmələri, əsirlikdə olmaları haqqında sənədlərin və digər arxiv sənədlərin axtarılması və MH MHHK-ya göndərilməsi həmin şəxslərin uçotda olduqları SHXÇDX-nin rayon şöbələrinə həvalə olunur. SHXÇDX-nın rayon şöbələri yalnız hərbi xidmət və hərbi toplanış keçmiş vətəndaşlara aid sənədləri MN MHHK-ya göndərir. Hərbi xidmət və hərbi toplanış keçməmiş vətəndaşlara aid sənədlərin MN MHHK-ya göndərilməsi qadağandır. Bu səbəbdən İddiaçı olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi mümkün olmamışdır.
Tərəflərin iştirakı və izahatları:
Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi).
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü: İrəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» Bənd 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Bənd 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bənd 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Bənd 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbihəkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa; -əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa. Bənd 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Bənd 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. 7.6. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında hərbi-həkim komissiyasının qərarı ilə razılaşmayan vətəndaş məsələyə təkrar baxılması haqqında xahişlə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasına müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd edilən normalara görə, həmin normalar hərbi həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin normalar anlamında, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Göründüyü kimi, istinad olunan normalara əsasən cavabdeh həmin normalarda müəyyən olunmuş şəxslərə münasibətdə şəhadətləndirilmənin keçirilməsi və onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi səlahiyyətləri ilə təchiz edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh imtinanın dəlili kimi iddiaçının hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə Rusiya Federasiyasının Müdafiə nazirinin 27 mart 2003-cü il tarixli 88 nömrəli əmrinə 1 nömrəli qoşmada 1986-cı il tarixdən 1990-cı il tarixədək Çernobıl AES-nın 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak edən hərbi hissələrin siyahısında aşkarlanmamışdır. Cavabdehin bu dəlilini məhkəmə aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Belə ki, iddiaçının hərbi xidmət keçdiyi dövrdə Çernobıl AES-nın 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak etməsi ilə bağlı qeyd ona məxsus hərbi biletdə qeyd edilmişdir. Həmin qeydin aparılmasına əsas olmuş N nömrəli hərbi hissənin müvafiq arayışlarının təsdiq edilmiş surəti məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən məhkəməyə təqdim edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.1986-cı il tarixli 160 nömrəli arayışından görünür ki, İddiaçı hərbi hissənin N nömrəli xx.xx.1986-cı il tarixli əmrinə əsasən Çernobıl AES-nın 30 km məsafə zonasında qəzanın aradan qaldırılmasında iştirak etmək üçün ezam olunmuş və xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək həmin ərazidə olmuşdur. Həmçinin, iddiaçının xəstəliyini hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində alması xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli 4123 nömrəli Ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 21 oktyabr 2022-ci il tarixli **********9 qərarından görünür ki, Döviət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyası (bundan sonra Komissiya) xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (2 nəfər), xx.xx.2022 (1 nəfər), xx.xx.2022 (1 nəfər) aşağıda adı göstərilən 10 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2006-cı il tarixli ÇAES qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçıya ÇAES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi və hazırda qüvvədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətin səbəb əlaqəsinin «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» kimi şəhadətləndirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X5