Məhkəmə qərarları › İş №2-1(112)-11418/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11418/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11418/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı 57 yaşı tamam olduğu yəni, xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin ediləcək pensiya məbləği həcmində əvvəlki dövrlərin ödənilməmiş pensiya məbləği ona bərabər şəkildə olmaqla aylıq pensiya məbləğinin üzərinə gəlməklə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixində anadan olub. Əmək fəaliyyətinə 1980-cı il tarixindən başlayıb. Fəaliyyəti müxtəlif müəssislərdə çiləngər, qalayçı, tənəkəyayma olmuşdur. Hazırda işləmir. xx.xx.1981-xx.xx.1982-ci il tarixlərində həqiqi hərbi xidmət edib. Əlavə olaraq xx.xx.1979-cu ildə 112 nömrəli peşə məktəbinə daxil olmuşam, xx.xx.1980-cı il tarixində həmin peşə məktəbini bitirmişəm. Ümumi iş stajı 24 il 08 ay 01 gün, hərbi xidmət dövrü 05 ay 03 gün, həhsil dövrü 11 ay 06 gün, cəmi 26 il 10 gün əmək stajı vardır. Bütün sənədlərini adiyyəti üzrə cavabdehə xx.xx.2022-ci il tarixində (poçt vasitəsi ilə) təqdim edib. 25 iyul 2022-ci il tarixli cavabdehin imtina məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. İşlədiyi sahələr güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa hüquq verir, ancaq cavabdeh bunu süni şəkildə icra etmir və ya icra etmək istəmir. Ona görə də iddia ərizəsi ilə məhkəmə müraciət edir. Hesab edir ki, 2006-cı ildək qüvvədə olan qanunvericiliyə əsasən ümumi və güzəştli iş stağmı və güzəştli iş stajını toplayıb. İddiaçıya pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir.

3. Güzəştli şərtlərlə pensiya təyinatından imtina onunla əsaslandırılmışdır ki, güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 5 ay (xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir.

4. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

5. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) cavabdehin nümayəndəsi iştirak etmir.

6. İddiaçının stajına aşağıdakı qeyd edilən dövr daxildir: - İddiaçıya aid diplomunun surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixdədək (11 ay 25 gün). -xx.xx.1981-xx.xx.1982-ci ildən həqiqi hərbi xidmət dövrü (5 ay 3 gün). -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.1980-cı il tarixindən (Əmr №116-k; xx.xx.1980) Bakı Ət Kombinatının (hal-hazırda "xxxx" ASC adlanır) Mexaniki sexində çilingər işinə şagird qəbul olunub. xx.xx.1980-cı il tarixində (Əmr №387-k; xx.xx.1980) həmin sexdə 1-ci dərəcəli təmirçiçilingər təyin olunub. xx.xx.1981-ci il tarixində (Əmr №168-k; xx.xx.1981) Hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunub. Hərbi xidməti bitirdikdən sonra xx.xx.1982-ci il tarixində (Əmr №85-k; xx.xx.1982) Mexaniki sexə 2-ci dərəcəli çilingər qəbul olunub. xx.xx.1982-ci il tarixində (Əmr №450-k; xx.xx.1982) həmin sexdə 3-cü dərəcəli qalayçı işinə keçirilib. xx.xx.1984-cü il tarixində (Əmr №43-k; xx.xx.1984) həmin sexdə 4-cü dərəcəli qalayçı təyin olunub. xx.xx.1985-ci il tarixində (Əmr №75-k; xx.xx.1985) həmin sexdə 5-ci dərəcəli qalayçı təyin olunub. xx.xx.1995-ci il tarixində (Əmr №151-k; xx.xx.1995) Kompressor sexi üçün süzgəcləri qalayladığına və turşularla işlədiyinə görə zərərli iş şəraitinə təyin olunub. xx.xx.1999-ci il tarixində (Əmr №16-k; xx.xx.1999) Azərbaycan Respublikası ƏQM-nin 37ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. Əmək kitabçasına əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər təmir sexində qalayçı işləmişdir.

7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışa əsasən, Azərbaycan Respublikası Dövlət Aqrar Komitəsinin xx.xx.1991-ci il tarixli 336 №-li əmrinə əsasən Bakı Ət Kombinatının bazasında “Bakımalqaratədarükemal” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Məhsulları Nazirliyinin xx.xx.1992-ci il tarixli 24№-li əmrilə “Bakımalqaratədarükemal” İstehsalat Birliyi “Bakımalqaratədarükemal” X1 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 186№-li sərəncamı ilə “Bakımalqaratədarükemal” EİB-i Bakı Ət Kombinatı adlandırılmışdır. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 913№-li sərəncamı ilə Bakı Ət Kombinatı "xxxx" X3 Cəmiyyətinə çevrilib. Hal-hazırda müəssisə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X2 Qeydiyyatı İdarəsinin **********886600 №li, xx.xx.2008-ci il tarixli çıxarışına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır.

8. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1995-ci il tarixində (Əmr №151-k; xx.xx.1995) Kompressor sexi üçün süzgəcləri qalayladığına və turşularla işlədiyinə görə zərərli iş şəraitinə təyin olunub. xx.xx.1999-ci il tarixində (Əmr №16-k; xx.xx.1999) Azərbaycan Respublikası ƏQM-nin 37ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinə qədər zərərli iş sahəsində işləmişdir. Beləliklə, İddiaçı işlədyi dövrdə əmək stajı zərərli iş şəraitində 3 il 5 ay 0 gündür. Zərərli iş şəraitində (tam iş günü) işləyərkən İddiaçı bütün güzəştlərdən istifadə etmişdir: əlavə məzuniyyət, qısaldılmış iş günü, xüsusi süd məhsulu ilə təminat və sair. İddiaçı zərərli iş şəraitində işləməsi istehsalatda təsdiq edilmiş siyahıya əsasən iş sənəti güzəştli təqaüd almaq hüququ verir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı. 1 nömrəli siyahı. XXİİİ Ümumi peşələr, 12100000—16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar.

II. İddianın növü və mümkünlüyü

9. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

12. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

15. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır);

xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

17. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

18. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

19. Məhkəmə hesab edir ki, iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə ümumi əmək stajl ən azı 25 ildir.

20. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının iş yerindən verilən arayışa əsasən, 1 nömrəli siyahı üzrə 12100000—16456-13417 koda əsasən (XXİİİ Ümumi peşələr, 12100000—16456-13417 tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar) əmək şəraiti zərərli və xüsusi zərərli işlərdə stajı 3 il 5 aydır.

21. Əmək kitabçasındakı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər təmir sexində (əvvəlki əmək şəraiti xüsusilə zərərli və ağır olan sexdə deyil) qalayçı işlədiyi dövrün 12100000—16456-13417 kodu üzrə tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyiçilər, qalayçılar peşəsinə uyğun olması müəyyən edilmir.

22. Odur ki, iddiaçının 1 nömrəli siyahı üzrə (əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə) və 2 nömrəli siyahı üzrə (əmək şəraiti zərərli və ağır olan işlərdə) stajı mövcud deyil.

23. Bununla əlaqədar, məhkəmə iddia tələbini iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilməsini məqsədəuyğun hesab etmir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar