Məhkəmə qərarları › İş №2-1(112)-1142/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1142/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1142/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 3 saylı Ərazi X1rşı «müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iddiaçının müraciəti əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 4 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmiş, iddia «ödənilməmiş aylara görə 190 manat müavinətin verilməsi» kimi qəbul olunmuşdur. Məhkəmə İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddiaya qarşı yazılı münasibət bildirilməsini cavabdehdən tələb etsə də, cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sisteminə uyğun olaraq Siz aztəminatlı sayılmadığınıza görə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə mobil nömrənizə SMS bildiriş göndərilmişdir. Eyni zamanda, Sizə sosial rifahinızın təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olmadığınız məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. İddiaçı sonradan məhkəməyə əlavə ərizə təqdim edərək iddia tələbinin aşağıdakı kimi qəbul olunmasını xahiş etmişdir: - iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel – avqust və dekabr ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdıliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavbdeh tərəf isə, gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmdan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, 2021-ci ilin sentyabr ayınadək işsiz kimi qeydiyyatda olmuşdur. Xüsusi karantin rejimin tətbiq olunduğu 2020-ci ilin aprel – avqust və dekabr ayları üzrə ona aylıq 190 manat ödəmə verilməli idi. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin pul vəsaitinin ona ödənilməsindən imtina olunmuşdur. Nazirlik imtinanın səbəbini onun aztəminatlı sayılmaması ilə əlaqələndirmişdir, amma aztəminatlı olmasının açıqlanması bildirilməmişdir. Ona görə də cavabdehin hərəkətlərini qanunsuz sayır, ona həmin pul vəsatinin ödənilməsini tələb edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1 – 2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun “işsiz kimi qeydiyyat alınsa da, az təminatlı sayılmaması”nı əsas gətirərək imtina etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqan iddiaçının “az təminatlı sayılmaması” qənaətinin konkret əsaslarını bildirmədən, müvafiq sistemin məlumatlarına formal olaraq istinad etmişdir. Halbuki, belə hal «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır – 1) eyni statusda və vəziyyətdə olan şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə və “mövcud inzibati praktika”ya ziddir; 2) müvafiq normativ aktla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 127 nömrəli 7 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar) müəyyən edilən “birdəfəlik ödəmənin məqsədi”nə mütənasib deyil; 3) iddiaçının işsiz və aztəminatlı olmasını bəyan etdiyi halda, bunun əksini sübut edən tutarlı dəlil təqdim edilməməsi “mötəbərlilik” xüsusatını inkar etmir; 4) işin tam və hərtərəfli araşdırılmasının aparılması təmin edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 2020-ci ilin iyul ayı üzrə isə ödəmənin verilməsi nəzərdə tutulmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Dmitriyeçə xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Dmitriyeçə xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar