Məhkəmə qərarları › İş №2-1(112)-1142/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1142/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1142/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “avtomobillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin avtomatik sürət qutusu ilə təchiz olunmuş minik avtomobili ilə dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi və ya iddiaçının istifadə və sahibliyinə verilmiş mexaniki sürət qutusu ilə təchiz olunmuş (qeydiyyat şəhadətnaməsi nömrəsi 597084) minik avtomobilinin satılmasına icazə verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci qrup Qarabağ müharibəsi əlilidir. Dövlət tərəfindən müharibə əlilləri üçün müəyyən edilmiş bütün imkanlardan istifadə imkanı iddiaçıya da yaradılıb. Məhkəməyə müraciət etməyində səbəb dövlət tərəfindən iddiaçıya verilmiş minik avtomobili ilə bağlıdır. Həmin avtomobil mexaniki sürət qutusu ilə təchiz olunduğu üçün iddiaçı onu idarə edə bilmir. İddiaçı iki ətrafın güdülü diaqnozu ilə birinci qrup əlil olduğu üçün mexaniki sürət qutusundan istifadə edə bilmir. İddiaçı iki ətrafın güdülü səbəbindən avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil idarə edə bilər, mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə etmək onun fiziki imkanları xaricindədir. Buna görə də qərara gəlmişdir ki, ona verilən avtomobili satsın və idarə edə biləcəyi avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil alsın, lakin xx.xx.2019-cu il tarixdə ona verilmiş minik avtomobilinin 597084 nömrəli qeydiyyat şəhadətnaməsində göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi olmadan avtomobili satmaq olmaz. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icazə verərsə o avtomobili sata bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”-a əsasən, məlumdur ki əlilə verilmiş avtomobili satmaq olmaz. Eyni zamanda qeydiyyat şəhadətnaməsində göstərilir ki, icazə olmadan satmaq olmaz. Beləliklə, birinci qrup müharibə əlilinə, ona icazə verilərsə, ona verilmiş avtomobili sata bilər. Eyni zamanda dəfələrlə cavabdehə müraciət etmişdir ki, ona verilən mexaniki sürət qutusu ilə təchiz olunmuş avtomobili idarə edə bilmədiyi üçün həmin avtomobili avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobil ilə əvəz etsinlər, dəyişsinlər. Müraciəti isə təmin edilməyib. Buna görə o birinci qrup müharibə əlili kimi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirzda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Həmin Qaydaya əlavənin 57-ci bəndinə əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. Odur ki, İddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “avtomobilin dəyişdirilməsi və satılmasına icazə verilməsi” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək onun əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarınadan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V 058379 nömrəli xx.xx.2016-cı il tarixli vəsiqəsinə əsasən müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş DSMF-nin Bakı şəhər Nizami rayon Şöbəsinin xx.xx.2016-cı il tarixli 004253 nömrəli əlillik vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 1-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik alt sistemindən çıxarışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən müddətsiz Azərbaycan Respubliaksının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcə, diaqnoz: “diz və aşıq baldır oynaqlararası səviyyədə travmatik amputasiya, sol baldırın orta 1/3 hissəsi səviyyəsində amputasiyası, sol aşağı ətrafın dayaq hərəkət funksiyalarının mühüm dərəcədə pozulması, göz yuvası daxili toxumanın batması və ya itirilməsi ilə müşayiət olunan gözün cırılmış yarası, sağ göz almasının itirilməsi, orta sinirin said səviyyəsində travması, dirsək sümüyünün said səviyyəsində travması, sol dirsək sinirinin nevropatiyası, sol əlin İİİ, İV və V barmaqlarının parezi, göz almasının yad cisim olmadan dəlib keçmiş yarası, yad cisim olmadan VİZ OD =0. VİZ OS= 0.4 k/ etmir”. Əliliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik= 2 ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S 78, S88, S98) səbəbi ilə, kənar şəxsin qulluğuna ehtiyacı olan şəxs” kimi birinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 12 aprel 2022-ci il tarixli **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə müəyyən edilmiş imtiyazlı şəxslərə mexaniki ötürücü qutusu olan minik avtomobillərin verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvlərindən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Avtomobillərin təhvil verilməsi barədə Akta əsasən Qarabağ müharibəsi əlili İddiaçı xx.xx.2022-ci tarixdə NVABA1HHFKF521074 BAN nömrəli, buraxılış ili 2019-cu il olan “Khazar” markalı avtomobil heç bir qüsur olmadan tam komplektləşdirilmiş şəkildə təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixdə verilmiş AD N597084 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 99UB465 qeydiyyat nişanlı, Khazar LX Minik markalı, Sedan tipli, 2019-cu buraxılış ili, NVABA1HHFKF521074 BAN nömrəli avtomobilin sahibi İddiaçıdur, qeydiyyat üçün əsas ƏƏSMN-nin 00145 nömrəli məktubu Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Həmin Qaydaya əlavənin 57-ci bəndinə əsasən Nazirlik tərəfindən imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. Odur ki, İddiaçı 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Əlavə olaraq onu da bildiririk ki, minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvlərindən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 4490 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC illərdir ki, Respublika ərazisində lizinq sahəsində işləri keyfiyyətli şəkildə həyata keçirməklə fəaliyyət göstərir. Lizinq sahəsində lizinq alanıların sifarişi əsasənda sorğuda qedy edilən “Khazar LX” markalı nəqliyyat vastələri də mövcuddur. Həmin avtomobillərin texniki xüsusiyyətlərinə gəlincə bildirik ki, avtomobillər 1.6 litr həcmli 4 slindirli benzin mühərrikli, ön ötürücülü 5 pilləli mexaniki sürətlər qutusu və üç əyləc sistemi ilə təchiz olunmuş vəziyyətdə istehsalçı zavod tərəfindən istehsal olunmaqdadır. Sorğuda qeyd edilən nəqliyyat vastəsinin iki ətrafın güdülü diaqnozu ilə əlillik dərəcəsi təyin olunmuş şəxs tərəfindən idarə olumasının mümkünlüyü ilə bağlı tərəfimizdən hər hansı məlumatın verilməsi mümkünsüzdür. Hesab edirik ki, əlillik dərəcəsi təyin olunmuş şəxsin hazırki vəziyyəti və ona təhkim edilmiş nəqliyyat vastəsinin idarə etməsinin mümkünlüyü xüsusi bilik tələb edən şəxs və ya müvafiq ekspert tərəfindən müəyyən edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasfntn 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Qeyd edirik ki, Nazirlik ilə "xxxx" MMC arasında bağlanmış müqavilədə imtiyazlı şəxslərə əlillik dərəcəsindən asılı olmayaraq Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərişi əsasında mexaniki ötürücü qutusu olan minik avtomobillərinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərmaş MMC arasında bağlanmış müqavilədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci ıl 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə müəyyən edilmiş imtiyazlı şəxslərə mexaniki ötürucu qutusu olan minik avtomobillərin verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Qaydanın 3.9-cu bəndinə əsasən, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Əlavə olaraq onu da bildiririk ki, minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata goturulür. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvlərindən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda müddətsiz 1-ci qrup əlildir. İddiaçı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın tələblərinə uyğun olaraq Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə NVABA1HHFKF521074 BAN nömrəli, buraxılış ili 2019-cu il olan “Khazar” markalı minik avtomobili ilə təmin edilmişdir. İddiaçı təqdim edilən avtomobilin idarə edilməsinin onun fiziki imkanları xaricində olduğunu iddia edərək hazırkı iddiasında əlillik vəziyyətinə uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin edilməsini tələb edir. Cavabdehin imtinasının eləcə də iddia tələbinə etirazının əsasları aşağıdakılardan ibarətdir: - imtiyazlı şəxslərə əlillik dərəcəsindən asılı olmayaraq Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərişi əsasında mexaniki ötürücü qutusu olan minik avtomobillərinin verilməsi nəzərdə tutulmuşdur. -imtiyazlı şəxslərə minik avtomobili istismar müddəti müəyyən edilmədən bir dəfə verilir. İddiaçıya 9 avqust 2019-cu il tarixində Nazirlik tərəfindən minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. -4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.2-ci maddəsinə görə əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. -5.0-cı maddəsinə görə əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. -6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. -10.1-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. -10.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiyası bu Qanunun 11-ci maddəsinə uyğun tərtib edilmiş X4 əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. -12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. -27.0-cı maddəsinə görə dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. -30.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. -30.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -30.3-cü maddəsinə görə bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddiaçıya avtomobilin verildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: -5.2.3-cü bəndinə əsasən avtomobillər aşağıdakı hallarda verilir: (...) 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7) (....) Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın: -1.1-ci bəndinə görə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. -2.1-ci bəndinə görə bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X1 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. -3.1-ci bəndinə görə minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. -3.2-ci bəndinə görə şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİSdə X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. -3.3-cü bəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. -3.4-cü bəndinə görə bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. -3.9-cu bəndinə görə bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. -3.10-cu bəndinə əsasən minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. -3.14-cü bəndinə görə minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. -3.15-ci bəndinə əsasən minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. Sadalanan normalardan göründüyü kimi qanunvericilik əlilliyi olan şəxslərə həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması, əlillərin sağlamlıq vəziyyələrinə uyğun olaraq onlara fərdi qaydada yanaşılaraq digərləri ilə bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya, rabitə, bu və ya digər xidmətlərdən bərabər imkanlardan istifadə etməsinin, əngəl olan maneə və baryerlərin aradan qaldırılmasının zərurliyini nəzərə alan kompleks tədbirlər görülməsini tələb edir. Qanunvericiliyin əlillər üçün bərabər imkanlardan bərabər şəkildə istifadə etməyin təşkilinin məntiqi nəticəsidir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilmiş və qanunvericiliyin tələblərinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər Tibbi sosial ekspert komissiyasının verdiyi tibbi göstərişlərə uyğun olaraq minik avtomobili ilə təmin olunurlar. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin isə minik avtomobili ilə növbədənkənar qaydada təmin olunması nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 2 ətrafın güdülü diaqnozu ilə birinci dərəcə əlildir. İddiaçıya təhkim edilmiş minik avtomobili 5 pilləli mexaniki sürətlər qutusu və üç əyləc sistemi ilə təchiz olunmuşdur. Qeyd edilməlidir ki, nəqliyyat vasitələrində bir qayda olaraq ötürmələr qutusu mexaniki və avtomatik idarəli olmaqla iki yerə ayrılır. Mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsi üç əyləc (pedal) sistemli olub, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı pillələrin hər dəfəsində keçirilməsində insanın aktiv iştirakını nəzərdə tutur. Avtomatik idarə olunan ötürmələr qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsi mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vasitəsindən fərqli olaraq 2 əyləc sistemli olub, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı pillələrin avtomatik qaydada keçirilməsi şəklində idarə olunur. Bundan əlavə, əyləc və qaz pedallarının funksiyasının nəqliyyat vasitəsinin sükan çarxının ətrafında təşkili də mümkündür ki, bu sistem vasitəsilə sürücü sürətləndirici və əyləci əl ilə idarəetmə sistemi vasitəsilə bilavasitə idarə edir. Beləliklə, mexaniki sürət qutusu ilə təchiz olunmuş nəqliyyat vastəsinin iki ətrafın güdülü diaqnozu ilə əlillik dərəcəsi təyin olunmuş şəxs tərəfindən idarə oluması mümkünsüzdür. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, təhkim edilmiş nəqliyyat vasitəsinin iddiaçı tərəfindən idarə etməsinin mümkünsüzlüyü xüsusi bilik tələb edən və ya ekspert tərəfindən qiymətləndirilməli olan məsələ də deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hazırkı halda nəqliyyat vasitəsinin mexaniki surət qutusu ilə təchiz olunmuş 3 əyləc sistemli nəqliyyat vasitəsi olması avtomobilin bilavasitə istehsalçısı tərəfindən bildirilmişdir. Cavabdeh də həmin nəqliyyat vasitəsinin iddiaçının idarə edə biləcəyi vəziyyətinə gətirilərək ona təhvil verildiyini də sübut etməmiş və ya bununla bağlı hər hansı dəlil irəli sürməmişdir. Cavabdeh əlillərə mexaniki ötürücü qutusu olan minik avtomobillərinin verilməsinin nəzərdə tutulduğunu bildirsə də əlillərin minik avtomobili ilə təmin edilməsini bilavasitə tənzimləyən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda yalnız minik avtomobili ilə təmin edilmə nəzərdə tutulmuş, minik avtomobilinin hər hansı təsnifatı (mexaniki sürət qutulu və s.) verilməmişdir. Qaydaların yalnız 3-cü maddəsində təkərli oturacaqların təsnifatı verilmiş və yalnız təkərli oturacaqların mühərrikli və mexaniki olmaqla təsnifatı qeyd edilmişdir. Başqa sözlə, adıçəkilən qanunvericilikdə əlilliyi olan şəxslərin məhz mexaniki sürət qutusu ilə təchiz edilmiş nəqliyyat vasitəsi ilə təmin edilməli olmasına dair imperativ norma yoxdur. Cavabdehin ikinci imtina dəlili-iddiaçının bir dəfə minik avtomobili ilə təmin edildiyindən onun yenidən minik avtomobili ilə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçının əlavə bir minik avtomobili ilə təmin edilməsi deyil, ümumən onun əlillik vəziyyətinə uyğun avtomobillə təmin edilməsidir. İstər qanunla əlillər üçün verilmiş nəqliyyat vasitələrinin satışının qadağan olunması və istərsə də iddiaçıya nəqliyyat vasitəsinin verildiyi vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 5.2.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin məhz TSEK-in tibbi göstərişlərinə uyğun olaraq müəyyən diaqnozlu əlillərə verilməsi tələbi onu deməyə əsas verir ki, qanunvericilik nəqliyyat vasitəsini əlilin etibarnamə əsasında hər hansı şəxs üçün deyil, bilavasitə onun özü üçün, əlilin fiziki imkanları nəzərə alınmaqla ictimai həyata adaptasiyasının asanlaşdırmaq üçün idarə edəcəyi avtomaşınla təmin edilməsini nəzərdə tutur. Əks halda avtomobilin verilməsi üçün Əsasnamədə konkret olaraq müəyyən növ əlillik dərəcəsi meyarlarının sadalanmasının zəruriliyinin, eləcə də əlilin idarə edə bilməyəcəyi nəqliyyat vasitəsilə təmin edilməsinin hər hansı əhəmiyyəti də olmazdı. Odur ki, hazırkı tələb üzrə iddiaçının əlillik diaqnozuna uyğun avtomobillə təmin edilmə konkret halda iddiaçıya münasibətdə ona təhkim edilmiş nəqliyyat vasitəsinin onun idarə edə biləcəyi vəziyyətinə uyğunlaşdırmanı (uyğun nəqliyyat vasitəsilə bilavasitə əvəz edilmə və yaxud təhkim edilmiş minik avtomobilinin onun idarə edə biləcəyi vəziyyətinə gətirilmə) ehtiva edir ki, bu sahədə uyğunlaşdırmanın təmin edilməsi vəzifəsi isə cavabdehin məsuliyyət dairəsinə aid olan məsələ olaraq qalır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin: -1.1-ci bəndinə görə Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.17. xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasında əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlər görmək Agentliyin vəzifəsidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlillik diaqnozuna uyğun idarə edilməsi mümkün olan avtomobillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar