Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1142/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) qarşı “fərdi yaşayış evinə və torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, göstərilən torpaq sahəsi Azərbayncan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bundan əlavə, texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə və torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ümumi sahəsi 112,9 kv.metr, yaşayış sahəsi 94,5 kv.metr olan Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə və 1389 kv.metr torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Abşeron rayon XDS İK-nın 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə onun adına Qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evə 1993-cü il tarixdə tərtib edilmiş 77 saylı inventar nömrəsi və 5239 reyestr nömrəli texniki pasportda mövcuddur. Lakin 1993-cü ildə tərtib edilmiş texniki pasportda İddiaçı ata adı səhvən Mikayıl kimi yazılmışdır. Bununla bağlı Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5326/2022 saylı qətnaməsi əsasında həmin texniki pasportun İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmiş və bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi vardır. Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50A saylı, yaşayış sahəsi- 40.2 kv.m, köməkçi sahəsi-11.8 kv.m 3 (üç) otaqdan ibarət yaşayış evi İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir, lakin Abşeron rayon 2 saylı DNK-nın 4Ə-7-796 reyestr nömrəli xx.xx.2004-cü il tarxili alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinin sənədinə əsasən İddiaçı adına 50A saylı ev ilkin qeydiyyatdan keçmişdir. Bu 1 saylı Bakı Ərazi İdarəsinin **********68 3-21-3-30/2-6568/2023 saylı xx.xx.2023-cü il tarxili məktubunda da öz əksini tapmışdır. Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun Sovxozu, Naximov küçəsi, 50A saylı fərdi yaşayış evi satıldıqdan sonra 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılmış və iddiaçıya 2004-cü il tarixli 77 inventar nömrəli texniki pasport verilmişdir. 1993-cü il tarxidə tərtib edilmiş texniki pasportun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olması barədə xx.xx.2022-ci il tarixli **********01№li məktubda öz əksini tapmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir və bildirmişdir ki, göstərilən torpaq sahəsi Azərbayncan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bundan əlavə, texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50A saylı fərdi yaşayış evi ilkin qeydiyyatdan keçmişdir, lakin Abşeron rayon 2 saylı DNK-nın 4Ə-7-796 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Hazırda Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50A saylı fərdi yaşayış evi X1 mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu ərazisində vətəndaşlara məxsus mövcud normadan artıq olmayan qırmızı xətti pozmayan və yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vətəndaşlara “Qeydə alma” vəsiqəsinin verilməsi qərara alınmışdır. - Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 1 yaşayış otaqlı, yaşayış sahəsi 24.4 kv.metr, köməkçi sahəsi 12,9 kv.metr ibarət olan 50 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarı əsasında İddiaçı Misgər qızının adına qeydə alınmışdır. -mart 1993-cü ildə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı Mikayıl qızına məxsus reyestr nömrəsi 5239, inventar nömrəsi 77 olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 966 kv.metr, evin ümumi sahəsi 37,3 kv.metr, o cümlədən yaşayış sahəsi 24,4 kv.mtr, köməkçi sahəsi isə 12,9 kv.metrdir. - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5326/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İddiaçı hazırda həmin sənədlərə istinad edərək fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə ilkin olaraq fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. İşdən görünür ki, 50 saylı fərdi yaşayış evinin iddiaçının adına qeydə alınması ilə bağlı Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin qeydə alınması ilə bağlı reyestr nömrəsi qeyd olunmasa da, işdə olan həmin evə dair tərtib edilmiş mart 1993-cü il tarixli texniki pasportda fərdi yaşayış evinin reyestr nömrəsinin 5239, inventar nömrəsini isə 77 olduğu qeyd edilmişdir. Məsələnin araşdırılması ilə bağlı cavabdehə sorğu verilmiş, cavabdeh xx.xx.2024cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda göstərmişdir ki, idarənin arxivində İddiaçı adına 5239 nömrəli reyestr kitabında 1993-cü il tarixli texniki pasport mövcuddur. Həmçinin sözügedən əmlakın İddiaçı adına qeydiyyata alınmasına dair dövlət reyestr kitabında qeydiyyat aparılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən fərdi yaşayış evi faktiki olaraq mövcuddur. Fərdi yaşayış evinə bitişik əlavə sahələr inşa edilmişdir. Sənəd üzrə sahəsi 966.0 kv.m, faktiki sahəsi 1374.0 kv.m təşkil edir. Cavabdeh həmin qeydə dair dövlət reyestr kitabından çıxarışı məhkəməyə təqdim etmişdir. Çıxarışdan görünür ki, xx.xx.1993-cü il tarixdə Naximov küçəsində yerləşən 50 saylı fərdi yaşayış evi 5239 reyestr nömrəsi ilə İddiaçı Mikayıl qızının adına qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə təqdim etdiyi qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin qeydə alınması ilə bağlı reyestr nömrəsi qeyd olunmasa da, cavabdehin məlumatına əsasən həmin qeyd dövlət reyestr kitabında mövcud olduğundan, habelə texniki pasportda göstərilən fərdi yaşayış evi hazırda faktiki mövcud olduğundan iddiaçının təqdim etdiyi həmin qeydiyyat vəsiqəsi Qanunun 8.0.5-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqəsi kimi qəbul edilməli və həmin qeydiyyat vəsiqəsinə əsasən iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmalıdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə gəldikdə, məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportu bu əsaslardan birinə aid etmişdir. İşdən görünür ki, iddiaçının Naximov küçəsi 50 ünvanında yerləşən fərdi yaşayış evinə hüququ xx.xx.1993-cü il tarixdə 5239 reyestr nömrəsi ilə qeydə alınmış və mart 1993-cü il tarixdə həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmiş, texniki pasportda torpaq sahəsinin ölçüsü 966 kv.metr göstərilmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı torpaq sahəsi ilə bağlı qanunvericiliklə nəzərə tutulmuş sənədi də cavabdehə təqdim etmişdir. İş materiallarından görünür ki,cavabdeh iddiaçıya imtina cavabı verərkən ilk növbədə ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşdiyini bildirmişdir. Məsələ ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu verilmiş, Şirkət sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Lakin işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Göründüyü kimi, torpaq sahəsi artıq 1993-cü ildən iddiaçının istifadəsində olmaqla sənaye təyinatlı deyil, yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir və 2007-ci ildə “X4 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Yəni 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır, hansı ki, hazırda belə bir akt olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən onun həmin daşınmaz əmlaka mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. İşdən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinin faktiki vəziyyətinə uyğun hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququ təqdim etdiyi qeydiyyat vəsiqəsində göstərilən ölçülərə, torpaq sahəsinə münasibədə isə texniki pasportda göstərilən ölçülərə uyğun vəziyyətdə qeydə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin olunsun. İddiaçı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 37,3 kv.metr, yaşayış sahəsi 24,4 kv.metr olan fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 966 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1142/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1142/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver