Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11420/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 834 saylı bağ sahəsinin 0,0277 ha üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə əmisi X4 arasında 27 iyun 1977-ci ildə bağlanmış 15020 saylı müqaviləyə əsasən əmisinə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 834 saylı bağ torpaq sahəsi ayrılmışdır. Məhkəmənin 2-1(82)-207/2018 saylı, xx.xx.2019-cu il tarxixli qərarı əsasında sözügedən torpaq sahəsinin 0,2223 ha hissəsinə çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Daha sonra, həmin bağ sahəsini əmisi ona bağışlamış və adına xx.xx.2019-cu ildə çıxarış verilmişdir. Müqavilə üzrə və faktiki istifadəsində olan torpaq sahə üzrə 0,25 ha olsa da, məhkəmə qərarı ilə müəyyən edilmiş 0,2223 ha hissəyə çıxarış verilmiş, qalan hissəsi isə çıxarışdan kənarda qalmışdır. İddiaçı 0,25 ha-nın çıxarış verilməyən hissəsinin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2024-ci il tarixli cavab məktubunda qeyd edilir ki, ümumi ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması səbəbindən azalan sahənin hansı istiqamətdən olmasını təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, qeyd olunan ünvanda yerləşən 2223 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-207/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı və iddiaçı X2 faktiki sahənin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra hal-hazırkı iş üzrə İddiaçı adına özgəninkiləşdirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: X2 nümayəndəsi kimi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və notarial qaydada təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisi, sahə 834 ünvanında yerləşən sənəd üzrə sahəsi 2500 kv.m. olan torpaq sahəsindən azaldılaraq 2223 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddia tələbi olmayacağını üzərinə götürmüşdür; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-207/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ümumi sahəsi 2223 kv.m olan 834 saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququn qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir; xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ümumi sahəsi 2223 kv.m olan 834 saylı bağ sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ümumi sahəsi 2223 kv.m olan 834 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından məlum olur ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 834 saylı bağ sahəsinin 0,0277 ha üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbini irəli sürsə də, istinad etdiyi və sənədlər (müqavilə, məhkəmə qərarı) X2 adınadır. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlak X2 adına dövlət qeydiyyatına alındıqdan sonra iddiaçıya bağışlanmışdır. X1 adına qeydiyyata alınmış əmlak həmin ölçüdə iddiaçının adına yenidən qeydiyyata alınmışdır. Əlavə sahə ilə bağlı iddiaçının subyektiv hüququ təsbit olunmur. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı biri digərini tamamlayan mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etməmiş, təqdim edilmiş sənədlər digər şəxsə aid olduğundan və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-11420/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11420/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver