Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11424/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri “mənzil növbəsinə qəbul edilmə və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı məhkəməyə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli, 2153 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən mayor hərbi rütbəsində ehtiyata buraxılmışdır. O, hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmamışdır. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyinə dair sərəncam verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən mənzil növbəsinə dayanmaq üçün tələb olunan bütün sənədləri (cavabdeh tərəfindən ona verilmiş sənədlərin siyahısına uyğun olaraq) əlavə etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi «ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilmə və mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün xx.xx.2022ci il tarixdən kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması» kimi dəyişdirilmişdir. Cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etməmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Bildirimişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü İddianın növü “uçota alınma” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 403 saylı vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair arayışdan görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının silahlı qüvvələrində, xx.xx.2011xx.xx.2021-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir və DSX rəisinin 2153 saylı xx.xx.2021-ci il tarixli əmrinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 66 saylı arayışa əsasən İddiaçı N nömrəli hərbi hissənin “Sərhədçi” yaşayış kompleksində xidməti mənzil ilə təmin olunmamışdır. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 453 nömrəli arayışa əsasən İddiaçı Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı və X1 adına qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı ailəlidir, xx.xx.2009-cu il təvəllüdlü bir oğlan övladı və xx.xx.2016-cı il təvəllüdlü bir qız övladı var. IV. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər... Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ qanunda birbaşa olaraq nəzərdə tutulub (“Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanunun 12-ci maddəsi). Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin isə qeyd edilən hüququ ilk növbədə təmin olunmalıdır. Bu normalar bir-birini istisna etmir. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları tələbatı hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından kompensasiyanın ödənilməsi təmin edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə ehiyata buraxılmış və ən azı xx.xx.2021-ci ildən Yasamal rayonunun ərazisində yaşayır. Lakin iddiaçı tələbində məhkəməyə müraciət etdiyi (xx.xx.2022-ci il) tarixdən kompensasiyanın ödənilməsini tələb edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İddiaçının yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahədə yaşayan vətəndaş kimi (iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ailəsi ilə birlikdə ümumi sahəsi 57.4 kv.m. olan mənzildə kirayədə yaşayır, özünün və birlikdə yaşadığı ailə üzvlərinin adına (qeydə alınmış) yaşayış sahəsi yoxdur) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasiblik pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X3 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X7 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Kompensasiyanın ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablansın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova