Məhkəmə qərarları › İş №2-1(112)-11426/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11426/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11426/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid adının verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 “Şəhid adı”nın verilməsindən imtinaya dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (xx.xx.2022-ci il tarixli 1/04-461 №-li məktub) müvafiq qərarının ləğv edilməsi və ona “Şəhid adı”nın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü oğlu X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində zabit kimi xidmət etmişdir. O, bir xüsusi təyinatlı olmaqla Vətən Müharibəsi zamanı ağır döyüşlərdə iştirak etmiş, döyüş əməliyyatı zamanı yaralansa da qısa bir zaman müalicə alaraq yenidən döyüşə qayıtmışdır. İİ-ci Qarabağ döyüşlərində fəal iştirak etdiyi üçün Azərbaycan Respublikasının “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Xidmət etdiyi hərbi hissə komandirinin N may N-ci il tarixli əmri ilə döyüş tapşırığının icrası ilə əlaqədar Laçın-Kəlbəcər istiqamətində düşmən təxribatının qarşının alınmasında 1-ci xüsusi əməliyyat qrup komandirinin müavini olaraq baş leytenant qismində iştirak etmiş və xüsusilə ağır bir soyuq şəraitdə dəniz səviyyəsindən 3000 metrdən artıq hündürlükdə uzunmüddətli (40 gündən artıq) döyüş tapşırığı yerinə yetirmiş, döyüş-əməliyyat tapşırığı aparılan ərazidə xəstələnmiş, soyuq və yüksək hündürlük nəticəsində nəfəs çatışmamazlığı əmələ gəlmişdir. Döyüş şəraitində xeyli müddət ona ilkin tibbi yardım göstərilsə də səhhətində yaxşılaşma olmamış, xəstəliyi get-gedə şiddətləndiyi üçün bir müddətdən sonra əməliyyat aparıldığı ərazidən uzaqlaşdırılmış və xx.xx.N-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Kilinik Hospitalına müalicəyə göndərilmişdir. Silahlı Qüvvələrinin Baş Kilinik Hospitalında aparılan bütün müayinəmüalicə tədbirlərinə baxmayaraq səhhətində müsbət dəyişiklik olmamış və müalicənin davam etdirilməsi üçün oradan onu “Yeni Kilinika” adlı özəl tibb müəsissəsinə köçürmüşlər, lakin oğlu baş leytenant X4 xx.xx.N-ci il tarixdə “Yeni Kilinika”da vəfat etmişdir. 082 Nömrəli Hərbi Hissə Komandirinin 199 №-li əmrinə əsasən X2 ölümü hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğu qeyd edilmişdir. X1 “Şəhid adı”nın verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.N-ci il tarixdə müraciət etmiş, cavab olaraq ona bildirilmişdir ki, övladına “Şəhid adı” verilməsi mümkünsüz hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 1\04-461 №li məktubu ona təqdim edilmişdir. Həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na istinad edilərək ona bildirilmişdir ki, Baş leytenant Ə.D.Məmmədovun müalicədə olarkən “Böyüklərin respirator pozğunluq (distress) sindromu xəstəliyindən vəfat etdiyini, hərbi əməliyyatlar zamanı aldığı xəsarətlə ölümü arasında səbəbli əlaqənin hər hansı tibbi sənədlə müəyyən edilmədiyini nəzərə alaraq ona “Şəhid adı”nın verilməsi yuxarıda qeyd edilən qanunvercilik aktlarının tələblərinə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şərur RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** № şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində doğulmuş Məmmədov X6 Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində qeydiyyatdadır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi nəzərə alınsın. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid adının verilməsi” tələbinə dair 2-1(112)-11426/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar