Məhkəmə qərarları › İş №2-1(112)-11426/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11426/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11426/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə qarşı "cinayət işinin başlanması və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 22/24 ünvanında, “Köhnə Bakı” kafesində baş vermiş yanğın faktı üzrə cinayət işi başlanmasının və araşdırma aparılaraq zəruri istintaq hərəkətlərinin həyata keçirilməsinin, müvafiq ekspertizaların keçirilərək rəy verilməsinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 22/24 ünvanında, ona məxsus “Köhnə Bakı” kafesində yanğın baş vermişdir. Yanğın hadisəsindən öncə kafeyə verilən elektrik enerjisinin və qazın dayandırıldığı, əvvələr də naməlum şəxslər tərəfindən bir neçə dəfə kafenin eyni yerdən yandırıldığı və həmin hadisələr zamanı kafenin ərazisində butulkalarla asan alışan maddənin aşkar edildiyinə görə əminliklə deyə bilər ki, yanğın qəsdən törədilmişdir. Yanğınla bağlı lazımi araşdırmanın aparılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Fövqəladə Hallar Nazirliyinə olan müraciətlərinə baxmayaraq, onlar tərəfindən heç bir istintaq hərəkəti həyata keçirilməmiş və yanğının səbəbi araşdırılmamışdır. Onun Nizami RPİ-yə olan çoxsaylı müraciətlərinə cavab olaraq bildirmişlər ki, törədilən yanğının səbəbləri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ekspert rəyi verməli və yalnız bundan sonra müvafiq istintaq hərəkətləri həyata keçirilməlidir. Fövqəladə Hallar Nazirliyi isə qərəzli olaraq rəy verməkdən, öz öhdəsinə düşən zəruri hərəkətləri yerinə yetirməkdən boyun qaçırır. Həmin kafedə 2003cü ildən bəri ona qarşı müxtəlif formada təzyiqlərə başlanılıb. Bu azmış kimi dəfələrlə qəsdən yanğınlar törədilmiş və bu barədə müraciətlərinə baxmayaraq heç bir tədbir görməmişlər. Yalnız təxminən 2012-2013-cü illərdə, həmin ərazidə, eyni yerdən baş vermiş 3-cü yanğın zamanı hadisə ilə bağlı cinayət işi başlanılmış, lakin nəticəsi barədə ona heç bir məlumat verilmədən cinayət işi ört-basdır edilmişdir. Hadisədən uzun müddət keçdiyi üçün, dəqiq tarixləri xatırlamır. Belə ki, müxtəlif qurum və şəxslərə onun tərəfindən və bacısı şəhid anası X1 tərəfindən etdikləri çoxsaylı müraciətlərə cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sturuktur qurumlarından biri olan Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktublarında görünür ki, ərizələrində araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin, Nizami Rayon Polis İdarəsinə ünvanladığı ərizələrə cavab olaraq, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, Z-12033 saylı məktubunda bildirilmişdir ki, baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat xx.xx.2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin 3-cü Ərazi Yanğın Nəzarəti İdarəsinə göndərilmiş, baş vermiş yanğın hadisəsi ilə bağlı aparılan araşdırmanın nəticəsi barədə Nizami RPİ-nin 23-cü PBnə məlumat daxil olmamışdır. Törədilmiş cinayət əməlini ifşa etmək və cinayətkarları yaxalamaq hüquq-mühafizə orqanının vəzifəsidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sturuktur qurumlarından biri olan Əməliyyat-İstintaq İdarəsinin vəzifəsi ölkə ərazisində fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi üçün əməliyyat-axtarış işlərini, fövqəladə hallar zamanı baş vermiş hadisələrin təhqiqatını və ibtidai istintaqını aparmaqdan, baş vermiş cinayət hadisələri üzrə icraatın başlanmasını təmin etməkdən, bu sahədə idarəetmə, əlaqələndirmə və nəzarəti həyata keçirməkdən ibarətdir. X3 Nazirliyi və Nizami Rayon Polis İdarəsi qərəzli olaraq baş vermiş cinayət hadisəsi ilə bağlı hərəkətsizlik göstərir və onun hüquq və mənafelərinə xələl yetirir. Sözügedən kafe onun atasından ona miras qalmışdır və o, oradan əldə etdiyi qazancla ailəsini dolandırırdı. Lakin ona qarşı birbaşa qəsdlə törədilən bu cinayət əməli ona ciddi maddi və mənəvi zərər vurmuşdur. Törədilən cinayətin üstünün açılmaması, cinayətin törədilməsinə şərait yaradan vəziyyətin aradan qaldırılmamasına görə artıq bu əməl onlara qarşı 4-cü dəfədir ki, təkrarlanır. Buna səbəb isə istintaq orqanlarının hərəkətsizliyidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi ona məxsus obyektdə baş vermiş yanğın hadiəsi ilə bağlı cavabdeh tərəfindən cinayət işinin başlanılmaması, hərəkətsizlik göstərilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: -449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); -449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; -449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; -449.1.4. müstəntiqin; -449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Eyni Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: -449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; -449.3.2. tutma və həbsdə saxlanılması; -449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; -449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; -449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; -449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; -449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; -449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; -449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; -449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmə yuxarıda adıçəkilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçıya məxsus obyektdə baş vermiş yanğın hadisəsi üzrə cinayət işinin başlanması ilə bağlı cavabdehin hərəkəti (hərəkətsizliyi) “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyət olmaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Yəni hazırkı iş üzrə cavabdeh qismində göstərilən orqanla iddiaçı arasında yaranan münasibət inzibati hüquq münasibəti deyil və deməli, tərəflər arasında inzibati mübahisə yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü nəzərə alaraq izah edir ki, CPM-in 67.3 və 449.1-ci maddələrinin tələblərinə əsasən iddiaçının hazırkı tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar