Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11426/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Doğum haqqında şəhadətnamədə soyadının “Allahverdizadə” soyadından “Allahverdiyev” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Soyadını “Allahverdiyev” soyadından “ Allahverdizadə” soyadına dəyişdirmişdir. Lakin sonralar bir çox sənədləşmə işlərimdə çətinliklərlə üzləşdi. Çünki sənədlərinin hamısı köhnə soyadı yəni “Allahverdiyev” soyadı ilə qeydiyyata alınmışdır. O sənədləri “Allahverdizadə” soyadına dəyişmək isə həm vaxt həm maddi baxımmndan çətindir. Soyad sonluğunun yenidən “Allahverdi” zadədən “Allahverdi” yevə dəyişdirilməsi üçün 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə 21 may 2025-ci il tarixdə müraciət etdi. Lakin onlar 3-16-5/8-1620/25 saylı 22 may 2025-ci il tarixli məktubla bildirmişlər ki, soyad sonuluğunun əvvəlki soyad sonluğun dəyişdirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZ-İİİ seriyalı 675699 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1962-ci il tarixdə 504 nömrəsi ilə qeyd edilmişdir. X1, anası X4r. Doğum haqqında Şəhadətnamə xx.xx.2016-cı il tarixdə verilmişdir. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-56442/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -X3 xx.xx.2016-cı il tarixdə ərizə ilə müraciət edərək soyadının Allahverdiyevdən Allahverdizadəyə dəyişdirilməsini xahiş etmişdir. -A3 seriyalı 374629 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X3 xx.xx.1962ci il tarixdə doğulmuşdur. X1, anası X4r. Şəhadətnamə 18 avqust 1962-ci il tarixdə verilmişdir. Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-1620/25 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “soy”, “gil”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Əlavə olaraq qeyd edirik ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Sizin soyad sonluğunuz əvvəlki müraciətiniz əsasında dəyişdirildiyi üçün növbəti dəfə yenidən dəyişiklik edilməsinə icazə verilmir. Qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən soyad sonluğunun yenidən “Allahverdizadə”-dən “Allahverdiyev”-ə dəyişdirilməsi imkanımız xaricindədir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. Beləliklə işin hallarından görünür ki, iddiaçının soyadı X3 olmuş, daha sonra soyadını Allahverdiyevdən Allahverdizadəyə dəyişdirmiş və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi,nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə soyadının Allahverdizadədən Allahverdiyevə dəyişdirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Soyadının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. İddiaçı soyadının təkrarən dəyişdirilməsi zəruriliyini əsaslandıran halları təqdim etməmişdir. Belə olan halda iddiaçının soyadının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11426/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11426/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver