Məhkəmə qərarları › İş №2-1(112)-11427/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11427/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11427/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “3 illik təqaüdünün ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 12 fevral 2020-ci il tarixinə kimi ödənilməli olan 3 illik təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Gorus rayonu, Qurdqallaq kəndində anadan olmuşdur. Hal-hazırda o, ünvan 1 ünvanında öz ailəsi ilə birlikdə yaşayır. O, Füzuli rayonundan məcburi köçkündür. O, 1-ci Qarabağ müharibəsi zamanı Naxçıvan Muxtar Respublikası Batabat və Sədərək uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməyinə baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. İddiaçı bununla bağlı bir çox yerə müraciət etmişdir. O, döyüşlərdə iştirak etdiyindən 12 fevral 2020-ci il tarixində ona müharibə veteranı vəsiqəsi verilmiş, bu səbəbdən də, o, 12 fevral 2020-ci il tarixindən 80 manat təqaüd alır. Hazırda onun 50 yaşı var və hesab edir ki, ona 12 fevral 2020-ci il tarixinə kimi ən azı 3 illik ödənilməyən təqaüdü verilməlidir. Bu səbəbdən o, 3 illik ödənilməyən təqaüdünü tələb etmək istəyir. O, cavabdehə ərizə ilə müraciət edərək ona ödənilməyən 3 illik təqaüdünün ona verilməsini xahiş etmişdir. Lakin ona imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2020-ci il tarixdə almış və cavabdeh tərəfindən ona həmin tarixdən aylıq 80 manat məbləğində müharibə veteranlarına Prezident təqaüdü təyin edilib ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, müharibə veteranlığına görə ona təyin edilmiş təqaüdün keçmiş dövr üzrə ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-132028/2024 nömrəli qərarı ilə veteranlıq vəsiqəsinin verilmə tarixi xx.xx.2020-ci il olduğundan əvvəlki dövrə təqaüd təyin etmək mümkün hesab edilməmiş və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 144249/2024 nömrəli məktub ünvanlanmışdır. Belə ki, təqaüd sosial müavinətin bir növü olmadığı və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixində anadan olmuşdur. O, ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. M/V seriyalı, 087296 nömrəli, 12 fevral 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, iddiaçıya həmin tarixdə müharibə veteranı adı verilmişdir. Cavabdehin Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə xx.xx.2024-cü il tarixli qərarına əsasən veteranlıq vəsiqəsinin verilmə tarixi xx.xx.2020-ci il olduğundan əvvəlki dövrə təqaüd təyin etmək qanunvericiliyinə əsasən mümkün hesab edilməmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin 22 iyun 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 12 fevral 2020-ci il tarixinə kimi ödənilməli olan 3 illik təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Sosial müavinətlər haqqında” Qanunda göstərilmişdir ki, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir (1.0.1.). Həmin Qanunun 4-cü madəsində sosial müavinətlərin növləri təsbit edilmişdir. Həmin müavinətlər aylıq müavinətlər və birdəfəlik müavinətlər olmaqla iki yerə ayrılmışdır. Həmin Qanunun 9-cu maddəsində sosial müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli Fərmanının qüvvədən düşmüş 1.1.7-ci bəndində əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat sosial müavinət müəyyən edilmişdi. Lakin, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə yuxarıda qeyd edilən Fərmanın 1.1.7-ci bəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanında isə nəzərdə tutulmuşdur ki,

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Qeyd edilə normativ hüquqi aktların məzmunundan görünür ki, sosial müavinət dedikdə “Sosial müavinətlər haqqında” Qanunun 4-cü madəsində nəzərdə tutulmuş sosial ödənişlər nəzərdə tutulur. Həmin ödənişlərə aylıq müavinətlər: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; əlilliyə görə müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; yaşınadək uşağa qulluğa görə müavinət; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; beşdən çox uşağı olan qadınlara müavinət; övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət (4.0.1.) və birdəfəlik müavinətlər: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət; himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət (4.0.2.) aid edilmişdir. İddiaçı daha əvvəllər müvafiq müraciətlər etməsinə baxmayaraq ona 2020-ci ildə müharibə veteranı adının verildiyini bildirərək, mühaibə veteranlarına ödənilən prezident təqaüdünün əvvəlki 3 il üçün də hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi qanunvericilikdə sosial müavinət anlayışı ilə Prezident təqaüdü anlayışları fərləndirilmişdir ki, sosial müavinətin müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi müəyyən edilsə də, Prezident təqaüdünün təyin edilməzdən əvvəlki dövr üçün ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçıya xx.xx.2020-ci ildə müharibə veteranı adı verildiyi üçün, müharibə veteranlarına ödənilən Prezident təqaüdü də ona məhz həmin tarixdən sonra ödənilməlidir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina cavabı qanuni və əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “12 fevral 2020-ci il tarixinə kimi ödənilməli olan 3 illik təqaüdünün ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar