Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11429/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı “sənədin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanladığı sənədin (8 i 11-33) qanunsuz olması və icra idarəsinin iddiaçıya qarşı icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi bununla əsaslandırmışdır ki, cavabdeh tərəf Yasamal Rayon İcra Şöbəsinə xx.xx.2025-ci il tarixdə 8i 11-33 saylı sənədlə müraciət edərək, iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 2100 manat məbləğində kredit tutulmasına dair məktub göndərmişdir. Cavabdeh səlahiyyətli orqan kimi hansısa bir hərəkət edərsə, qanunlara uyğun olaraq bunu həyata keçirməlidir. Bu məsələdə bir tərəf kimi iddiaçı ilə cavabdeh nə yazılı, nə də şifahi formada əlaqə saxlamamış, iddiaçı hər hansı bir görüləcək tədbirlər barədə məlumatlandırılmamışdır. Yəni qanunvericiliyin prinsipləri tam surətdə pozulmuşdur. İddiaçının həmin borca heç bir aidiyyətinin olmaması, adından ona naməlum şəxslər tərəfindən məbləğin oğurlanması barədə, Yasamal Rayon Polis İdarəsinə rəsmi müraciəti olmuşdur və hazırda istintaq şöbəsində cinayət işi aparılır. Cavabdehin müraciəti əsassız olduğundan ləğv edilməli və həmin müraciət əsasında Yasamal Rayon İcra Şöbəsinin iddiaçı barəsində icraatı dayandırılmalıdır. Cavabdeh iddiaya yazılı münasibətini bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, , Bakı şəhəri 19 saylı notariat ofisinin Xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 42 ünvanında yerləşən "xxxx" ASC /VÖEN: **********/ xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2017- Asan3-2; FİN:xxxxxxx; d/t: xx.xx.1961) AU29117/93/35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1979 manat 57 qəpik (min doqquz yüz yetmiş doqquz manat əlli yeddi qəpik) tutulsun. Bundan əlavə, təklif edilmişdir ki, İddiaçı 94 manat 50 qəpik (doxsan dörd manat əlli qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2099 manat 07 qəpik (iki min doxsan doqquz manat yeddi qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. "xxxx"-nın Yasamal rayon İcra Şöbəsinə məktubundan görünür ki, borclu İddiaçı cəmi 2099.07 manat borcun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Bakı şəhəri 19 saylı Notariat kontorunun 8İ-1133 saylı xx.xx.2025-ci il tarixli icra sənədi var. Borclu "xxxx" MMC-də işləyir. Hal-hazırda borclunun 2099.07 manat borcu var. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, e66015/2025-53-2-002 nömrəli məktubundan görünür ki, borclu İddiaçı cəmi 2099,07 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair Bakı Şəhəri 19 saylı Notariat Kontorunin 8İ-1133 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi borclu İddiaçı əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün göndərilmişdir. Tutulan məbləğin bilavasitə tələbkar "xxxx" ASC-nin hesabına köçürülməsi qeyd olunmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən verilmiş icra qeydini mübahisələndirir və həmin işə baxılanadək isə icra icraatının dayandırılmasını xahiş edir. Məhkəmə icra qeydinin qanunsuz sayılması ilə bağlı qeyd edir ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda onunla cavabdeh "xxxx" ASC arasında yaranmış borc üzrə notarius tərəfindən aparılmış icra qeydini mübahisələndirir, hansı ki, bu tələbin faktiki əsasını müqavilə münasibətləri təşkil edir. Bundan əlavə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində göstərilirdi ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.104-cü maddəsi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsi ləğv edilmişdir (bu Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Bundan sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının yuxarıda istinad olunan 8-ci bəndinə dəyişiklik edilərək həmin bənd aşağıdakı redaksiyada verilmişdir: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsi xx.xx.2021-ci il tarixdə qüvvədən düşsə də, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini müəyyən edən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndi qüvvədə olmuş, həmin müddəada mübahisələrə mülki qaydada baxılması təsbit edilmiş, xx.xx.2021-ci il tarixdə həmin bənddə dəyişiklik edilsə də, mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qaydaya dəyişiklik edilməmiş, yenə də həmin mübahisələrə mülki mühakimə icraatı çərçivəsində baxılması təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, notariusun icra qeydinin ləğv edilməsinə yönəlmiş tələb inzibati hüquqdan irəli gələn tələb, mübahisə isə inzibati mübahisə hesab olunmadığından hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. İddia tələbinin Yasamal rayon İcra Şöbəsində icraatın dayandırılması məsələsinə gəldikdə, birincisi, iddiaçının bu tələbinə münasibətdə cavab verməli orqan 19 saylı notariat ofisi deyildir. İkincisi, “İcra haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.4. notariusun icra qeydləri... Həmin Qanunun 17-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.4. bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə. Göründüyü kimi, Qanuna əsasən notariusun icra qeydinin deyil, həmin qeydin verilməsinə əsas olan sənəd mübahisələndirildikdə icra sənədi üzrə icraat dayandırılır. Buna görə də məhkəmə iddiaçıya izah edir ki, o, Yasamal rayon İcra Şöbəsində olan icra üzrə icraatın dayandırılmasını arzu edirsə, mülki mühakimə icraatı qaydasında notariusun icra qeydinin verilməsinə əsas olan sənədi mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati) xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-11429/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11429/2025
18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver