Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1143/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamına əsasən ona yaşayış evinin tikintisi üçün ayrılmış Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cii il tarixli, 950 saylı sərəncamına əsasən ona yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1200 kv.ın torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamı arxivdə aşkar edilmişdir. Sözügedən torpaq sahəsi Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşdiyindən Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Qeyd olunan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin X4 Sovxozunun ərazisində yerləşməsi əsası ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Adıçəkilən torpaq sahəsinin X4 Sovxozunun ərazisində deyil, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşdiyinə və torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə onun adına ayrıldığına istinad edərək cavabdehin imtinasını əsassız hesab edir. Göstərilənlərə əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, lakin elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi X4 sovxozunun ərazisində yerləşdiyinə görə ərizənin icrası mümkün olmamış, bu səbəbdən ona imtina barədə bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini azaltmış və məhkəmədən yuxarıda qeyd olunan sərəncama əsasən Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yaşayış evinin tikintisi üçün ona ayrılmış 1159 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamından görünür ki, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində, məhəllə 145- 000-130 №li layihə tipli 1200 kv.metr sahədən ibarət şəxsi sahə yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamının təsdiq edilmiş surəti iddiaçıya göndərilmiş, lakin sərəncama cizgi və aktın əlavə edilmədiyi bildirilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli, R-148-091 saylı məktubdan görünür ki, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində iddiaçının adına ayrılmış torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya ünvanlanmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəyə baxılaraq elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin X4 sovxozunun ərazisində yerləşdiyi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən məktubdan əlavə olunmuş Azərbaycan SSR Rabitə Nazirliyinin 53-cü Hərbiləşdirilmiş Keşikci Dəstəsi tərəfindən Lenin rayonu, X3 ünvanlanan məktubdan (vəsatət) görünür ki, İddiaçı işlədiyi müddətdə intizamlı işçi olduğunu nəzərə alaraq İddiaçı adına Kürdəxanı kənd ərazisində torpaq ayrılmasını xahiş edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla, eləcə də barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılmasının ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamına əsasən İddiaçı adına ayrılmış Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilsin. - Hazırda iddiaçının istifadəsində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimalqərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsi sxematik xəritəyə əsasən harada yerləşir? Həmin torpaq sahəsinin torpaqların bölgüsünə dair sxematik xəritəyə uyğun naturada yeri müəyyənləşdirilsin. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsindən ibarət olan sahənin naturada faktiki yeri müəyyən edildikdən sonra digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi, digər şəxsin adına qeydiyyatdan keçib-keçmədiyi müəyyən edilsin. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin kordinatları hər hansı digər torpaq sahəsinin kordinatları (sahə sərhədləri) ilə üst-üstə düşürmü? - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin kordinatları digər şəxsin adına hüquqularının qeydə alındığı sahənin kordinatları ilə üst-üstə düşdüyü təqdirdə həmin şəxs müəyyən edilsin. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr torpaq sahəsi faktiki yerləşmə sxemi üzrə X4 sovxozunun ərazisində yerləşirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3100 №li ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilənlər əsasında rəyin nəticəvi hissəsindən görünür ki; - İddiaçı tərəfindən tanıdılmış, istifadəsində olan, tərəflərdən daş hasarla bərkidilmiş 1235 kv.m torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilmişdir. 1235 kv.m torpaq sahəsinin coğrafi yerləşmə yeri Sabunçu RİH-nin təsərrüfat şöbəsinin müdiri tərəfindən tərtib edilmiş yerləşmə sxeminə uyğun gəlir (yerləşmə sxemində göstərilmiş koordinat əsasında). - Hazırda iddiaçının istifadəsində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimalqərb hissəsində yerləşən 1200 kv.metr (faktiki 1235 kv.m) torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən X4 sovxozunun ərazisində yerləşir. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr (faktiki 1235 kv.m) torpaq sahəsinin 41 kv.m hissəsi, elektron kadastr məlumat bazasına əsasən X2 adına qeydiyyatdan keçmiş (reyestr tarixi xx.xx.2015-ci il, reyestr nömrəsi- **********97) torpaq sahəsi ilə üst-üstə düşür. - Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 1200 kv.metr (faktiki 1235 kv.m) torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən X4 sovxozunun ərazisində yerləşir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxil edilmişdir (2.7). Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Həmin Məcəllənin 8-ci maddəsinə görə torpaq islahatını həyata keçirmək məqsədilə rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondu kolxozlar, sovxozlar, digər kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları tərəfindən səmərəli istifadə edilməyən (meşə fondu, qışlaq və yaylaq sahələri, qoruqlar və yasaqlıqlar istisna olmaqla) torpaq sahələri, habelə vətəndaşların xüsusi mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilmiş torpaq sahələri hesabına yaradılır. Həmin Məcəllənin 9-cu maddəsinə görə torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Həmçinin məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələri Dövlət Xidmətinin vəzifələrindən biri kimi təsbit edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamına əsasən Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində iddiaçının adına 1200 kv.metrdən ibarət torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq müvafiq qaydada təsdiq olunmuşdur. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin X4 sovxozunun ərazisində yerləşdiyi, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. Cavabdehin qeyd olunan dəlilləri ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq ekspert rəyi üzrə müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan tərəflərdən daş hasarla bərkidilmiş 1235 kv.m torpaq sahəsinin coğrafi yerləşmə yeri Sabunçu RİH-nin təsərrüfat şöbəsinin müdiri tərəfindən tərtib edilmiş yerləşmə sxeminə uyğundur, lakin qeyd olunan torpaq sahəsinin 41 kv.m hissəsi, elektron kadastr məlumat bazasına əsasən X2 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsinin 41 kv.m hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin həcmini azaldaraq 1159 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, yuxarıda istinad olunan 1991-1999-cu illərdə qüvvədə olmuş Torpaq Məcəlləsinin müddəalarına əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin dövlət mülkiyyətində olan torpaqları öz səlahiyyətləri daxilində xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdi. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində həmin sənədlər (onlardakı məlumatlar), onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati akt qanunda göstərilən müddət ərzində ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamına əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1159 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid planölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 950 saylı sərəncamına əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində 1159 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1143/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1143/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver