Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11450/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrə dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrə dəyşiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (ehtiyatda olan kapitan) İddiaçı 3 avqust 2000-ci il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 24 iyun 2004-cü il tarixdə həmin məktəbi bitirmiş və həmin tarixdən 10 fevral 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. Müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 fevral 2021-ci il tarixli 0219 nömrəli əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməsinin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı və onunla birgə N nömrəli hərbi hissədə xidmət etmiş yeddi zabit “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət ünvanlamışlar. Cavab olaraq Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 20 iyun 2022-ci il tarixli 11/2222 nömrəli məktubunda qeyd edilmişdir ki, Hüquq İdarəsinin sorğusuna əsasən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin 10 iyun 2022-ci il tarixli 14/1634 nömrəli məktubunda Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli əmrinə əsasən onların xidmət etdiyi müvafiq hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək aparılmış döyüş əməliyyatlarına cəlb edilmədiyi göstərildiyindən müraciətdə qaldırılan məsələnin həllindən imtina olunmuşdur. Qeyd olunan məktub Müdafiə Nazirlyindən poçt vasitəsi ilə ərizədə qeyd olunan ünvana 12 iyul 2022-ci il tarixdə çatdırıldığından, Müdafiə nazirinin yuxarıda qeyd edilən 4 mart 2021-ci il tarixli əmrinin mövcüd olmasından həmin tarixdə, yəni 12 iyul 2022-ci il tarixdə məlumat almışdır. İddiaçı Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş inzibati aktı (əmri) ərizədə sadalanan müvafiq səbəblərə görə qanunsuz və əsassız hesab etməklə məzmununda dəyişiklik edilməsini məqsədəuyğun və qanuni hesab edir: Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 25, 60, 68-ci maddəsinə İPM-in 8.1.3, 14.1, 35.1, 38.1, 70.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 67.1, 72-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinə əsaslanaraq, Müdafiə nazirinin 4 mart 2021-ci il tarixli əmrinin (inzibati aktın) məzmununda dəyişiklik (müvafiq hərbi hissənin əlavə edilməsi) olunması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası təmin oluna bilməz. İPM-in 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. İddiaçı müvafiq hərbi hissənin adından məhkəmədə İPMin 26.2-ci maddəsinə əsasən nümayəndə kimi təmsil oluna bilər. İddiaçıya həmin hərbi hissənin adından iddia qaldırmaq hüququ verilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Göstərilənlərə əsaslanaraq, İPM-in 26.2 və 47.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və onun mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır, 2.0.11-ci maddəsinə görə isə, əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, mövcud qanunvericilik normalarına görə inzibati məhkəmə icraatı qaydasında baxılan “mübahisələndirmə haqqında” iddialarda inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi tələb oluna bilər. Hazırkı iş üzrə məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçı iddiasında cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə 4 mart 2021-ci il tarixli əmrdə dəyişiklik edilməsi öhdəliyinin qoyulmasını tələb etsə də, o, mahiyyətcə cavabdehin həmin əmri mübahisələndirir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi “4 mart 2021-ci il tarixli əmr” inzibati akt kimi qiymətləndirilə bilməz. Çünki, həmin əmr müəyyən nəticə doğurmasına baxmayaraq, inzibati icraat çərçivəsində qəbul olunmamışdır və iddiaçıya münasibətdə istər əlverişli aktın, istərsə də əlverişsiz aktın əlamətlərini daşımır. Belə olan halda məhkəmənin qənaətinə görə, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11450/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11450/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver