Məhkəmə qərarları › İş №2-1(112)-11454/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11454/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11454/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisinə qarşı “bütün müraciətlərə cavab verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə elektron qaydada və xx.xx.2023-cü il tarixdə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisinin əsl cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilməsini, iddia tələbinin “xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlərə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizələr icraata qəbul edilmiş, cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi əsl cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilmiş, iddia tələbinin “xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlərə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə etdiyi müraciətlər cavablandırılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Vətəndaşların müraciətlərinə dair tələblər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-İVQ nömrəli Qanununun 6cı maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 6.8-ci maddəsinə əsasən elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır. Analoji tələb kağız üzərində yazılı müraciətə də həmin Qanunun 6.5-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir. Həmin Qanunun 8-ci maddəsi müraciətin baxılmamış saxlanılması hallarını müəyyən edir. Müraciətin baxılmamış saxlanılması hallarından biri də həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab verməməkdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 8.1.2-ci maddəsində qeyd olunan müraciətlər baxılmamış saxlanılmalıdır. Bundan əlavə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası yeri Azerbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının Cəzaların icrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2000-ci il tarixli 388 nömrəli Fərmanın 3.3-cü yarımbəndində müəyyən edilmişdir ki, Cəzaların İcrası Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 57. Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. 6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir: 6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; 6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. 6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. 6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. 6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır. 6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. 6.8. Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır. 6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir. Maddə 8. Müraciətin baxılmamış saxlanılması 8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: 8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; 8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; 8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; 8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə; 8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə. 8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. 8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən normaların tələbindən göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinə dair tələblər və müraciətin baxılmamış saxlanılması əsaslarını dəqiq müəyyən etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının məhkum X2 və məhkum X3 barəsində müraciətləri cavablandırılmışdır. Digər elektron sənəd formasında göndərilən müraciətləri isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 6.8-ci maddəsinin tələblərinə uyğun olaraq elektron imza ilə təsdiq olunmadığından həmin Qanunun 8.1 və 8.1.2-ci maddələrinin əsasən baxılmamış saxlanılmışdır. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində müraciətlərin cavablandırılmasından qanunsuz imtinanı, bununla da iddiaçının hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar