Məhkəmə qərarları › İş №2-1(112)-11457/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11457/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11457/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı məhkəməyə müraciət edərək Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş ДИ ******* nömrəli, xx.xx.2020 tarixli diplomun ölkə ərazisində tanınmasından cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi, həmin diploma tanınma şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-2020-ci illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetininin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə ali təhsil almışdır. Hazırda artıq 10 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidmətində dispetçer vəzifəsində çalışır. AR Nazirlər Kabinetinin xx.xx.2023 tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”na uyğun olaraq diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - TKTA) müraciət etmişdir. Nazirlik özünün xx.xx.2023 tarixli, NA00010949saylı məktubu ilə diplom və ona əlavələrin yuxarıda qeyd olunan qaydalara uyğun gəlmədiyini əsas gətirərək təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. Xarici ölkələrdə alınmış təhsil sənədlərinin Azərbaycan Respublikasında mütləq tanınması tələbinin özü insanın təhsil hüququnu qeyri-adekvat şəkildə məhdudlaşdırır. AR Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında rəsmi sənədlərin leqallaşdırılması tələbi, həm ikitərəfli müqavilələr, həm də xx.xx.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə aradan qaldırılmışdır. Həmin konvensiyaya əsasən konvensiyaya qoşulmuş dövlətdə müvafiq qaydada apostil vurulmuş sənəd konvensiyaya qoşulmuş digər dövlətdə istifadə edilmək üçün həqiqi sayılır və əlavə leqallaşdırmaya ehtiyac yoxdur. Bu mənada Belarus Respublikasının Mülki Mühafizə Universiteti tərəfindən ona verilmiş və Belarus Respublikasında apostillə təsdiq edilmiş ДИ ******* nömrəli, xx.xx.2020 tarixli diplom Azərbaycan Respublikasında əldə edilmiş müvafiq sənədə bərabər tutulur və əlavə leqallaşdırmaya ehtiyac olmadan tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxaq müqavilələr tətbiq edilir. Digər tərəfdən AR Nazirlər Kabinetinin xx.xx.2023 tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın (bundan sonra - Qaydalar) ona münasibətdə tətbiqi qanunun zamana görə qüvvəsi baxımından səhvdir. Çünki onun xarici ölkədə təhsil almağı ilə bağlı hüquq münasibəti təhsil almağa başladığı il 2015-ci ildə yaranmışdır. Sözügedən qaydalar isə 2023-cü ildə qəbul edilmişdir və beləliklə onun xarici diplomunun Azərbaycan Respublikasında tanınması adıçəkilən Qaydalara əsaslanmaqla tələb oluna bilməz. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İmtina məktubunda göstərilən yeganə əsas bundan ibarətdir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Buna arqumentə əsaslanmaqla imtina edilməsi tamamilə absurddur. Belə ki, o, təhsil aldığı müddət ərzində Belarus Respublikası ərazisində olmuşdur. Bunu qoşmada təqdim etdiyi xarici pasportda qeyd edilmiş giriş-çıxış məlumatlarından da görmək olar. Qaydalara əsasən şəxsin mütləq təhsil aldığı xarici ölkəyə fiziki olaraq gedib-gəlməsi barədə tələbə rast gəlinmir. Ümumiyyətlə, həmin Qaydalarda ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün 3 əsas müyyən olunmuşdur: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdeh tanınma şəhadətnaməsinin verilməsindən imtina edərkən bu əsaslardan heç birinə istinad etməmiş, AR Nazirlər Kabinetinin xx.xx.2023 tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”na istinad etmişdir ki, yuxarıda qeyd etdiyi kimi bu sənədin ona münasibətdə tətbiq olunması hüquqi baxımdan düzgün deyil və vətəndaş hüquqlarının yersiz yerə pozulmasıdır. Buna görə də, cavabdeh tərəfindən onun ali təhsili haqqında xarici diplomumun Azərbaycan Respublikasında tanınmasından imtina edilməsi qanunsuzdur. Cavabdeh tərəfindən tanınma şəhadətnaməsinin verilməsindən imtina edilməsi təhsil hüquqlarının kobud şəkildə pozulması, 5 il ərzində təhsil almaq üçün çəkdiyi əziyyətin gözə alınmaması, imtina nəticəsində tanınma şəhadətnaməsinin ona verilməsi ilə gələcəkdə əldə edəcəyi uğurlardan, maddi və mənəvi qazanclardan məhrum buraxılmağı deməkdir.

3. Cavabdeh qurumun iddiaçının müraciətinə cavab olaraq “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasında imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarında bildirilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən Qərara alındı: Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra-Qaydalar)na əsasən həyata keçirilir. Elektron ərizə sistemindəki qeydiyyat tarixlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində elektron ərizəsini təsdiqləyərək müraciət etmişdir ki, bu tarix sözügedən Qaydaların xx.xx.2023-cü il tarixində qüvvəyə minməsindən sonraya təsadüf edir və iddia ərizəsində həmin normativ-hüquqi aktın geriyə qüvvəsi barədə əsaslandırma əsassızdır. Eyni konteksdə iddiaçı öz ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na istinad edir, həmin Qaydalardaki imtina əsaslarını məhkəməyə təqdim edir ki, həmin Qərar yeni normativaktın qəbulu zamanı Nazirlər Kabienti tərəfindən ləğv edilmişdir. Bu Qaydaların 4.4.1-ci yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi") üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədrsi ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Eyni Qərarın 8.7.5-ci yarımdəndində isə qiyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə hər semestr üzrə 1 həftə imtahan sessiyası (bir tədris ili üzrə 2 həftə) nəzərdə tutulmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2015/2016-cı il- 13 gün; 2016/2017-ci il -13 gün; 2017/2018-ci il - 13 gün; 2018/2019-cu il-14 gün; 2019/2020-ci il-getməyib (İ semestr) (İİ semestr pandemiya dövrü). Qeyd olunmuş sərhədkeçmə məlumatları əsasında aydın olur ki, iddiaçı təhsil aldığı dövrünün heç bir ili üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən aktlarda əks olunmuş normativlər üzrə kifayət qədər xarici ali təhsil aldığı ölkədə olmamışdır. Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda qiyabi təhsilalma forması üzrə hətta azərbaycan dilindəki təhsil proqramlarının mənimsənilməsi üçün minimum 6 həftəlik auditoriya və 2 həftəlik imtahan sessiyalarını nəzərdə tutduğu halda iddiaçı xarici dildə ali təhsili almaq üçün Qaydalarda bu müddətin yarısı kimi nəzərdə tutulmuş tələbə uyğun xarici ali təhsil aldığı ölkədə olmamışdır. Bununla bərabər Azərbaycan Respublikası Əmək Məcəlləsi 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. İddia ərizəsində "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikası və Belarus Respublikası ilə bağlanmış eyni istiqamətdəki sazişə istinad edərək beynəlxalq müqavilələr və yerli normativ-hüquqi aktlar arasında ziddiyətə diqqət çəkilmişdir, lakin cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin Qərarı ilə onun səlahiyyət çərçivəsinə aid edilmiş xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyanırı tanınması üzrə icraat aparmış, iddiaçının diplomunun həqiqiliyini mübahisələndirməmişdir. Yekun olaraq, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) çıxarışa əsasən İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə Belarusiyada, xx.xx.2017xx.xx.2017-ci il tarixlərdə Ukraynada, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə Belarusiyada olmuşdur.

5. İş materiallarında olan iddiaçının vəsiqəsinin surətindən görünür ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətində dispetçer vəzifəsində işləyir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən təqdim edilmiş Binəqədi rayon X3 hissəsinin arayışına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən iddiaçıya təhsil məzuniyyətinin verilməsi DYMX-nin xx.xx.2016-cı il tarixli 0176/e nömrəli əmri ilə xx.xx.2016-xx.xx.2016-cı il tarixlərində 15 təqvim günü müddətində, xx.xx.2017-ci il tarixli 0189/e nömrəli əmri ilə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2018-ci il tarixli 0095/e nömrəli əmri ilə xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2019-cu il tarixli 0086/e nömrəli əmri ilə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində isə 14 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti verilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli Bakalavr diplomuna və ДИ ******* nömrəli diploma əlavəyə əsasən, İddiaçı “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mühəndisi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.

15. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.

16. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

18. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

19. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dar ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

20. Təhsil müddəti 5 il olmaqla qiyabi formada olmaqla xx.xx.2015-xx.xx.2016, xx.xx.2016xx.xx.2022-ci illəri əhatə edir. Məhkəmə nəzərə alır ki, iddiaçının iş yerinin arayışına əsasən o, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir.

21. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (İ tədris ili üzrə - 13 gün, İİ tədris ili üzrə - 13 gün, İİİ tədris ili üzrə - 13 gün, İV tədris ili üzrə - 14 gün, V tədris ili üzrə - 0 gün-pandemiya dövrü) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür.

22. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.

23. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar