Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1146/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində 500 kv.m sahəsi olan 32 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X1 üzvlüyünə qəbul edilmiş və ona Sənqəçal bağ massivində 500 kv.m sahəsi olan 32 saylı bağ sahəsi təhkim edilmişdir. Bununa bağlı N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X2 üzvlərinin xx.xx.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışın surətini, bağçılıq üzvlük kitaçasının surətini iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 10/518 saylı NQÇİ Yoldaşlıq Bağçılıqla məşğul olmaq üçün 60 nəfərə və 30 nəfərə əlavə torpaq sahələrinin ayrılmasına dair sərəncama uyğun olaraq 2005-ci ildə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Ona ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə tələb olunan sənədləri əlavə etməklə cavabdehə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdeh öz imtinasında bildirmişdir ki, bağ sahəsi “Dəniz Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, bağ sahəsi “Dəniz Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi onun təqsiri deyil və bu səbəblə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümmkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli **********27 nömrəli cavab məktubu ünvanlanmışdır.
5. Şifahi məhkəmə baxışı iclasınının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli **********27 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır.
8. N.Nərimanov adına NQÇİ Həmkarla İttifaqı Komitəsi X1 xx.xx.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışa əsasən İddiaçı ərizəsinə əsasən X2 üzvlüyünə qəbul edilmiş və Səngəçal bağ massivində sahəsi 500 kv.m olan 32 saylı bağ sahəsi ona təhkim edilmişdir.
9. İddiaçının adına 1999-cu il tarixli 32 nömrəli X5 verilmişdir.
10. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli 10/518 nömrəli sərəncamına əsasən “Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsi” Yoldaşlıq bağçılıqla məşğul olmaq üçün 60 nəfərə və 30 nəfər əlavə olaraq sahələrin ayrılmasına dair torpaq sahəsinin cizgisi 2005-ci il tarixli 05/438 nömrəli ayrıc aktı təsdiq edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 07 iyun 2022-ci il tarixli BA-03296-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarının təsdiq edilmiş kserosurəti təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********39 nömrəli və xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktublarla “Dəniz Neftçisi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində 32 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin İddiaçı adına) İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq N.Nərimanov adına NQÇİ-nin X2na aid sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-cı il tarixli 110/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇi-nin işçilərinə paylanmış bağ sahələrinin xx.xx.2012-ci il tarixdə təsdiq olunmuş siyahısında İddiaçı adı 74-cü sırada qeyd edilmişdir.
13. N.Nərimanov adına NQÇİ Həmkarlat İttifaqı Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlnamış xx.xx.2012ci il tarixli məktuba əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsi Qaradağ rayonunun Şıxlar sahəsində X6 İşləri İdarəsinə (SDQİİ) xx.xx.1987-ci il tarixli 19/340 saylı qərarla 2.0 ha, xx.xx.1989-cu il tarixli 10/369 saylı qərarla Səngəçal sahəsində 3.5 ha, xx.xx.1990-cı il tarixli 4/145 saylı qərarla Səngəçal sahəsində əlavə olaraq 62 nəfərlik, N.Nərimanov adına NQÇİ-nə xx.xx.1990-cı ildə 7\437 saylı qərarla Səngəçal sahəsində 62 nəfərlik və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarla əlavə olaraq 30 nəfərlik, digər bir sənədləri tapılmayan qərarla 96 nəfərlik bağ sahəsi ayrılmışdır. 1987-1991-ci illərdə başqa xalqların nümayəndələri də, onlarla bərabər işləyirdilər və onlara da, bağ sahələri verilmişdir. Lakin, onlar aldıqları sahədə heç bir iş görməmişlər. Məlum hadisələrlə əlaqədar bağ sahələri almış şəxslərin çox hissəsi Respublikanı tərk etdiyinə görə onlara verilmiş bağ sahələri onların adından çıxarılaraq neft sənayesndə çalışan başqa işçilərə verilmişdir. Ona görə də, o vaxtlar verilmiş ilkin siyahılar etibarsız sayılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Şıxlar” və “Səngəçal” bağ massivlərinin bağçılıqyoldaşlıq üzvlərinin ilkin siyahısı təqdim edilmişdir.
14. Məhkəmənin 2-1(112)-1146/2023 saylı xx.xx.2023-cü il tarixli “məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə” qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3611 nömrəli 01 avqust 2023-cü il tarixli rəy təqdim edilmişdir. Təqdim edilmiş rəyə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 565.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının heç bir ayrıc aktı daxilinə düşmür. Sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qobustan Əməliyyat” şirkətinin əraziləridir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsas aşağıdakıdır:
1. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsi “Dəniz Neftçisi” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının ayrıc aktından kənarda yerləşir.
22. Məhkəmə mübahisənin mahiyyəti üzrə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
26. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilmiş sənədlərin mövcud olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır.
27. Hazırki mübahisə üzrə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmuş, bununla da onun torpaq (bağ) sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır.
28. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısında İddiaçı adı 74-cü sətirdə göstərilmişdir. Bundan sonra İddiaçı “Dəniz neftçisi” X2 üzvlüyünə qəbul olunması ilə bağlı iclas keçirilmiş və üzvlüyü qəbul olunması protokol ilə rəsmiləşdirilmiş, bununla bağlı ona üzvlük kitabçası verilmişdir. Göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən bağ sahəsinə münasibətdə üzvlük kitabçasına, bağlar təsərrüfatının iclasından protokola malik olmuş, onun adı bağlar təsərrüfatının siyahısında aşkar olunmuş, bununla da o bağ sahəsinə hüquqmüəyyənedici sənədlərə malik olmuşdur.
29. Məhkəmə diqqətə çatdırır ki, təqdim olunan sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir.
30. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş protokoldan müvafiq çıxarış, eyni zamanda “N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi” X1 üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir.
32. Məhkəmə cavabdehin imtinasında göstərilmiş “bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsi” ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdehin həmin dəlili iş materiallarında olan ekspert rəyi ilə təsdiq edilsə də, həmin dəlil, iddiaçının bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz.
33. Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
34. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
35. Hazırki mübahisə ilə oxşar mübahisə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz.
36. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, əgər torpaq sahəsi ayrıc aktından kənarda yerləşsə belə, bu hal vətəndaşın ziyanına şərh edilmir. Məhkəmə hesab edir ki, bununla da, cavabdehin imtinasının əsası kimi göstərdiyi hal aradan qalxmışdır.
37. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
39. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
40. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3611 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində 500 kv.m sahəsi olan 32 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva