Məhkəmə qərarları › İş №2-1(112)-11466/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11466/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11466/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Daxli İşlər Nazirliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar X4, İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından istefaya çıxdığı vaxt (xx.xx.2015-ci il tarixdə polis polkovnik-leytenantı Elçin Səmədov, xx.xx.2015-ci il tarixdə isə polis polkovniki İddiaçı) cavabdeh təşkilat (konkret olaraq DİN-in Maliyyə-Plan İdarəsi) tərəfindən Pul Attestatında göstərilən elmi dərəcəyə görə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşa aldığı əlavələr pensiyanın hesablanması üçün tələb olunan Məlumat Vərəqində (“Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqi”) qeyd edilmədiyi üçün həmin pul vəsaitlərinin yeni Məlumat Vərəqində qeyd olunaraq (bugünkü pensiyaya hesablanmış digər pul vəsaitlərində səhvə yol verməyərək), aidiyyəti üzrə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair 2-1(112)-11466/2023 nömrəli inzibati işindən X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbi üzrə icraat ayrılmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, X4, cavabdeh təşkilatın (Azərbaycan Respublikası DİN-in) struktur qurumu olan X2 Tədqiqat və Redaksiya-Nəşriyyat Şöbəsindəki tutduğu elmi katib vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə xx.xx.2015-ci il tarixdən “yaşa görə”; İddiaçı isə Akademiyanın “İctimai elmlər" kafedrasının rəisi vəzifəsindən polis polkovniki rütbəsi ilə xx.xx.2015-ci il tarixdən “öz xahişi ilə” azad olunaraq, daxili işlər orqanlarından istefaya çıxmaqları ilə əlaqədar xaric edilmişlər və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş müvafiq müddəalara əsasən pensiya təyinatı hüququnu əldə etmişlər. İddiaçı Akademiyanın heyətinin elmi-pedaqoji kadrları kimi hər ay elmi dərəcəyə görə 60 manat, elmi ada görə isə 100 manat məbləğində vəzifə maaşına əlavə almışlar. Vəzifə maaşına edilən həmin əlavələrin əmək pensiyanın hesablanmasında nəzərə alınmamasını pensiya təminatı hüququnun kobud şəkildə pozulması hesab edir. Vəzifə maaşına həmin əlavələr Tarif Cədvəli üzrə əməkdaşın tutduğu vəzifə üçün müəyyən edilmiş ilkin vəzifə maaşının (ödəniş tarif ölçüsü kimi) həcmini dəyişdirmir (artırmır), ancaq "vəzifə maaşına əlavə” adı altında təyin olunmuş pul təminatı olaraq əmək haqqının tərkib hissəsinə daxil edilir. O da xüsusilə vurğulanmalıdır ki, əmək haqqının tərkibini təşkil edən bütün növ pul vəsaitləri (o cümlədən elmi dərəcə və elmi ada görə əlavələr) dövlət sosial sığorta ödəmələrinə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi “Sosial təminat hüququ” adlandırılır və bu maddə özündə vətəndaşların pensiya təmidnatı sahəsini də ehtiva edir. Vətəndaşların pensiya təminatı sahəsinə aid əhatəli normativ-hüquqi akt "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Adı çəkilən Qanun öz statusuna görə vətəndaşların pensiyaları ilə bağlı hər hansı mübahisəli məsələləri (problemləri) yarandıqda bütün digər normativ-hüquqi aktlardan üstün vəziyyətə malikdir. Həmin Qanunun 1-ci maddəsinin 1.0.1-ci bəndində göstərilir ki, "əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir". Beləliklə, belə bir ümumi nəticəyə gəlmək olur ki, Qanunun 1.0.1-ci bəndi, birmənalı olaraq, ölkə vətəndaşlarının işlədikləri (xidmət etdikləri) peşələri üzrə fəaliyyət sahəsindən asılı olmayaraq onların pensiya təminatı hüququnun əsas və vahid müddəasını (təməl prinsipini) özündə ehtiva edir. Əmək pensiyasınının hesablanmasında hansı şərtlərin nəzərə alınması Qanunun 1.0.1-ci bəndində qeyd edilmişdir, təkcə hesablanma üsuluna aydınlıq gətirilməliydi, bu barədə də 1.0.5-ci bənddən hansısa fikrin irəli sürülməsi üçün çox kolliziya xarakterli müddəalara rast gəlinir (nəticə etibarı ilə də həmin müddəalar kazus vəziyyətinin yaranmasına səbəb olur). Qanunun 1.0.5-ci bəndinə baxdıqda, “təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir" ifadəsini görmək mümkündür. Deməli, təminat xərcliyi (pul təminatı) yuxarıda göstərilən pul vəsaitlərindən hesablanan sadəcə olaraq bir məbləğdir və əməkdaşın xidmət etdiyi dövrdə əməkhaqqı daxilində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə (Qərar №98, xx.xx.2010-cu il) elmi dərəcə və elmi ada görə vəzifə maaşına edilən əlavələri də təminat xərcliyinin ayrılmaz tərkib hissəsi saymaq lazımdır, çünki onlar dövlət büdcəsindən maliyyələşdirilir və onlardan da əməkhaqqının ümumi məbləğini təşkil etdikləri üçün sosial sığorta ödənişləri tutulur. Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, Qanunun 1.0.5-ci bəndidəki təminat xərcliyi məfhumu üçün işlədilən “...vəzifə maaşından hesablanan digər əlavələrdən...” ifadəsi “digər əlavələrin" mütləq rəqəmlərlə məbləğ şəklində olaraq deyil, faiz şəklində göstərilməsinə işarədir. Belə olduğu təqdirdə sual oluna bilər ki, bəs hansı səbəbdən əməkdaşa xidmət etdiyi dövrdə elmi dərəcə və elmi ada görə vəzifə maaşına əlavə (vəzifə maaşından faizlə hesablanmadan) mütləq rəqəmlərin göstərildiyi şəkildə verilir və bu əlavələr əməkhaqqının daxilində verilir, əməkhaqqına əlavə kimi verilmir? Cavab çox sadədir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarında göstərilən “vəzifə maaşına əlavə” ifadəsi məntiqi olaraq həmin əlavənin birbaşa təminat xərcliyinin tərkibinə yönəldildiyini nəzərdə tutur. Başqa bir anlaşılmazlıq hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) pensiyalarının hesablanması mərhələsində özünü biruzə verir. Xatırlatmaq lazımdır ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№li Qərarı qüvvədədir. Bu Qərarın əlavələri sırasında "Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan "Məlumat vərəqi” adlandırılmış əlavə də vardır. Məlumat vərəqinin 14-cü bəndi “Pul təminatı (təminat xərcliyi)” başlığı altında verilir. Bu bənddə pul vəsaitlərinin faizlə və ya məbləğlə (yəni mütləq rəqəmlə) göstərilməsi tələb olunur. 14-cü bəndin altbəndləri, yəni 14.1 -14.12-ci altbəndlər hər biri ayrıca sətirlərlə göstərilmişdir. Diqqət ona verilməlidir ki, 14.1-ci altbənd (Vəzifə maaşı), 14.2-ci altbənd (Rütbə maaşı) və 14.4-cü altbənd (Ərzaq payı) üzrə pul vəsaitlərinin konkret məbləğlə (yəni mütləq rəqəmlərlə) əks olunması nəzərdə tutulduğu halda, 14.3-cü altbənd (Xidmət illərinə görə əlavə), 14.5 -14.12-ci altbəndlər (Digər əlavələr adlandırılan - cəmi 8 altbənd) üzrə pul vəsaitlərinin faizlə (yəni vəzifə maaşından hesablanmaqla) əks olunması müddəası irəli sürülür. Bu, 14-cü bənddəki pul vəsaitlərinin faizlə və ya məbləğlə (yəni mütləq rəqəmlərlə) göstərilməsi tələbləri formal yanaşma baxımından pensiyaya çıxmaqda olan əməkdaş üçün Məlumat Vərəqində elmi dərəcəyə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşına əlavəni hansı altbənddə göstərilməli olmaları məsələsində çətinlik yaradır, çünki həmin altbəndlərdə qeyd ediləcək əlavələrin (pul vəsaitlərinin) vəzifə maaşına faiz nisbətində əks olunması kimi absurd bir dilemma üzə çıxır. Həmin dilemmanın həllli yollarını aşağıdakı mülahizələrinə əsasən asanlıqla tapmaq mümkündür. Təminat xərcliyi haqqında müddəalar Məlumat vərəqinin 14-cü bəndinin, o cümlədən 14.1-14.12-ci altbəndlərinin məzmununu təşkil edir. Başqa sözlə, Məlumat vərəqinin 14-cü bəndi (14.1 - 14.12-ci altbəndlər daxil olmaqla) yuxarıda göstərilən Qanunun 1.0.5-ci bəndinin törəməsidir. Qanunun 1.0.5-ci bəndindəki formal müddəalarına əsasən xidmət etdiyi dövrdə hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) vəzifə maaşından faizlə hesablanmadığı üçün (konkret rəqəm şəklində göstərildiyindən) elmi dərəcəyə və elmi ada görə əlavənin verilməməsi fikri aşılanır. Ancaq bütün xüsusi təyinatlı ali təhsil müəssisələrində xidmət edən elmi dərəcəsi və elmi adı olan əməkdaşlar bu əlavələri alırlar. Bununla da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndindəki həmin formal müddəaların müəyyən şərti xarakter daşıdığı görünür. Bir daha vurğulanır ki, hökumətin müvafiq Qərarı ilə elmi dərəcə və elmi ada görə verilən əlavə “vəzifə maaşına əlavə” kimi adlandırılırsa, o, mütləq təminat xərcliyinin pul vəsaiti olaraq yerini tutmalıdır. Beləliklə də, Məlumat vərəqinin 14-cü bəndinin müvafiq altbəndlərində elmi ada və elmi dərəcəyə görə vəzifə maaşına əlavələr mütləq öz yerini tutmalıdır. Belə ki, internet resurslarına müraciət etdikdə rus dilində təminat xərcliyinin tərkibində əməkdaşların vəzifə maaşlarına elmi dərəcə və elmi ada görə edilən əlavələrin (pul vəsaitlərinin) olduğunu da görə bilərik və bu baxımdan iki məlumat xarakterli qeydlərlə tanış olmaq maraqlıdır (1. “Особенности денежного довольствия отдельных категорий военнослужащих” və 2. “Порядок обеспечения денежным довольствием военнослужащих Службы специальных объектов при Президенте РФ” - Əlavə olunurlar). Qüvvədə olan "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 109№-li Qanununda “təminat xərcliyi” terminologiyasının nəyi ifadə etməsini axtardıqda, belə bir nəticə hasil olundu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№-li Qərarının əlavələri sırasında “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan “Məlumat vərəqi” adlandırılmış əlavədə də “təminat xərcliyi” anlayışının nə olması barədə məlumat yoxdur. Belə ki, 109№-li Qanunun 40-cı maddəsi "Pensiyanın hesablanması üçün təminat xərcliyi” adlandırılıb və burada göstərilir ki, “Hərbçi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır". Göründüyü kimi, təminat xərcliyinə aid edilən pul vəsaitlərinə hesablanma üsulundan asılı olmayaraq heç bir fərq qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73№-li Qərarına 1 №-li əlavəsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödəmələrin məbləği və təyin edilməsi Qaydaları”nda “təminat xərcliyi” terminologiyasının nəyi nəzərdə tutduğuna aydınlığın gətirilməsinə cəhd edilmişdir və burada deyilir ki, “təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqlardan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir”. Yenə də “təminat xərcliyi” terminologiyasının nəyi nəzərdə tutduğuna aydınlıq gətirilməmiş qalmışdır. İddia ərizəsinin yuxarıdakı mətnində bildirmişdir ki, xidmət etdiyi dövrdə əməkhaqqının tərkibində təminat xərcliyimizin faktiki bir hissəsi kimi vəzifə maaşına edilən elmi dərəcə və elmi ada görə əlavələri də almışıq və əməkhaqqınn ümumi məbləğindən Akademiyanın mühasibatlığı tərəfindən dövlət sosial ödənişləri edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndində təminat xərcliyinə nəyin aid edilməsinin müsbət həlli onunla əlaqələndirilir ki, təminat xərcliyində əlavə kimi göstərilən pul vəsaiti vəzifə maaşından faizlə hesablanmış olsun. Burada çox həssas bir məqam ondan ibarətdir ki, təminat xərcliyi daxilində vəzifə maaşı, rütbə maaşı və ərzaq payı əvəzinə pul kompensasiyası faizlə hesablanmadan konkret məbləğlərlə (mütləq rəqəmlərlə) ifadə olunublar (aydındır ki, bu müvafiq normativ-hüquqi aktlara əsasən edilib). Bir halda ki, təminat xərcliyi daxilində vəzifə maaşı konkret məbləğ şəklində yer alıb, onda müvafiq normativ-hüquqi akta əsasən vəzifə maaşına edilən əlavə də (vəzifə maaşına münasibətdə faizlə hesablanmasından ya konkret məbləğ şəklində göstərilməsindən asılı olmayaraq) məntiqi baxımından (mexaniki olaraq) təminat xərcliyinin tərkib hissə kimi nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəmədə baxılanan hazırki iddia ərizəsində göstərilən kazual problem üzrə elmi cəhəddən əsaslandırılmış iki təklifi var. Birincisi, “təminat xərcliyi” terminologiyasının elmi baxımdan mahiyyətinə aydınlıq gətirilir və təklif etdiyimiz variant budur: “təminat xərcliyi - hərbi qulluqçuların (xüsusi rütbəli şəxslərin) funksional vəzifə (xidməti) borclarının (əmək funksiyalarının) yerinə yetirilməsində maddi təminatlarının və həvəsləndirmələrinin pul şəklində olan əsas vasitəsidir”. Belə tərifin təminat xərcliyinə verilməsi əməkdaşa xidmət etdiyi vaxt əməkhaqqı tərkibində (təminat xərcliyinə hesablanmış) bütün pul vəsaitlərinin ödənilməsini baş verib qurtarmış hal (fakt) kimi qəbul olunmasını labüd edir. Təkcə qalır ki, əməkhaqqı tərkibində hər ay əməkdaşın aldığı pul vəsaitlərinin cəmi şəklində hamısı onun pensiyasının hesablanması zamanı nəzərə alınsın. Əməkhaqqının tərkibindən kənar müxtəlif əsaslarla ayrı-ayrı əməkdaşlara ödənilən müavinətlər, maddi yardımlar və mükafatların onların pensiyalarının ümumi məbləğinin üzərinə hesablanmaması isə tamamilə qəbul edilən qayda kimi başa düşülməlidir. İkincisi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci bəndinə baxdıqda, "təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir" ifadəsini görə bilərlər. İddiaçı tərəfindən Qanunun 1.0.5-ci bəndinin daha təkmilləşdirilmiş variantı təklif olunur: "təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından (vəzifə maaşına edilən əlavələrdən), rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdih'. Bütün hallarda əməkdaşın xidmət etdiyi dövrdə əməkhaqqının tərkibində (əməkhaqqına əlavə kimi deyil) tam həcmdə aldığı pul məbləği (dövlət sosial sığorta ödənişlərinin edilməsi şərtilə) onun pensiyasının hesablanması zamanı mütləq nəzərə alınmalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarının (Qərarın surəti - əlavə olunur) müqəddimə hissəsində göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olubnduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1- ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, "dövlət məvacibindəki sonrakı artımlar” şəxsin vaxtilə aldığı əməkhaqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zaman o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-cü maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin edilməsindən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun». Digər bir maraq kəsb edən hüquqi sənəd Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli "İddiaçı (İnternetdə iddiaçının adı açıqlanmamışdır - bu hazırki iddia ərizəsinin müəlliflərinin qeydidir) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı” 2-1(102)-837/2021 №-li Qərarıdır. Həmin qərarda hərbi qulluqçunun xidmət etdiyi dövrdə əmək haqqının tərkibində elmi dərəcəsinə görə aldığı 40 manat əlavənin pensiyasının hesablanmasında nəzərə alınması tələbi üzrə iddiası müsbət həll edilərək təmin olunmuşdur. Yuxarıda göstərilən məhkəmə təcrübələrini əsas tutaraq, hazırki məktubun müəllifləri (Т.Əliyev və E.Səmədov) Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinə (MPİ) xx.xx.2023-cü il tarixdə məktub göndərərək, onların hər biri üçün ayrı-ayrılıqda yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi və orada elmi dərəcəyə və elmi ada görə xidmət etdikləri dövrdə əməkhaqqı daxilində aldıqları vəzifə maaşına əlavələri təminat xərcliyinin ayrılmaz tərkib hissəsi kimi göstərilməsi, həmin məlumat vərəqələrinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə müraciət etmişlər ki, Mərkəzdə pensiyaları yenidən hesablandığı vaxt adı sadalanan əlavələr (yəni elmi dərəcəyə və elmi ada görə vəzifə maaşına əlavələr) nəzərə alınsın. DİN MPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciət etdiyi məsələnin həllinin mümkünsüzlüyü bildirmişdir və həmin mövqedə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də olduğu misal gətirilmişdir. Bu kimi məzmunda istefada olan tibb xidməti polkovnik-leytenantı David Namazov və tibb xidməti polkovniki Vaqif Süleymanov pensiyalarının tərkibində elmi dərəcələrinə görə əlavələrinin hesablanmamasının səbəblərini öyrənmək məqsədilə DİN-in MPİ-nə xx.xx.2021-ci il tarixdə məktubla müraciət etmişlər. Nazirliyin həmin İdarəsindən xx.xx.2021-ci il tarixli göndərilən cavab məktubda elmi dərəcəyə görə əlavənin pensiyanın tərkibində nəzərə alınmaması düzgün hesab edilmiş və bu mövqedə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də olduğunu bildirilmişdir. Bu kimi yanlış mövqeni təkcə onunla izah etmək lazımdır ki, normativ-hüquqi aktlarda göstərilən tələblərin icra olunmasından əvvəlki mərhələdə həmin tələblərin təfsiri zamanı ayrı-ayrı təşkilatlarda müxtəlif yanaşmalar meydana çıxır. Qanunvericilik sahəsində sosial xarakterli hüquqi normalar texniki xarakterli hüquqi normalar qarşısında üstünlük əldə edirlər. Konkret olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndindəki prinsipial (sosial) müddəalar 1.0.5-ci bəndindənki (texniki, yəni riyazi hesablamalar) müddəalarından üstündür. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7-ci maddəsi “Normativ-hüquqi aktların tətbiq edilmə qaydası” adlandırılır və burada qeyd olunub ki, “Normativ-hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlarlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ-hüquqi akt tətbiq olunur”. Konkret olaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda elmi dərəcəsi olan işçilərin əməyini stimullaşdırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin verdiyi xx.xx.2013-cü il tarixli Sərəncamının müvafiq müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 98№-li Qərarındakı “elmi dərəcə və elmi ada görə vəzifə maaşına əlavələr” müddəası bu dövlət qurumunun (Nazirlər Kabinetinin) xx.xx.2007-ci il tarixli 135№-li Qərarının da müəyyən müddəalarının davamı kimi təfsir olunmasının əsasını təşkil etmiş olur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135№-li Qərarının əlavələri sırasında “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan “Məlumat vərəqi" adlandırılmış əlavə də mövcuddur. "Məlumat Vərəqi”nin 14-cü bəndində “təminat xərcliyi"nin hesablanması üçün 14.1 - 14.12-ci alt bəndlər göstərilmişdir (onlardan 14.1-14.4- cü altbəndlərin adları qeyd edilmiş, 14.5 - 14.12-ci altbəndlər isə “digər əlavələr” kimi əks olunmuşdur). Hazırkı iddia ərizəsinin müəlliflə kimi təklifi odur ki, 14.5- ci altbənd “elmi dərəcəyə görə”, 14.6-cı altbənd isə "elmi ada görə” hər birimizin “Məlumat Vərəqi”ndə adlandırılsın və onların qarşısında müvafiq olaraq 60 manat və 100 manat məğləblər göstərilsin. İnzibati xarakterli mövcud problemin məhkəmənin ilkin instansiya mərhələsində insan hüquqlarının (sosial təminat hüquqların) pozulması müstəvisinə çatdırılmadan müsbət şəkildə həlli ədalətin üstünlüyünün təzahürü kimi dəyərləndiriləcəkdir.

4. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə mülahizələr təqdim edilmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli və 2017-ci il 14 iyun tarixli 259 nömrəli Qərarları ilə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin konkret məbləğ olaraq təsdiq edildiyi, bu məbləğlərin vəzifə maaşlarından hesablanmadığı və təminat xərcliyinə aid edilmədiyi baxımından pensiya təminatında nəzərə alınması mümkün deyildir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilmiş sorğuya həmin Nazirliyin cavab məktubunda da qeyd olunanlar öz əksini tapmışdır.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından istefaya çıxdıqları vaxt (xx.xx.2015-ci il tarixdə polis polkovnik-leytenantı Elçin Səmədov, xx.xx.2015-ci il tarixdə isə polis polkovniki İddiaçı) cavabdeh təşkilat (konkret olaraq DİN-in Maliyyə-Plan İdarəsi) tərəfindən Pul Attestatlarında göstərilən elmi dərəcəyə görə (60 manat) və elmi ada görə (100 manat) vəzifə maaşlarına aldıqları əlavələr pensiyanın hesablanması üçün tələb olunan Məlumat vərəqində (“Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqi”) qeyd edilmədiyi üçün həmin pul vəsaitlərinin yeni Məlumat vərəqində qeyd olunaraq (bugünkü pensiyalarına hesablanmış pul vəsaitlərində səhvə yol verməyərək), aidiyyəti üzrə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) göndərilməsi barədə qərar qəbul edilməsi tələb edilir. Cavabdeh hesab edir ki, iddia iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının 2-ci bəndində deyilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: -2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir (Fərmanın 2.1-ci bəndi). Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktlara əsasən iddiaçıların əmək pensiyalarına “elmi dərəcəyə görə əlavənin” verilməsi istisna edilmişdir. İddiaçılar İddiaçı və X1 “məlumat vərəqəsində qeyd aparılması” tələbi rədd edilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli prezident təqaüdünün təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilimişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə xx.xx.2021-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə aylıq məbləğ 200 manat (01.01,2023-cü il tarixindən 500 manat), fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində (xx.xx.2023-cü il tarixindən 300 manat) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bildirilmişdir ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci maddəsinə əsasən, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə sözügedən təqaüd təyin edilərək ödənilir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçıya Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanaraq ödənildiyi üçün həmin Fərmanın 2.1-ci maddəsinin tələblərinə əsasən sizə fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüdün təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 06 nömrəli pul attestatına əsasən xx.xx.2015ci il tarixə olan təminat xərcliyinin tərkibində 60 manat elmlər namizədi elmi dərəcəsinə görə və 100 manat dosent elmi adına görə əlavə nəzərdə tutulmuşdur.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş pensiya uçot vərəqinə əsasən xx.xx.2015-ci il tarixində iddiaçıya ilkin pensiya təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə (hazırki pensiya məbləği 871,67) yenidən hesablanaraq 976,45 manat olmuşdur. - 10.06.2019-cu il tarixli Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən görünür ki, təqvimi xidmət illəri 26 il 4 ay, güzəştli xidmət illəri 1 il 7 ay olan DİN X3 rəisi vəzifəsində işləyən İddiaçı pul təminatı (təminat xərcliyi) vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, məharət dərəcəsi, xüsusi işə görə hissələrindən ibarətdir.

10. Məhkəmənin şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmənin şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı cavabdehin nümayəndəsi (vəkili) etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı həmin əlavələri almış və həmin aldığı əlavələrə görə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Buna baxmayaraq, məlumat vərəqində əks olunmalı məlumat deyil, təqaüd kimi ödənməli, bununla əlaqədar iddiaçı aidiyyəti inzibati orqana müraciət etməlidir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıdır.

20. İddiaçının elmi dərəcə (60 manat) və elmi ada (100 manat) görə əlavəni aldığı, həmin əlavənin onun pul attestatında əks olunduğu, həmin aldığı əlavələrə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işin mübahisəsiz halıdır.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.5. Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular

22. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 19-cu maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada olan 19.3-cü maddəyə əsasən: 19.3. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

23. 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 19cu maddə ləğv edilmişdir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

25. Qeyd edilən Qaydaların 1 nömrəli əlavəsinə əsasən Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin forması təsdiq olunmuşdur. Həmin məlumat vərəqi aşağıdakı bəndlərdən ibarətdir: 1.Şəxsi məlumatlar; 2.Xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar; 3.Təminat xərcliyi ilə bağlı məlumatlar (3.4. Əlavələr 3.4.1. Xidmət illərinə görə əlavə; 3.4.2. Vəzifə maaşından hesablanan digər əlavələr və artımlar)

4. Digər məlumatlar

26. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? X6 Məhkəməsinin presedent hüququna əsasən: - Beləliklə, keçmiş Pelleqrin doktrinasını (bax: Pelleqrin Fransaya qarşı [GC], № 28541/95, § 67, AİHM 1999Vİİİ) sonralar Eskelinen testi kimi tanınan prosesə çevirərkən (bax: Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı). [GC], № 63235/00, § 62, AİHM 2007İİ), Məhkəmə dövlət işçilərin müəyyən kateqoriyalarına gəldikdə, dövlətin məhkəməyə müraciətə nəzarətdə maraqlı olduğunu tanıyaraq qeyd etdi ki, “bu, ilk növbədə Məhkəmə deyil, Razılığa gələn Dövlətlər, xüsusən də, səlahiyyətli milli qanunverici orqan üçündür ki, fərdin maraqlarının itirilməli olduğu dövlətin suverenliyinə xas olan diskresiya səlahiyyətlərinin həyata keçirilməsini əhatə edən ictimai xidmət sahələrini açıq şəkildə müəyyən etməlidir” (ibid., § 61). - Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı işdə Polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisələrə Konvensiyanın 6-cı maddənin tətbiq edilməsinin mümkünlüyü dövlət qulluqçuları ilə əlaqədar olan işdə Məhkəmənin qəbul etdiyi yeni yanaşma olmuşdur. -Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05); -Beləlkiklə, məhkəmə müəyyən edir ki, hazırki iddia iddiaçının sabiq polis əməkdaşı kimi pensiya hüququ ilə bağlı olduğundan məhkəməyə müraciət hüququ təmin olunmaqla Konvensiyanın 6-cı maddəsinə əsasən “mülki hüquq və vəzifələr” başlığı altında baxıla bilər.

27. Cavabdeh hesab edir ki, elmi ada və elmi dərəcəyə görə əlavə məlumat vərəqində göstərilən vəzifə maaşından hesablanan digər əlavələr və artımlar kimi nəzərdə tutula bilməz. Belə ki, qeyd edilən kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir və iddiaçı(lar) bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

28. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanından: 1.Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;

29. Məhkəmə qeyd edir ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanının 2.1-ci maddəsinə əsasən, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə sözügedən təqaüd təyin edilərək ödənilir.

30. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısı olduğundan ona qeyd edilən Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququ yoxdur.

31. İddiaçının elmi dərəcə və elmi ada görə aldığı əlavənin təminat xərcliyinin (pul təminatı) tərkibi kimi “vəzifə maaşından hesablanan digər əlavə” hesab olunmasını istisna edən qanuni müddəa olmamaqla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əksinə, həmin əlavə iddiaçının təminat xərcliyində nəzərə alınmalıdır.

32. Belə ki, Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarının 11-ci bəndinə əsasən 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilmiş, həmin Qərarın 12-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.

34. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar