Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11466/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Puta bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş pulun qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Bakı şəhəri Qaradağ rayonu Puta bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin pul tələbinin məcburi ödənilməsinə dair 05 saylı protokolunun 1.1 saylı, 27 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və ondan tutulmuş pensiyanın ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,04512 ha torpaq sahəsində yerləşən 418 kv.metr ümumi sahəsi 29,5 kv.metr əsas, 389,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə iddiaçının, X5, X4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1166 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onlar birlikdə "xxxx" MMC yaratmışlar və həmin cəmiyyətin direktoru odur. Qeyd edilən torpaq sahəsindən hazırda ferma kimi istifadə edilir. Bununla bağlı istifadə etdikləri torpaq sahəsi üzrə vergi ödəyicisi kimi vaxtlı-vaxtında ödənişləri etmiş, bu barədə qəbzlər də mövcuddur. Həmin torpaq sahəsi dövlətə məxsusdur və onlar dövlətə olan vergi borcunu ödəyirlər. Lakin Puta bələdiyyəsi əsassız olaraq onu torpaq vergisi ödəmədiyinə görə 27 may 2024-cü il tarixli qərarla 1638 manat məbləğində cərimə etmişdir. Həmin qərar əsasında onun pensiyasından 350 manat pul tutulmuş və xx.xx.2024-cü ildə də yenidən pul tutulacağı bildirilmişdir. Həmin qərar qanunsuz və əsassız olmaqla onların qanunla qorunan hüquqlarını pozur. Qərardan onun xəbəri olmamış, yalnız pensiyasından pul tutulduqdan sonra xəbəri olmuş və qərarın surətini də xx.xx.2024-cü ildə Qaradağ rayon İcra şöbəsindən almışdır. Belə ki, "xxxx" MMC hüquqi təşkilatdır, bütün vergilər qəbul edilmiş Bəyannaməyə əsasən vaxtlı vaxtında ödənilmişdir. Onun cavabdehə heç bir borcu olmamış və torpaq vergisini onlara ödəməli deyil. Qeyd olunan torpaq sahəsi ilə bağlı o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş, həmin Agentlikdən ona bildirilmişdir ki, həmin torpaq sahəsinin istifadə vəziyyətinə mütəxəssislər tərəfindən yerində baxış keçirilərkən məlum olmuşdur ki, ərazidə irimiqyaslı meliorasiya problemləri mövcuddur. Qeyd olunan problemlərlə yanaşı aqrotexniki səbəblərdən də torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə edilməsi mümkün olmamışdır. Bu səbəbdən də torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Həmin vergini də o, dövlət büdcəsinə ödəmişdir. Bu məktubdan da görünür ki, həmin torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsusdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmiçinin bildirdi ki, tərəfindən torpaq vergisi ödənilmiş və bunu təsdiq edən müvafiq qəbzlər məhkəməyə təqdim edilmişdir. İddiaçı istifadə etdiyi əmlakın ölçüsünün 29 kv.metr olduğunu qeyd edərək əmlak vergisindən azad olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddiaçının torpaq vergisini ödədiyini, əmlak vergisini isə 2007-ci ildən etibarən ödəməli olduğu halda bunu etmədiyini, ona güzəşt edilərək 2019-cu ildən hər kv.metrinə 28 qəpik hesablanmaqla borcunun 921,04 manat təşkil etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,045120 ha. torpaq sahəsində yerləşən 418,60 kv.metr ümumi sahədən ibarət qeyriyaşayış binası mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdə iddiaçının, X5, X4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qaradağ rayonu Puta Bələdiyyəsinin 27 may 2024-cü il tarixli Pul tələbinin məcburi ödənilməsinə dair 05 saylı protokolunun 1.1 nömrəli Qərarı ilə Qaradağ rayonu, Bakı şəhəri ünvanında yaşayan iddiaçıya tədiyyə bildirişinin göndərilməsinə baxmayaraq, 2021- 2022-2023-2024-cü illər üçün 1638 manat məbləğində əmlak və torpaq vergisinin Puta bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin olunması məqsədi ilə ona 10 (on) gün müddətində vergi borcunun ödənilməsi məqsədi ilə yaşadığı ünvanına rəsmi xəbərdarlığın göndərilməsi, iddiaçı tərəfindən qeyd olunan pul vəsaiti könüllü şəkildə bələdiyyə büdcəsinə ödənilmədiyi halda “İnzibati icraat haqqında" Qanunun 82.3.2-ci maddəsinə əsasən (pul tələblərinin ödənilməsi üçün müəyyən olummuş icra müddətinin bitməsi) qərarın aidiyyəti üzrə icra edilməsi üçün Qaradağ rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Qaradağ rayonu Puta Bələdiyyəsinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə ünvanladığı 23 nömrəli, 04 iyun 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı Puta bələdiyyəsinin əmlak və torpaq vergisi üzrə vergi ödəyicisidir. Vergi ödəyicisi İddiaçı (FİN xxxxxxx) Bakı şəhəri, Sahil qəsəbəsi, E.Quliyev 36, 1 ünvanında yaşayır. Ona Puta qəsəbəsi, Yeni massiv ünvanındakı qeyri-yaşayış sahəsi üçün ayrılmış əmlak və torpaq vergisinə görə 1638 manat borc hesablanmışdır. İddiaçı əmlak və torpaq vergisinin ödənilməsi barədə qanunvericiliyin tələbləri izah olunmaqla dəfələrlə yazılı xəbərdarlıqlar edilmişdir, hesablanmış əmlak və torpaq vergisi üzrə ona qanunla müəyyən edilmiş müddətdə Puta bələdiyyəsinin Azərpoçt MMC-nin 2 saylı Yasamal poçt filialında olan AZ40AZPO******************** saylı hesablaşma hesabına ödənilməsi xahiş olunmuş, lakin vergi ödəyicisi əmlak və torpaq vergisini ödəməkdən yayınaraq borcunu ödəməmişdir. **********1657 nömrəli, xx.xx.2024-cü il tarixli tədiyə bildirişində iddiaçının 2024-cü il üçün 921,04 manat borcunun olduğu göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 19 may 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin torpaq sahəsinin istifadə vəziyyətinə mütəxəssislər tərəfindən yerində baxış keçirilərkən məlum olmuşdur ki, ərazidə irriqasiya və meliorasiya problemləri mövcuddur. Qeyd olunan problemlərlə yanaşı, aqrotexniki səbəblərdən də torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə edilməsi mümkün olmamışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 206-cı maddəsinə əsasən irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Vergilər Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək qayda və meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayışla müəyyən ediləcəkdir. İş materiallarına "xxxx" MMC tərəfindən təqdim etdiyi bəyannamə üzrə hesabladığı vergi və digər rüsumların Dövlət Vergi Xidməti – Milli Gəlirlər Baş İdarəsinə ödədiyinə dair mədaxil qəbzlər əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Qaradağ rayonu, Puta bələdiyyəsinin pul tələbinin məcburi ödənilməsinə dair 05 saylı protokolunun 1.1 saylı 27 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və ondan tutulmuş pensiyanın ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin səlahiyyəti Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazini əhatə edir. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İddiaçı qərarı xx.xx.2024-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsindən aldığını bildirmiş, cavabdeh qərarın iddiaçıya həmin tarixdən əvvəl təqdim edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının əsas tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri; muxtar respublika vergiləri; yerli vergilər (bələdiyyə vergiləri) (4.1.). Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər (4.4.). Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (8.1). Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir (8.2.). Göründüyü kimi Azərbaycan Respublikasında vergilər dövlət və bələdiyyə vergiləri olmaqla iki yerə ayrılır. Dövlət vergiləri dövlət büdcəsinə, bələdiyyə vergiləri isə müvafiq bələdiyyə orqanının büdcəsinə ödənilir. Bələdiyyə vergilərinin yığılmasına nəzarəti bələdiyyələr həyata keçirir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,04512 ha torpaq sahəsində yerləşən 418 kv.metr ümumi sahəsi 29,5 kv.metr əsas, 389,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyətində olmasına əsaslanaraq cavabdeh tərəfindən ona torpaq və əmlak vergisi hesablanmasının əsassız olduğunu bildirir. Vergi Məcəlləsində göstərilmişdir ki, Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir (196.). Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektləridir (197.1.1.). 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində Yaşayış məntəqələri olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və 0,3 Abşeron rayonu Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon 0,2 mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və 0,1 Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, fiziki şəxslər onların mülkiyyətində olan tikililərə görə yerli bələdiyyə orqanına əmlak vergisi ödəyirlər. Əmlak vergisi qeyri-yaşayış sahələrinə görə hər kvadrat metr üçün əmlak vergisi Bakı şəhərində 0,4 manat təşkil edir. Göründüyü kimi iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,04512 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası iddiaçının, X3, X5 və X4 birgə mülkiyyətindədir. Daşınmaz əmlakın ümumi sahəsi 418,6 kv.metr təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərində 12-ci zonada (Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri) yerləşən binalara Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün 0,70 əmsalı tətbiq edilir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,04512 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının "xxxx" MMC-yə məxsus olduğunu bildirsə də, daşınmaz əmalkın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin qeyri-yaşayış binası fiziki şəxslərin birgə mülkiyyətindədir. Eyni zamanda iddiaçı qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına əsaslanaraq, torpaq vergisinin dövlət büdcəsinə ödənildiyini bildirmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 6.1.6-cı maddəsinə əsasən hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət vergilərinə aid edilmişdir. Həmin Məcəllənin 8.1.1-ci madəsinə əsasənbu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisiyerli vergilərə aid edilmişdir. Vergi Məcəlləsinin 206.1.-ci maddəsinə əsasən bu məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. Buradan görünür ki, yalnız kənd təsərrüfatı təyinatlı torpaqlara görə ödənilməli olan torpaq vergisi dövlət vergilərinə aiddir. Qalan hallarda isə torpaq vergisi bələdiyyə orqanına ödənilməlidir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qızıldaş yolunda istifadədə olan 0,04512 ha torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlıdır. Bu səbəbdən iddiaçı həmin torpaq sahəsinə görə torpaq vergisini bələdiyyə orqanına ödəməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı əsaslıdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Puta bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş pulun qaytarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11466/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11466/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver