Məhkəmə qərarları › İş №2-1(112)-11468/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11468/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11468/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ailə tərkibinin 3 nəfərdən, özü, arvadı və qızı olması nəzərə alınaraq ona verilən 1 otaqlı mənzilin 2 otaqlı mənzillə əvəz edilməsinə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixli 5-10/2-Q-50-068/2023 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ailə tərkibi 3 nəfər olmaqla (özü, ata və ana) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 191 saylı sərəncamı ilə Vətən müharibəsinin 2-ci dərəcəli əlili kimi yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin 2 fevral 2022-ci il tarixli 04/12-11-32/38 saylı məktubu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Binəqədi rayonu üzrə mənzillərlə təmin olunmuş imtiyazlı şəxslərlə bağlı Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olmuş 24 fevral 2022-ci il tarixli **********3 saylı məktuba əsasən o, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yaşayış kompleksində mənzil sahəsi ilə təmin olunmuşdur. Bu səbəbdən də yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanmış vətəndaşların mənzil uçotunun təsdiqi barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 155 saylı 01 iyul 2022-ci il tarixli Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanmış vətəndaşların mənzil uçotunun siyahısından çıxarılmışdır. Hazırda Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəliliyi olmadığından müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün deyil. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə onun 2-ci qrup müharibə əlili kimi 5 nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə götürülməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə qanun əsasında tələb olunan 4 otaqlı mənzilin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə onun 2-ci qrup müharibə əlili kimi 5 nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olmuşdur. Müharibə dövründə əlil və sağlamlıq imkanlarının məhdudluğu həkimlər tərəfindən müayinə olunaraq aşağıdakı diaqnozla müəyyən edilmişdir: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, barotravma nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Posttravmatik ensefalopatriya. Posttrovmatik sindrom. Posttravmatik stress pozuntusu. Xroniki beyin işemiyası. Qapalı kəllə beyin travmasından baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postkontuzion sindrom, başın, boynun, əllərin hiperknezi. Nitqin pozulması, ətraflarda hərəkətlərin pozulması. Yerişin pozulması. Koqnitiv funksiyaların zəifləməsi. İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə lll-İV mərhələr. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçına etdiyi xx.xx.2023-cü il tarixli, 5-10/1-Q-50-068/2023 saylı müraciəti imtina ilə nəticələnmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın qeyri-mümkün hesab edilməsini xahiş etmiş və göstərmişdir ki, Qurbanlı X3 Rayon İcra Hakimiyyəti başçısının 191 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (Vətən müharibəsinin) İİ dərəcəli əlili kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və mənzillə təmin olunmuşdur. Sonradan İddiaçı xx.xx.2023-cü il tarixli 5-10/1- Q-50-068/2023 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, ailə tərkibinin artması səbəbindən dövlət tərəfindən verilmiş 1 otaqlı mənzilin 2 otaqlı mənzillə əvəz olunması ilə bağlı sərəncam verilməsini xahiş etmişdir. Binəqədi rayonu üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərlə təmin olunmuş imtiyazlı şəxslərlə bağlı Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 24 fevral 2022-ci il tarixli **********3 saylı məktuba əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yaşayış kompleksində mənzil sahəsi ilə təmin olunmuşdur. Bu səbəbdən də, yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanmış vətəndaşların mənzil uçotunun təsdiqi barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 155 saylı 01 iyul 2022-ci il tarixli sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanmış vətəndaşların mənzil uçotunun siyahısından çıxarılmışdır. Belə ki, mənzil növbəsinə dayanmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunduqdan sonra onlar AR Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən Rayon İcra Hakimiyyətində olan mənzil növbəsindən çıxarılırlar. Lakin İddiaçı mənzillə təmin olunduqdan sonra ailə həyatı qurmasını və övladının doğulduğunu əsas gətirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilmiş 1 otaqlı mənzili 2 otaqlı mənzillə əvəz olunmasını Rayon İcra Hakimiyyətindən xahiş etmişdir. İddiaçı mənzilin ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verildiyini bilsə də, məhkəmədə əsassız olaraq belə bir öhdəliyin Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. İddiaçının yenidən mənzil növbəsinə götürülməsi ilə bağlı müraciətinin Rayon İcra Hakimiyyəti tərəfindən müsbət həll olunmaması onun artıq mənzillə təmin olunması ilə bağlı olmuşdur. Belə ki, qüvvədə olan qanunvericilikdə dövlət tərəfindən mənzillə təmin olunmuş vətəndaşların gələcəkdə ailə tərkibinin artması ilə bağlı yenidən mənzil növbəsinə götürülməsini nəzərdə tutulmamışdır. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar dövlət tərəfindən bir dəfə təmin olunurlar və artıq mənzillə təmin olmaları səbəbindən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab oluna bilməzlər. Onların ailə tərkibinin hər dəfə artması onların yenidən mənzil növbəsinə götürülərək, əlavə mənzillə və ya daha geniş mənzillə təmin olunmalarına hüquq yaratmır. Lakin, iddiaçıya Rayon İcra Hakimiyyətində qəbullar zamanı bununla bağlı müvafiq izahatların verilməsinə baxmayaraq, o əsassız olaraq Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, xx.xx.1993-cü il tarixli İddiaçı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Barotravma nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Posttravmatik ensefalopatiya. Posttravmatik sindrom. Posttravmatik stress pozuntusu. Xroniki beyin işemiyası. Qapalı kəllə beyin travmasından, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postkontuzion sindrom. Başın, boynun, əllərin hiperkinezi. Nitqin pozulması. Ətraflarda hərəkətlərin pozulması. Yerişin pozulması. Koqnitiv funksiyaların zəifləməsi. İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə İİİ-İV mərhələ” diaqnozu üzrə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - “İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 191 nömrəli sərəncamından görünür ki, İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (atası X5 və anası X1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (Vətən müharibəsinin) 2-ci dərəcəli əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi, vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (Vətən müharibəsinin) 2-ci dərəcəli əlil olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış məhəlləsində mənzil verilmişdir: - İddiaçı - Vətən müharibəsi əlili – 1 nəfər ailə tərkibi- xx.xx.2021-ci il tarixdə növbəyə dayanmış – 1 otaqlı 9 saylı evin 24 saylı mənzili. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin və İddiaçı iştirakı ilə tərtib edilmiş mənzilin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış kompleksində yerləşən 1 otaqlı mənzil imtiyazlı şəxs qismində İddiaçı təhvil verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 17 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 21 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə qeydiyyatsız yaşayır. İddiaçı hazırda ailə üzvlərinin sayının artması nəzərə alınaraq onun yenidən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmasını xahiş edir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5- 10/2-1781/2023 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Qurbanlı X3 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 191 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Qanunvericiliyin tələblərinə əsasən hər ilin 1 rübü ərzində vətəndaşların mənzil-uçot siyahılarının dəqiqləşdirilməsi (Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil uçotunda olan vətəndaşların yaşayış yerlərinin dəyişməsi, vəfat etməsi, mənzil sahəsi ilə təmin olunub-olunmamaları və.s) aparılır, mənzillə təmin olunmuş vətəndaşlar mənzil növbə siyahılarından çıxarılır və mənzillə təmin olunmamış şəxslərin siyahıları artıq yeni tərkibdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022ci il tarixli **********3 saylı məktubuna əsasən vətəndaş İddiaçı mənzillə təmin olunması müəyyən olunmuş və o Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı sərəncamı ilə mənzil növbə siyahılarından çıxarılmışdır. Məhkəmə cavabdehin imtinası ilə razılaşaraq qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 saylı Sərəncamının 1.1-ci bəndinə əsasən 2014cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən o şəxslərin 2021–2025-ci illər ərzində mənzillə təmin edilməsini nəzərdə tutmuşdur ki, həmin şəxslər:

1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin mənzillə təmin edilməsi üçün ilk əvvəl o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalıdır. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan kimi müəyyən edilməsi isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - maddə 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. - maddə 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. İstinad olunan normalardan görünür ki, qanunverici sosial kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi üçün iki fərqli norma müəyyən etmişdir:

1. uçot norması

2. ayrılma norması Uçot norması şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün tələb olunan yaşayış sahəsinin minimal ölçüsüdür, yəni əgər şəxsin yaşadığı sahə uçot normasından azdırsa, həmin şəxs yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və uçota alınır. Ayrılma norması isə artıq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxsin yaşayış sahəsi ilə təmin edilərkən ona verilən ümumi sahənin minimal ölçüsüdür. Yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxsə verilən sahənin ümumi ölçüsü ayrılma normasından az ola bilməz. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndi ilə həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının, Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış, lakin hazırkı tarixədək uçot norması və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası qəbul edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 saylı qərarına əsasən isə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar kimi qəbul edilən uçot norması müəyyən edilməmişdir, bu norma ayrılma normasına uyğun olaraq 16 kvadratmetr qəbul edilməlidir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 3 nəfər ailə üzvü ilə birlikdə 1 otaqlı mənzil verilmişdir, hansı ki, Xocəsən qəsəbəsi, Yeni yaşayış kompleksində 1 otaqlı mənzillərin (o cümlədən iddiaçıya verilmiş mənzilin) ümumi sahəsi 47,80 kv.metr olmuşdur. Bundan əlavə, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68-də istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli, 49.95 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 7 nömrəli mənziul tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Yuxarıda istinad olan qanunvericilik normaları vətəndaşın və (və ya) onun ailə üzvlərinə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilməsini təsbit etdiyindən məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacının olması müəyyən edilərkən onunla birlikdə mənzil uçotuna alınmasını xahiş etdiyi atası R.Qurbanovun mülkiyyətində olan həmin sahə də nəzərə alınmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı və onun 4 nəfərdən ibarət ailə üzvlərinə məxsus mənzil sahəsi ayırma normasına uyğun olmuşdur (49.95 kv.metr + 47.80 kv.metr ÷ 5= 97.75 ÷ 5 =19.55 kv.metr). Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə hesab edir ki, iddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edə bilmədiyindən cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar