Məhkəmə qərarları › İş №2-1(112)-1147/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1147/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1147/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X6 cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X9) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 cavabdeh Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu X2 31.10.2005-ci il tarixli, 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən vətəndaş Arifə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün X2 31.10.2005-ci il tarixli sərəncamı ilə 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, səlahiyyətli olmadığı halda Bələdiyyənin sabiq sədri Elman Salmanov tərəfindən bələdiyyə iclası keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsi ayrılması barədə sərəncam verilmişdir. Qeyd olunan məsələ ilə bağlı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün X11 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə 12.03.2020-ci il tarixli, M-27/3,4,5 saylı təklif məktubu göndərilmişdir. X6 təklif məktubu Bələdiyyənin 18.03.2020-ci il tarixli (05 saylı iclas protokolu) iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.03.2007-ci il tarixli 9-T nömrəli əmri ilə X11 haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 7.5 və 7.6-ci bəndlərinə əsasən bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitutsiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirlməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət edilməsi və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırılması X6 hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 143.1-ci maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi məsələlər bələdiyyə iclaslarında həll edilir. Konstitusiyanın 145.1-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Mülki Məcəllənin 137.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi. Göstərilənlərə əsasən Binəqədi rayonu X2 31.10.2005-ci il tarixli, 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahatında bildirdi ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evi tikintisi üçün Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 31.10.2005-ci il tarixli Sərəncamla 400 kv.m torpaq sahəsi ayrılmışdır. Nəzarət qaydasında araşdırılarkən məlum olmuşdur ki, bələdiyyənin sabiq sədri Elman Salmanov bələdiyyə iclasını keçirmədən, müvafqi icra orqanlarının rəyini almadan vətəndaşın mülkiyyətinə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın etibarsız hesab edilməsi üçün Bələdiyyəyə təklif göndərilsə də, Bələdiyyə təklifi təmin etməmişdir. İddiaçı “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 8.4-cü maddəsinə isdinad edərək qeyd edir ki, bələdiyyə aktı normativ hüquqi aktlara zidd olduqda onun 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə həmin Bələdiyyəyə müraciət edir. Bələdiyyə müraciəti yerinə yetirmədikdə Mərkəz 15 gün ərzində məhkəməyə müraciət edir. Mərkəz X11 haqqında Əsanaməyə əsasən hesab edir ki, hazırki halda bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi barədə müraciətin təmin edilməməsindən məhkəməyə müraciət etmək Mərkəzin hüququdur. Lakin iddiaçı Bələdiyyə aktının konkret hansı normativ hüquqi akta zidd olduğunu və bu ziddiyətin nədən ibarət olduğunu əsaslandırmamışdır. İddiaçının iddia tələbi əsassızdır və iddia qeyri-mümkün hesab edilməlidir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında " Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafıq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Göründüyü kimi, Mərkəz müraciət etmək üçün müddəti ötürmüşdür, o, Bələdiyyəyə 12.03.2020-ci il tarixdə müraciət etsə də, məhkəməyə 2020-ci ilin iyul ayında 4 aydan sonra müraciət etmişdir. Bundan başqa, qanunda Mərkəz üçün yalnız bələdiyyə aktının dəyişdirilməsi və ləğv edilməsi barədə müraciət etmək hüququ nəzərdə tutulmuşdur, həmin qanunda Bələdiyyə aktının etibarsız hesab edilməsi barədə hüquq Mərkəz üçün nəzərdə tutulmamışdır. Ancaq Mərkəz hazırda Bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi barədə deyil, etibarsızlığı barədə iddia irəli sürmüşdür ki, qanunda ona belə səlahiyyət və hüquq verilməmişdir. «İnzibati icraat haqqında» Qanunda inzibati aktın ləğvi, dəyişdirilməsi və etibarsızlığı barədə hüquqi əsaslar fərqlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə görə dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. X11 bələdiyyələrə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni dövlət orqanı olduğundan Mərkəz ona verilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərə bilər, Mərkəzin Bələdiyyə aktının etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Odur ki, həm müddətlər keçdiyindən, həm aktlar arasında ziddiyyətin nədən ibarət olması göstərilmədiyindən, həmçinin iddiçının bələdiyyə aktının etibarsızlığı barədə iddia qaldırmaq hüququ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunda nəzərdə tutulmadığı üçün iddia qeyri-mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir; 5.0-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda; 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar; 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar; 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar; 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar; 6.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir; 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər; 7.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır; 7.3-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir: 7.3.1. bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır; 7.3.2. müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir; 8.3-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir; 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir; 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. İş materiallarında olan X2 31.10.2005-ci il tarixli sərəncamına əsasən Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 400 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubdan görünür ki, X7 Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Arifə Məmmədovanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsi ayrılması barədə 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncam verilmişdir. Göstərilənlərə əsasən təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakiryə çıxarılması, X2 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının etibarsız hesab olunması təklif edilmişdir. İş materiallarında olan Binəqədi rayonu X2 18.03.2020-ci il tarixli 05 nömrəli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11ndən daxil olmuş M-27/3,4,5 saylı 12 mart 2020-ci il tarixli təklif məktubuna əsasən X2 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının etibarsız hesab edilməsinə dair təklifin təmin olunmaması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən X2 sənədlərinə inzibati nəzarət qaydasında baxılmış, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisindən vətəndaş Arifə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün X2 31.10.2005-ci il tarixli sərəncamı ilə 400 kv.metr torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində səlahiyyətli olmadığı halda Bələdiyyənin sabiq sədri Elman Salmanov tərəfindən bələdiyyə iclası keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin müəyyən edilməsini qeyd edir. Qeyd olunan məsələ ilə bağlı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün X11 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə 12.03.2020-ci il tarixdə təklif məktubu göndərilmişdir, həmin təklif məktubu Bələdiyyənin 18.03.2020-ci il tarixli (05 saylı iclas protokolu) iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə 18.06.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə müraciət edilmişdir. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir, Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti həmin müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Göründüyü kimi, iddiaçı 12.03.2020-ci il tarixdə Bələdiyyəyə müraciət etmiş və onun müraciəti 18.03.2020-ci il tarixdə təmin edilməmişdir, iddiaçı isə 12.03.2020-ci il tarixdən sonra 15 gün ərzində məhkəməyə müraciət etməli olduğu halda, 3 ay keçdikdən sonra 18.06.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bundan başqa, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslardan biri hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətidir. İddiaçı tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubda X7 Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Arifə Məmmədovanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 31.10.2005-ci il tarixli 1650/1 saylı sərəncamının və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə müraciətinə baxılması qeyd edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Lakin iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 03.03.2020-ci il tarixli 2-1(112)-320/2020 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X9) X2 üçüncü şəxs X5 400 kv.m torpaq sahəsinin ayrılması barədə 31 oktyabr 2005-ci il tarixli, 1650/1 saylı Sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır və həmin qərardadda iddiaçı tərəfin verdiyi izahatdan görünür ki, iddiaçının (X1) mübahisələndirilən sərəncamdan 2019-cu ilin iyul-avqust aylarından məlumatı olmuş və bununla əlaqədar onların arasında məhkəmə mübahisələri olmuşdur. X16 isə bundan 6 aydan artıq müddət keçdikdən sonra Ədliyyə Nazirliyinin X11nə müraciət etmişdir. Eyni zamanda, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi iddiaçı (İnzibati nəzarəti həyata keçirən orqan) bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, müvafiq bələdiyyəyə həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müraciət etməlidir, müraciəti müvafiq müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə isə məhkəməyə müraciət edir. Lakin iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün cavabdehə müraciət etmişdir, müraciəti yerinə yetirilmədikdə isə həmin tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı müvafiq bələdiyyə sərəncamının etibarsız hesab edilməsi üçün əvvəl cavabdehə, daha sonra məhkəməyə müraciət etsə də, qanunvericilikdə iddiaçının (İnzibati nəzarəti həyata keçirən orqan) müvafiq bələdiyyə aktının etibarsız hesab edilməsi barədə müvafiq bələdiyyəyə və məhkəməyə müraciət etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar