Məhkəmə qərarları › İş №2-1(112)-11474/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11474/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11474/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı faiz borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti” cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı hesab edir ki, vergi orqanı tərəfindən hesablanmış faiz borcu əsassızdır. Belə ki, filial tərəfindən vergi borcu yaranmamışdan əvvəl vergi orqanına müraciət olunmuş və Milli Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 85.6 2-ci maddəsinə əsasən filiala 9 ay möhlət vermişdir. Filial tərəfindən qrafikdə nəzərdə tutulandan artıq məbləğdə vergilər dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 85 10-cu maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmışdırsa həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Vergi Məcəlləsində başqa heç bir maddədə vergi öhdəliklərinin icrasına möhlət verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlarla bağlı olaraq Dövlət Vergi Xidmətinə faizlərin silinməsi ilə bağlı müraciət olunsa da, bunun nəticəsi olmamışdır. İddiaçı qeyd edir ki, onun vergi borcunun ödənilməsinin uzadılmasında cavabdeh inzibati orqan öz iradə ifadəsini nümayiş etdirmiş, bununla da iddiaçıya faiz borcunun hesablanmacayına dair təminat vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı vergi ödəyicisində keçirilmiş və xx.xx.2018-xx.xx.2019-cul il dövrü əhatə edən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a əsasən 3393196.97 manat və 365669.99 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırkı tarixə şəxsi hesab vərəqəsinə əsasən iddiaçı vergi ödəyicisinin dövlət büdcəsinə 2574369,03 manat əsas borc, 365809,99 manat maliyyə sanksiyası və 1489344,25 manat faiz borcu mövcuddur. Mübahisələndirilən 513559.16 manat faiz məbləğlərinin irəli gəldiyi əsas borca möhlət verilməsi barədə iddia tələbi ilə bağlı bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ilə bağlı müddəalar Vergi Məcəlləsinin 85-ci maddəsi ilə maddəsi ilə tənzimlənir və həmin maddənin tələblərinin tam ödənildiyi təqdirdə tətbiq edilir. Hazırkı iş üzrə borcun ödənilmə müddətinin qanunla müəyyən edilmiş müddətələrədək uzadılması barədə əsaslandırılmış müvafiq qərar mövcud deyildir. Qanunla müəyyən edilmiş əsaslar olmadığına görə belə bir qərar qəbul edilməmişdir. Vergi ödəyicinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən iddiaçının borclarının hiss-hissə ödənilməsi barədə müraciətlərinə nəzərə alınmaqla, faizlərin hesablanmayacağı barədə heç bir təminat verilməmişdir. Göründüyü kimi, cəmiyyət tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə 2021-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə edilmiş müraciətlərin heç biri, həmçinin, xx.xx.2021-ci il tarixli müraciət həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən vergi orqanı tərəfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının əsl iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 513.559,16 manat faiz borcunun hesablanmasını əsassız sayır və bu halı onunla əsaslandırır ki, cavabdeh tərəfindən 2.818.749,4 manat vergi borcunun ödənilməsinə görə iddiaçıya möhlət verildiyi halda, inzibati orqan bunu nəzərə almamış və vergi ödəyicisinə faiz hesablanmışdır. Cavabdeh isə iddia tələbini etiraz ilə qarşılayır və bildirir ki, vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunamüva-fiq hesab olunmur. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, iddiaçının müraciət etdiyi dövrdə müraciət həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən vergi orqanı tərəfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə hesablamış olduğu faiz borcunun əsaslı olmasını iki hal ilə əsaslandırır: - Vergi ödəyicisinə faiz hesablanmaması barədə qərarın olmaması; - İddiaçının müraciət etdiyi tarixdə müraciətin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.9-cu maddəsinin (həmin dövrdə olan redaksiyaya görə) tələblərinə cavab verməməsidir. Məhkəmə cavabdehin istinad etdiyi hər iki dəlilin əsaslı olub-olmamasını, ümumiyyətlə həmin əsaslara görə iddiaçıya faiz borcunun hesablanıb-hesablanmamasının düzgün olub-olmamasını təhlil etməyi zəruri hesab edir ki, bu hissədə qyimətləndirilmənin aparılması aşağıda sadalanan qanunvericiliyin müəddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (hazırki redaksiyasına görə): 13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir; 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir: 85.9.1. bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulan hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar; 85.9.2. bu Məcəllənin 85.6.1-ci maddəsində nəzərdə tutulan hala münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları. Hüquq münasibətləri yarandığı dövrdə (iddiaçının müraciət etdiyi tarixdə) qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq qərar qəbul edir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir. (03 dekabr 2021-ci il tarixədək) 85.10. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər: Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. (03 dekabr 2021-ci il tarixədək). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Faiz dedikdə VM-in məqsədləri üçün borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə başa düşülür. Faizlərin müəyyən edilməsi, hesablanması, ödənilməsi, alınması və bu kimi digər məsələlər mülki və bank qanunvericiliyi ilə, habelə öhdəliklərin yaranmasına səbəb olar müqavilələrlə tənzimlənir. Faizlərə görə vergilərin ödənilməsi isə vergi qanunvericiliyinin müddəalarına uyğun olaraq həyata keçirilir. Nəzərə alınmalıdır ki, faizlərin tətbiqi hüquq bərpaedici təsir tədbiridir. Faizlərin tutulması (ödənilməsi) pul vəsaitini vaxtında ala bilməyən və buna görə də müəyyən ziyana düşmüş dövlət və ya vergi ödəyicisi üçün daha çox kompensasiya xarakteri daşıyır. (Əlbəttə bu tədbirin ödəmələri vaxtında həyata keçirməyə görə sövq etməsi effektini də inkar etmək olmaz) Faizi sırf cəza (tənbəh) mahiyyətinə malik olan maliyyət sanksiyalarından fərqləndirən də məhz bu cəhətdir. Qeyd olunmalıdır ki, faizlərin tətbiq edilməsini istisna edən halların dairəsi daha məhduddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.10-cu maddəsinin 03 dekabr 2021-ci il tarixədək olan redaksiyasına nəzər yetirdikdə görünür ki, vergi ödəyicisinə faizlərin hesablanmaması o halda mümkündür ki, əgər vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmışdır. Məhkəmə qeyd edir ki, doğrudur ki, VM-nin 85.10-cu maddəsinə dəyişiklik olunmuş və hazırki redaksiyadan həmin norma (faizlərin hesablanmaması ilə bağlı) çıxarılmışdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı ilə vergi orqanı arasında vergi borcunun ödənilməsi müddətinin uzadılması ilə bağlı münasibətlər maddənin əvvəlki redaksiyası qüvvədə olan vaxtda yarandığından, hazırki mübahisəyə tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 85.10-cu maddəsi tətbiq olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması VM-nin 85.9-cu maddəsinə (03 dekabr 2021-ci il tarixədək olan redaksiyasına) əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq qərar qəbul edilməsi ilə həyata keçirilirdi. Yuxarıda göstərilən maddələrin təhlili nəticəsində məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 85.9-cu və 85.10-cu maddələrinə görə vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda faizin hesablanması nəzərdə tutulmadığından, hazırki mübahisənin həllində vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə inzibati aktın mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir. Məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, hər nə qədər cavabdeh vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarın qəbul edilmədiyini iddia etsə də, onun tərəfindən bununla bağlı inzibati akt (məktub) qəbul edilmişdir. Belə ki, iş materiallarında olan məktublardan görünür ki, iddiaçı yaranmış maliyyə çətinliyi ilə bağlı vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu səyyar vergi yoxlaması nəticəsində dövlət büdcəsinə yaranmış borclara münasibətdə müraciətdə qeyd olunanları nəzərə aldığını bildirmişdir. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçının “faiz borcunun silinməsi” ilə bağlı müraciətinə cavab məktubunda da, Vergi Məcəlləsi ilə müəyyən edilmiş tələblərdən kənar qaydada,yəni, müəyyən qrafik əsasında borcun hissəhissə ödənilməsinə möhlət verdiyini qəbul etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasının ayrıca qərar şəkilində qəbul etməsə də, bununla bağlı razılığını iddiaçıya müvafiq məktub ilə bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qərarın qəbul edilməməsi, onun vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasında göstərdiyi razılıq mövqeyini təkzib etmir. Çünki, cavabdeh razılıq mövqeyini qərar şəkildə deyil də, məhz məktub formasında iddiaçıya bildirmişdir ki, bu da həmin məktubun iddiaçıya hüquqi nəticələr yaratdığının göstəricisi olmaqla yanaşı, həmçinin məktubun inzibati akt kimi qəbul edilməsinin əsası qismində çıxış edir. Hazırda inzibati aktın daşıdığı səciyyəvi xüsuslara nəzər yetirilməsi zərurət təşkil edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır... 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Başqa sözlə, desək inzibati akt aşağıda sadalanan əlamətlərə malik olmalıdır. - İnzibati orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, inzibati akt dedikdə aktın təkcə qərar, sərəncam formasında olması imperativ qaydada nəzərdə tutulmamışdır. Sənədin inzibati akt hesab olunması üçün onun təkcə formasına deyil, ümumiyyətlə məzmununa nəzər yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında xüsusi ilə qeyd olunmuşdur ki, inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub – inzibati akt hesab olunur. Hazırki işin hallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub (vergi borcunun ödənilməsinə möhlət verilməsi barədə) inzibati aktın daşıdığı əlamətlərə malik olmaqla, iddiaçıya müəyyən hüquqi nəticələr yaratmışdır ki, bunun zənnində iddiaçı vergi borcunun ödənilməsi ilə bağlı əlavə vaxt qazanmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, vergi borunun ödənilməsinin uzadılması barədə məktub hüquq nəticələr yaratdığından, inzibati akt hesab olunur. Nəticə etibarı ilə, VM-nin 85.10cu maddəsinin (xx.xx.2021-ci il tarixədək olan redaksiyası) normalarına görə vergi borcuna görə iddiaçıya hesablanmış faizlər əsassızdır. Məhkəmə xüsusi ilə onu da vurğulamağı zəruri hesab edir ki, vergi borcunun ödənilməsinin uzadılmasının qərar formasında deyil də, məktub formasında cavablandırılması vəziyyəti iddiaçının ziyanına dəyişmir və ona əlavə məsuliyyət yaratmır. Çünki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Digər tərəfdən Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciət etdiyi tarixdə müraciətin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.9-cu maddəsinin (həmin dövrdə olan redaksiyaya görə) tələblərinə cavab verməməsinə əsaslanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər nə qədər də cavabdeh bununla bağlı mülahizələr irəli sürsə də o, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin uzadılmasında öz iradə ifadəsini nümayiş etdirmiş, müraciətin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasından asılı olmayaraq, eyni zamanda məktub inzibati akt hesab edilməsə belə məktub ünvanlayaraq vergi ödəyicisinə borcun hissə-hissə ödənilməsinə möhlət vermiş, bununla da vergi ödəyicisi vergi orqanına etimad göstərmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçıya məktub (inzibati akt) ünvanlayaraq onun dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinə möhlət verdiyindən, iddiaçı da bu müddət ərzində ona faiz hesablanmayacağına ümüd etdiyindən, başqa sözlə desək, dövlət orqanına etimad göstərdiyindən, cavabdehin iddiaçının müraciətinin maddənin normalarına cavab verməməsi əsası hər hansı əhəmiyyət kəsb etmir. Belə olan halda Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq baxılmaqla ödənilməsinə möhlət verilmiş 2.818.749,4 manat vergi borcuna görə 513.559,16 manat faizlərin hesablanmasının hər hansı hüquqi əsası olmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hesablanmış faiz borcları silinməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq baxılmaqla ödənilməsinə möhlət verilmiş 2.818.749,4 manat vergi borcuna görə hesablanmış 513.559,16 manat faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar