Məhkəmə qərarları › İş №2-1(112)-11478/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11478/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11478/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Bakı şəhəri Xətai rayonu ərazisində 1992-ci ildən bugünə kimi ümumi əlillər üçün neçə mənzilin tikilib təhvil verilməsi və hazırda bununla bağlı hər hansı inşaat işlərinin aparılması barədə məlumat verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu ərazisində 1992-ci ildən bugünə kimi ümumi əlillər üçün neçə mənzilin tikilib təhvil verilməsi və hazırda bununla bağlı hər hansı inşaat işlərinin aparılması barədə məlumat verilməsi öhdəliyinin cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1581 saylı sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) İİİ qrup ümumi səbəbdən əlil kimi mənzillərin uçotu və bölüşdürülməsi şöbəsi tərəfindən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. Yaşayış yeri üzrə mənzil növbəsində olan vətəndaşların ümumi siyahısında 897-ci, güzəştli siyahıda isə 334-cü yerdədir. 1988-ci il təvəllüdlü oğlu X6 düzgün müalicə olunmadığından bronxit-astma xəstəsidir. Oğlu hal-hazırda ailəlidir və 1 qız övladı var. Mənəvi iztirablara məruz qaldığından iddiaçı, sıxıntılar içərisində yaşayır. Hazırkı işsizlik və pandemiya dövründə evsizlik onları çox çətin sınaqlar qarşısında qoymuşdur. X1 qabaqcıl işçi olub, veterandır, 1981-1993-cü illərdə Nizami rayonu üzrə 3 dəfə deputat seçilmişdir. Moskvada Syyezddə olmuşdur, qurultay nümayəndəsidir. Bütün bu sadalananların və ağır həyat şəraitinin nəzərə alınmasına ehtiyac vardır. Bakı şəhəri Xətai rayonu ərazisində 1992-ci ildən bugünə kimi ümumi əlillər üçün neçə mənzilin tikilib təhvil verilməsi və hazırda bununla bağlı hər hansı inşaat işlərinin aparılması barədə məlumat verilməsi üçün cavabdehlərə ərizə ilə müraciət etsə də, ona cavab verilməmiş, işinin aqibəti taleyin ümidinə buraxılmışdır. Odur ki, konkret cavab vermək öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına ehtiyac vardır. Həmin informasiya üzrə informasiya sahibi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti çıxış edir. Həmin informasiya iddiaçı üçün həyati əhəmiyyətlidir və bizə təqdim edilməsi üçün sorğuyla informasiya sahiblərinə müraciət edilmişdir. Lakin inzibati orqanlar ağlabatan müddət ərzində həmin informasiyanı təqdim etməmişlər.

3. İş üzrə məhkəmə iclaslarında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və ya onun nümayəndəsi iştirak etmir və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iddianın geri götürülmüş sayılmasına etiraz etmədi.

5. Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir.

II. İddianın geri götürülmüş sayılması

6. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

7. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

8. İş üzrə məhkəmə iclasları xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı təyin olunmuş məhkəmə iclaslarının heç birində iştirakını təmin etməmişdir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

10. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar