Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11479/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı Şərifova Xanım Rasim qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı, Şərifova Xanım Rasim qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarışına əsasən (həqiqiliyi QR kodla yoxlanılmış) Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 48, 19 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li arayışına əsasən Şərifova Xanım Rasim qızı (bundan sonra – üçüncü şəxslər) mübahisəli mənzildə qeydiyyatdadır. Şərifova Xanım Rasim qızının cavabdeh İddiaçı və digərlərinə qarşı “özü və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı- X1 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, o cümlədən həmin evə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və sair” tələdinə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(010)-503/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2022-ci iltarixli, 2(103)- 6600/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehlərə qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-811/2023 nömrəli qərarı ilə Şərifova Xanım Rasim qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6600/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı üçüncü şəxsin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur”. İddia tələbi, iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərifova Xanım Rasim qızının ünvan 2 ünvandan qeydiyyatdan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Üçüncü şəxsin onun evində qeydiyyatda qalması onun həmin daşınmaz əmlakla bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2013-cü il tarixdə X4 ilə ailə həyatı quraraq mübahisəli mənzilə gəlin köçüb və xx.xx.2014-cü il tarixdən özü və xx.xx.2014-cü il təvəllüdlü oğlu X3 həmin ünvanda qeydiyyatdadır. X4 ilə aralarında olan nikaha xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsində xitam verildikdən sonra xx.xx.2021-ci il tarixdə azyaşlı oğlu X3 ilə keçmiş həyat yoldaşı X2 anası İddiaçı tərəfindən zor gücü ilə qeydiyyatda olduğu və yaşadığı mənzildən çıxarılıb. Bununla bağlı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə tərəfindən Suraxanı Rayon Məhkəməsində cavabdehlər X4 və İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilən sübutlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış idi. Həmin arayışda onun xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatda olduğu və onunla birgə İddiaçı və X1 da həmin mənzildə qeydiyyatda olduqları qeyd olunmuşdur. Yuxarıda qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə məhkəmə baxışı zamanı cavabdehlər tərəfindən mənzilin müraciətləri əsasında özəlləşdirilərək çıxarış alındığı bildirilməklə çıxarışın surəti sübut kimi məhkəməyə təqdim edildi. Bu hal, yəni mənzildə qeydiyyatda olan şəxslərdən biri kimi onun razılıq ərizəsi alınmadan mənzilə dair çıxarışın əldə edilməsi onda qeydiyyatda olduğu mənzildən hansısa qanunsuz yol vasitəsilə çıxarılmağına dair əsaslı şübhələr yaratdı. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu göndərilməklə ünvan 4 ünvanında yerləşən mənzilin ilkin qeydiyyatı (özəlləşdirilməsi) barədə ƏMDX yanında DƏDRX-yə hansı tarixdə və kim tərəfindən müraciət edilməsi, müraciət müəllifi tərəfindən mənzildə qeydiyyatda olan şəxslər barədə təqdim edilmiş sənəd, sənədin tarixi, nömrəsi, həmin sənəddə göstərilən mənzildə qeydiyyatda olan şəxslərin siyahısı barədə məlumat verilməsi xahiş edildi. Müraciətlərinə cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********74 saylı məktubda mənzilə dair çıxarışın alınması üçün İddiaçı tərəfindən idarəyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi və müraciətə əlavə edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda sözügedən mənzildə yalnız İddiaçı qeydiyyatda olduğunun öz əksini tapdığı qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan rəsmi dövlət orqanlarından əldə edilmiş arayışlardan məlum olur ki, o və övladı X3 yaşadığı və qeydiyyatda olduğu mənzildən kimlərinsə marağına uyğun olaraq heç bir hüquqi əsas olmadan, tam olaraq qanunsuz formada çıxarılıb. Daha sonra da qeydiyyatları həmin mənzilə bərpa edilmiş və onun həmin mənzildə qeydiyyatda olmadığı zaman kəsiyində həmin mənzil qanunsuz olaraq onun razılığı alınmadan İddiaçı adına keçirilmiş və buna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iş hakim Günel Sevdimaliyevanın icraatındadır və 2-1(112)-14345/2023 saylı həmin iş üzrə xx.xx.2023-cü il tarixə iclas təyin edilmişdir. Göstərilənlərə əsasən, icraatda olan işin halları üçün birbaşa əhəmiyyətli olduğundan işin təxirə salınmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş emtişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə məktub göndərərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və üçüncü şəxs həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçı hazırda üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Üçüncü şəxs iddiaçının keçmiş gəlinidir və iddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nikah pozulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 3.08.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, üçüncü şəxs xx.xx.2014-cü il tarixdən ünvan 5 ünvanı üzrə sənədləşdirilərək AZE-14586976 və xx.xx.2017-ci il tarixdə AZE- 17237201 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Məktuba AZE-14586976 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının kserosurəti əlavə edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 68 Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən üçüncü şəxs sözügedən ünvanda yaşamır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamaması və istifadə hüququnun olmaması işin mübahisələndirilməyən halıdır. Belə ki, təqdim edilmiş məhkəmə qərarı ilə, üçüncü şəxsin həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə tələbi rədd edilmişdir. Baxılan işdə üçüncü şəxs iddiaçının ailə üzvü deyil. İddiaçının oğlu ilə üçüncü şəxs arasında olan nikaha xitam verilmişdir. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə iddiaçının onun razılığı olmadan mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı çıxarışın mübahisələndirilməsi və həmin icraatla bağlı hazırkı işin təxirə salınmasına dair üçüncü şəxsin vəsatətinə münasibətdə qeyd edir ki, baxılan işdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxsin mübahisəli mənzilə istifadə hüququnun olmaması və təqdim edimiş arayışa əsasən həmin mənzildə yaşamaması sübuta yetirilir. Bu hal özlüyündə üçüncü şəxsin yaşamadığı və istifadə hüququ olmayan evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Üçüncü şəxsin Çıxarışı mübahisələndirməsi barədə tələbin hazırkı iddiaya təsiri yoxdur. Çünki üçüncü şəxsin iddiası təmin ediləcəyi və çıxarış ləğv ediləcəyi halında da, bu üçüncü şəxsin faktiki olaraq yaşamadığı mənzildə formal qeydiyyatının ləğv edilməsinə təsir edən hal deyil. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Şərifova Xanım Rasim qızının ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11479/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11479/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver