Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11482/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək yaşadığı otağın özəlləşdirilməsi üçün sərəncam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1990-ci ildə dənizçilər peşə məktəbini qurtarmışdır. 1991-ci ildə köhnə “Parkomuna” zavodunda, indiki “Zığ-təmiri” zavodunda gəmi gövdə təmirçisi işləmiş, hal-hazırda da işləyir. 1990-cı illərdə o, gənc sənətkar kimi yataqxanada yerləşdirilmiş, həmçinin onu yerləşdirən vaxtı “order” ilə göndərmişdirlər. O, orderi 5 №-li yataqxana komendantına vermişdir. Hal-hazırda tələb edəndə itirdiklərini bildirmişdirlər. O, birinci Qarabağ veteranıdır. Ailəlidir, heç bir şəraiti olmayan 18 kv.m olan otaqda 4 nəfər yaşayır. 2 övladı var. Həyat yoldaşı həm onkoloji, həm də şəkər xəstəsidir. İddiaçı isə ürəyindən əməliyyat olmuşdur. Bir ildir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbuluna yazılmışdır. Departamentə, onlar da Bakı İnzibati Məhkəməsinə göndərirlər. Otağın özəlləşdirilməsi üçün sərəncamın nə vaxt veriləcəyi barədə məlumat verməmişdirlər. Yataqxanada yaşayan şəxslərin bir qismi yaşadıqları mənzilləri özəlləşdirmişdirlər. Bəziləri də mənzillərini satıb getmişdirlər. Heç bir əmlakı yoxdur.
3. İş materiallarına Azərbaycan Respublikası Xəzər X2 Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixli məktubu əlavə edilmişdir.
4. İddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə uyğun olaraq dövlət mənzil fondu evlərindəyaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsinə verilmiş order əsasında bağlanır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən 81 saylı mənzilin istifadənizə verilməsi barədə order təqdim edilmədiyindən xahişini təmin etmək mümkün olmamışdır. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir.
5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərüffatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, yaşayış sahənin öz adına kirayə müqaviləsi bağlanması üçün müəyyən edilmiş qaydada tələb olunan sənədləri (mənzildə yaşamasa əsas verən hüquq müəyyənedici sənəd orderin əslini və ya notarial qaydada təsdiq olunmuş kserosurətini) təqdim etmədiyi üçün xahişini təmin etmək mümkün olmamışdır. Nəzərə çatdırılmışdır ki, qeyd olunan sənədləri topladıqdan sonra təkrar müraciət etməyi məqsədəuyğun hesab olunur.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli məktubnda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar ptospekti, 5 ünvanında yerləşən keçmiş yataqxana binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar ptospekti, 5 saylı binanın qəzalı hesab edilməsi barədə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Hacıyev X1 Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməmiş və mənzil uçot siyahısına daxil edilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında cavadehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindəndən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Hacıyev X1 Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməmiş və mənzil uçot siyahısına daxil edilməmişdir.
16. Odur ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva