Məhkəmə qərarları › İş №2-1(112)-11484/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11484/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11484/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 Cavabdeh ASC-dəki bank hesabında olan 19.062 (on doqquz min altmış iki) manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığının 08 dekabr 2007-ci il tarixli 1069 nömrəli arayışına əsasən 19 dekabr 1993cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhid oğlunun atası Gürcüstan Respublikasının Bolnisi rayonunun Mamxuti kəndində yaşayan, Gürcüstan Respublikası vətəndaşı X7 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüd xx.xx.2021-ci il tarixədək X6 Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. Lakin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi Dövlət X3 15 iyun 2021-ci il tarixli, 01/115048 saylı məktubu ilə X6 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən 05 iyul 2021-ci il tarixli, **********0 saylı məktubla Cavabdeh ASC-nin Bakıxanov filialına müraciət edilərək X6 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq onun kart hesabına (h/h AZ13BRES********************) Fond tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürülmüş təqaüdün tam məbləğinin (19062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmişdir. Cavabdeh ASC-nin Bakıxanov filialı tərəfindən 08 iyul 2021-ci il tarixli 01/273 saylı məktubla pul vəsaitinin köçürülməsini müştərinin sərəncamı ilə həyata keçirdiyini, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirirmiş və ya bankla müştəri arasında müqavilədə nəzərədə tutulmuş hallarda yol verildiyi bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından imtina edilmişdir. İddiaçı tərəfindən 27 yanvar 2022-ci il tarixli, **********5 saylı məktubla Cavabdeh ASC-yə yenidən müraciət edilərək X2 hesabına köçürülmüş təqaüdün tam məbləğinin (19062 manat) dövlət büdcəsinə geri qaytarılması xahiş edilmiş, Cavabdeh ASC tərəfindən 10.mart 2022-ci il tarixli, 1062 saylı məktubla pul vəsaiti vəfat etmiş şəxsin hesabında olduğu üçün pul vəsaiti üzərində sərəncam vermək hüququ vəfat etmiş şəxsin vərəsələrinə aid olduğu bildirilmiş, həmin pul vəsaitinin dövlət büdcəsinə geri qaytarılmasından yenidən imtina edilmişdir. Vətəndaşın təaqüd almaq hüququna onun ölümü ilə xitam verilir. X1 Respublikasının vətəndaşı olmuş, xx.xx.2015-ci il tarixdə vəfat etməsi barədə məlumat verilməmiş, onun bank hesabına 19062 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək əsassız olaraq köçürülmüşdür. X9 bank hesabına xx.xx.2015-ci il tarixdən sonra (öldükdən sonra) köçürülən pul vəsaiti (19062 manat) miras əmlakına daxil deyildir. Bu səbəbdən pul vəsaiti üzərində sərəncam vermək hüququnun vəfat etmiş şəxsin vərəsələrinə keçməsinin qanuni əsası yoxdur. Göründüyü kimi, Cavabdeh ASC-nin Fonda məxsus pul vəsaitini geri qaytamaqdan imtina etməsi barədə hərəkətləri qanuni deyildir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dövlət büdcəsinin hesabına maliyyələşdiyini nəzərə alaraq bildirilir ki, X9 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti (19062 manat) dövlət büdcəsinə aiddir. X9 bank hesabına əsassız olaraq köçürülmüş pul vəsaiti miras əmlaka aid edilmədiyindən, heç bir qanuni əsas olmadan Cavabdeh ASC-nin pul vəsaitini dövlət büdcəsinə köçürülməsindən imtina etməsi və hal-hazırda həmin pulun bankın sərəncamında olmasını qanuna ziddir. İddianın mümkünlük məsələsinin həll edilməsi ilə əlaqədar məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqısatqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (bənd 5.2). Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. İnzibati hüquq münasibətinin əsas iştirakçısı olan inzibati orqan inzibati funksiyanı yerinə yetirməklə bərabər onunla qeyri-bərabər hüquqi vəziyyətdə olan subyektə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Başqa sözlə, inzibati orqanın qanunla üzərinə düşən inzibati funksiyanı yerinə yetirərkən qarşı tərəfə münasibətdə müəyyən hüquqi nəticələr yarada biləcək inzibati akt qəbul etmək, hərəkət etmək kimi müvafiq hakimiyyət tədbiri görmək imkanına sahib olmalıdır. Yalnız bu zaman inzibati orqanın iştirakçısı olduğu münasibət inzibati münasibət, həmin münasibətdən yaranmış mübahisə isə inzibat mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxıla bilər. Beləliklə, inzibati orqanın iştirakı ilə bağlı heç də bütün mübahisələr inzibati hüquq sahəsindəki mübahisə kimi qiymətləndirilmir. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, vət. X7 01 yanvar 2007-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmiş, təqaüd xx.xx.2021-ci il tarixədək X6 adına olan Cavabdeh ASC-dəki bank hesabına köçürülmüşdür. İddiaçı inzibati orqan X6 xx.xx.2015-ci il tarixdə vəfat etdiyini müəyyən etdiyindən hazırda X2 hesabına Fondun xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək köçürdüyü 19062 manat təqaüd məbləğinin bank tərəfindən büdcəyə geri qaytarılmasını mübahisələndirir, bununla bağlı iddiaçı inzibati məhkəmədə inzibati iddia qaldırmışdır. Halbuki, hazırkı iş üzrə iddiaçı DSMF inzibati orqan olmaqla inzibati funksiyasını icra edərək vətəndaş mərhum X7 şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezident təqaüdünü ödəmiş, qeyd edilən təqaüdün ödənilməsi ilə bağlı münasibətlər inzibati icraat gedişində və məhz inzibati orqanla həmin təqaüdü almış vətəndaş arasında yaranmaqla publik hüquq xarakterli olmuşdur. Başqa sözlə, sosial təminat xarakterli ödənişlər ilə bağlı mübahisələr publik hüquq münasibətlərindən irəli gəlməklə, yalnız artıq ödənilmiş sosial ödənişin vətəndaşdan geri qaytarılması tələb edildiyi halda bu tələbə inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin hazırkı iş üzrə iddiaçı inzibati orqanın sosial ödənişi-təqaüdü müvafiq bank hesabı vasitəsilə ödəməsi və sonradan həmin hesabda qalmış vəsaiti bankdan geri tələb etməsi ilə bağlı mübahisə inzibati mübahisə hesab edilə bilməz. Belə ki, iddiaçının banka (və yaxud əksinə) publik hüquqdan irəli gələn tələbi yoxdur, inzibati orqan tələb üzrə cavabdeh banka qarşı hər hansı hakimiyyət tədbiri tətbiq etmir, inzibati orqanla bank arasındakı hesab üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması bank əməliyyat çərçivəsində realizə olunur ki, bu əməliyyatlarla bağlı tələb hüququ öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən birincisi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə bilavasitə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar