Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11484/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı yaşayış sahəsinə qeydiyyata alınma öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra mətndə Binəqədi RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar hazırda Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel Zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayırıar. İddiaçı və ailə üzvləri əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 74 nömrəli evdə qeydiyyatda olublar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evini İddiaçı3 öz vəsaiti hesabına tikmişdir. Həmin fərdi yaşayış evində bütün kommunal xidmətlər İddiaçı1 adınadır. İddiaçı, həmçinin, yaşadığı yer üzrə poliklinika qeydiyyatındadır. İddiaçılar 2010-cu ildən qeyd olunan ünvanda yaşayırlar. İddiaçı3 hazırda Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evinə qeydiyyata alınmaq niyyətindədir. Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Hazırda iddaçı və ailə üzvləri həmin hüquq və azadlıqlardan istifadə edə bilmir. İddiaçı3 qeyd olunan ünvana qeydiyyata alınmaq üçün ərizə ilə cavabdeh Binəqədi RPİ-yə müraciət edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, qeydiyyata alınmaq üçün zəruri sənədlər təqdim edilmədiyinə görə, iddiaçının həmin ünvana qeydiyyata alınması imkan xaricindədir. Həmin məktubda məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, İddiaçı3 məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət vermədiyinə görə iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-359/2025 №li xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki; - iddiaçı X3 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 74 nömrəli ünvanından İddiaçı3, X4, İddiaçı2, X5, X6, İddiaçı1, X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçı X1 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanından İddiaçı3, X4, İddiaçı2, X5, X6, İddiaçı1, X2 pasport qeydiyyatından çıxarılmaları vəzifəsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3070-2024 sayl, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 951 saylı arayışda göstərilmişdir ki, İddiaçı3 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ailə tərkibi İddiaçı1, X4 və İddiaçı2 ibarətdir. Hazırki iddia tələbinə cavab olaraq cavabdeh inzibati orqan bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd ) təqdim etməlidir. Məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-16843/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında heç bir şəxsin qeydiyyatı aşkar edilməmişdir. Azrərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-29174/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 8 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsasını təşkil edən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və dəqiq ünvan göstəricilərinə malik deyildir. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Aprel zəfəri, döngə 5 ünvanında yerləşən 5771 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11484/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11484/2025
22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver