Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11486/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində milliyətin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 cavabdehlər Qaradadağ rayon Qeydiyyat Şöbəsi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı “milliyətin rusdan almana dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonrada iddiaçı iddia tələbinə dəqiqləşmə verərək qızı İddiaçı2 iddiaçı qismində işə cəlb edilməsini, iddiaçının onun qanuni nümayəndəsi qismində tanınmasını, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin cavabdehlər siyahısından çıxarılması, iddia tələbinin isə “iddiaçının nənəsi X5 və onun valideynlərinin Alman olmasını nəzərə alınmaqla iddiaçının və onun qızının doğum akt qeydində milliyətin “Alman” kimi göstərilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdeh Qaradağ rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” formasında qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etiraza əsasən vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 363 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən ananın milliyyətinin “rus” yazıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq İcra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ИЕ № 496281 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X1 valideynləri Petr Polnikov (milliyəti rus) və Anna Predizerdir (milliyəti alman). А3Б 063236 №-li doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 valideynləri X2 (milliyəti rus) və X3 (milliyəti rus). AZ-İİ 535494 №-li doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 Vyaçeslavnanın valideynləri Çernyavskiy Vyaçeslav və İddiaçı1dır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il təvəllüdlüdür. AZ-İ № 368692 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Çernyavskiy Vyaçeslav və İddiaçı1 xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 valideynləri Çernyavskiy Vyaçeslav və İddiaçı1dır. Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1970-ci ildə tərtib edilmiş 363 saylı doğum haqqında akt qeydində ananın milliyətinin “rus” yazıldığı müəyyən edilmişdir. Qanunvericilikdə doğum haqqında akt qeydində uşağın valideynlərinin milliyyətini ikinci dəfə dəyişmək nəzərdə tutulmadığından müvafiq dəyişikliyin edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. xx.xx.1970-ci ildə tərtib edilmiş 363 saylı doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 valideynləri X2 (milliyəti rus) və X3 (milliyəti rus). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.8 doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmə bildirir ki, doğum haqqında akt qeydinin mahiyyəti şəxsin doğum faktını və onun barəsindəki fərdi məlumatları hüquqi əsaslarla təsbit etməkdən ibarətdir. Bu sənədin hüquqi qüvvəsi yalnız dəqiq, təsdiqlənmiş və qanunvericiliklə müəyyən edilmiş prosedurlara uyğun olaraq təsbit edilmiş məlumatlarla təmin edilir. Belə ki, doğum haqqında akt qeydində mövcud olan hər hansı məlumatın dəyişdirilməsi üçün bu dəyişikliklərin zəruriliyini sübut edən, etibarlı və qanuni əsaslar olmalıdır. Hal-hazırkı işdə iddiaçılar, doğum haqqında akt qeydində qeyd olunan milliyyət məlumatını dəyişdirərək "rus" milliyyətindən "alman" milliyyətinə keçməyi tələb edirlər. İddiaçılar bu tələbin əsasını öz köklərinin "alman" mənşəli olması ilə izah edərək, bu iddianı X4 aid olan doğum haqqında şəhadətnaməyə istinadla əsaslandırırlar. Məhkəmə qeyd edir ki, iddiaçı İnessa Romanovnanın doğum haqqında akt qeydində, eləcə də onun əsasında verilmiş doğum haqqında şəhadətnamədə valideynlərinin milliyyəti "rus" olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı İnessa Romanovnanın anası Larisa Polnikovanın doğum haqqında şəhadətnaməsində onun anasının alman olduğu göstərilsə də, sənədin Almaniya Federativ Respublikası tərəfindən tərtib edilməsi səbəbilə həmin sənədin hüquqi qüvvəsinin təsdiqi və məlumatlarının əldə edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəf də bu məlumatı təsdiqləyən heç bir etibarlı sənəd təqdim etməmişdir. Qeyd olunan halları nəzərə alaraq, iddiaçıların milliyyətlərinin "alman" olaraq təsbit edilməsi və bu əsasla doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün yetərli hüquqi və faktiki sübutların təqdim olunmadığı qənaətinə gəlinmişdir. Bu səbəbdən, iddiaçıların doğum haqqında akt qeydində mövcud olan məlumatların düzgün olduğu və onların dəyişdirilməsinə hüquqi əsasın olmadığı qənaətinə gəlmək lazımdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1522/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilsə də, həmin qərarda kassasiya instansiya məhkəməsi oxşar mövqeyidən çıxış etmiş, apellyasiya instansiya məhkəməsinin Rusiya Federasiyasında tərtib olunmuş akt qeydinin əldə edilməsinin mümkünsüzlüyü və iddiaçı özü tərəfindən bunu təsdiq edən sənədlərin təqdim edilməməsi əsası ilə vətəndaşlıq vəziyyəti haqqında akt qeydindən dəyişiklikdən imtina olunmasının əsaslı olduğu barədə mövqeyi ilə razılaşmışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov