Məhkəmə qərarları › İş №2-1(112)-11487/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11487/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11487/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi,cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (halhazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 27.05.1971-ci ildən 25.10.1972 ilədək, 16.03.1995-ci ildən 12.08.1997-ci ilə qədər, 24.09.1973-cü ildən 15.09.1975-ci ilə qədər, 25.09.1975-ci ildən 16.03.1979-cu ilə qədər, 26.12.1979-cu İldən12.01.1981-ci ilə qədər, 03.06.1981-ci İldən 24.10.1988-ci ilə qədər, 27.10.1988-ci ildən 01.10.1992-ci ilə qədər, 03.10.1992-ci ildən 14.07.1994-cü ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2011-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2438/2018 nömrəli, 01 may 2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 27.05.1971-ci ildən 25.10.1972-ci ilədək, 16.03.1995-ci ildən 12.08.1997-ci ilə qədər, 24.09.1973-cü ildən 15.09.1975-ci ilə qədər, 25.09.1975-ci ildən 16.03.1979-cu ilə qədər, 26.12.1979-cu ildən12.01.1981-ci ilə qədər, 03.06.1981-ci ildən 24.10.1988-ci ilə qədər, 27.10.1988-ci ildən 01.10.1992-ci ilə qədər, 03.10.1992-ci ildən 14.07.1994-cü ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2011-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2438/2018 saylı, 22.07.2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2018-ci il tarixli, 2-1(81)-2438/2018 №-li qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraat təzələnmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. O, 27.05.1971-ci ildən 12.08.1997-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan vəzifələr xüsusilə ağır işlər olduğundan güzəştli şərtlərlə iş stajına daxil edilməlidir. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Yasamal rayon Şöbəsinə müraciət etmişdir. Lakin, onlar 57 yaşı tamam olduğu tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə pensiya təyin etməli idilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbi ilə bağlı verdiyi izahatında göstərdi ki, iddiaçının əmək kitabçasına əsasən ümumi stajına aid edilən dövrlər cəmi 24 il 4 ay 26 gün təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçı 25 il ümumi staja malik olmadığından onun iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının vəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 12 noyabr 1972-ci ildən 24 avqust 1973-cü ilə qədər (11 ay 14 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27.05.1971-ci ildən 25.10.1972-ci ilə qədər Bakı-X2 maşinist (1 il 04 ay 29 gün), 24.09.1973-cü ildən 15.09.1975-ci ilə qədər Bakı sexində şagird və işçi (02 il 2 gün), 25.09.1975-ci ildən 16.03.1979-cu ilə qədər ayaqqabı sexində pinəçi (03 il 05 ay 22 gün), 26.12.1979-cu ildən 12.01.1981-ci ilə qədər Kombinatda 2-ci dərəcəli pinəçi (01 il 17 gün), 03.06.1981-ci ildən 24.10.1988-ci ilə qədər 2-ci və 3-cü dərəcəli pinəçi (07 il 04 ay 22 gün), 27.10.1988-ci ildən 01.10.1992-ci ilə qədər “Çəkməçi” Kombinatında pinəçi (03 il 11 ay 05 gün), 03.10.1992-ci ildən 14.07.1994-cü ilə “Çəkməçi” Kombinatında pinəçi (01 il 09 ay 12 gün), 16.03.1995-ci ildən 12.08.1997-ci ilə qədər satış şöbəsində qəbul təhvil vericisi (02 il 04 ay 27 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 19.03.2018-ci il tarixli, 12/2350 nömrəli məktubdan görünür ki, güzəştli iş stajı barəsində aydınlaşdırıcı arayış təqdim etmədiyindən ərizəsini təmin etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı İddiaçı 01.01.2006-cı ilədək ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən az, yəni 24 il 02 ay 19 gün olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar