Məhkəmə qərarları › İş №2-1(112)-11492/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11492/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11492/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyaların birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalın üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1940-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının staj illəri düzgün hesablanmayıb. 34 il 5 ay olaraq göstərilən staj illəri əvvəla az göstərilməklə pensiya məbləği olduqca az hesablanıb və reallığı əks etdirmir. Bu isə onun pensiya haqqına müdaxilədir və qanunsuzluqdur. Müraciəti ilə əlaqədar cavabdeh tərəfindən verilmiş cavablarla tələbin müsbət həlli mümkün olmadığından o məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, tələbi ilə əlaqədar cavabdehin hərəkət və hərəkətsizliyi əsassız sayılmalı və pensiyasına müdaxilə, qanunvericiliklərin tələblərinə düzgün yanaşmama kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial {dənişlərin Təyinatı üzrə Mərkəzi filialına yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq ona əmək pensiyasının məbləği haqqında məlumat verilmişdir. Belə ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya pensiya ödənişi edilir. Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun ümumi iş stajı 34 il 5 ay təşkil edir. Həmçinin iddiaçıya yaşa görə pensiya hüququ 2002-ci ildə yarandığı üçün xx.xx.2006- ci il üçün qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən təyin olunmuşdur. Əmək pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulmuş qaydada tənzimlənir. Belə ki, 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmçinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6-cı maddəsinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: -Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; -Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; -Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; -əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; -Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; -məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1960-cı il tarixindən xx.xx.1963-cü il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 5 ay sığorta stajı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (298,58 manat) dəyişiklik olmamışdır. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçıya aid pensiya işinin surətindən və inzibati icraat materiallarından görünür ki: -Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Pensiya və müavinət təyin edən Komissiyasının xx.xx.2002-ci il tarixli 12/68 qərarı ilə xx.xx.2002-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -İddiaçı xx.xx.2022-ci il tarixdə DSMF-nə müraciət edərək pensiyasının yenidən hesablanılmasını xahiş etmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sizə xx.xx.2002-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1960-cı il tarixindən xx.xx.1963-cü il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 34 il 5 ay sığorta stajı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (298,58 manat) dəyişiklik olmamışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1940-cı il təvəllüdlü olmaqla ona 62 yaşdan, yəni xx.xx.2002-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1960-xx.xx.1963-cü ilədək hərbi xidməti və əmək kitabçası qeydləri nəzərə alınmaqla ümumilikdə iş stajı 34 il 05 ay 16 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının pensiya işindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildən işləməmiş, xx.xx.2002-ci ildə pensiyaya çıxan zaman pensiya məbləğinin hesablanamsı üçün ardıcıl gələn 5 ilin, yəni Bakı Dəmir Beton-4 X3 Cəmiyyətinin 1979, 1980, 1981, 1982, 1983-cü il əmək haqqı arayışlarını təqdim etmişdir. İddiaçının pensiyaya çıxdığı vaxt 34 il 05 ay ümumi iş stajı olmuş, həmin stajdan tələb olunan əmək (sığorta) stajı 25 il, tələb olunandan artıq əmək stajı isə 9 il olmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqqında” Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının faizi aşağıdakı şəkildə hesablanmışdır: 25 il tələb olunan staja görə 60% + 18% (tələb olunandan artıq əmək stajı 9 il *2% olmaqla) =78%. Beləliklə, iddiaçının əmək pensiyası xx.xx.2002-ci il tarixədək təqdim etdiyi 1979- 1983-cü illərin orta aylıq əmək haqqısının 78% məbləğində müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixə olan redaksiyasında 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbayan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbayan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay müəyyən edilmişdir.

1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir.

2. Yaşa görə əmək pensiyasının təyin olunması zamanı bu Qanunun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən işlədiyi dövrlər üzrə orta aylıq əmək haqqı barədə sənəd təqdim etməyən və bu Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplamayan şəxslərin əmək pensiyalarının məbləği Qanunun 27-ci maddəsinə uyğun olaraq yalnız yaşa görə əmək pensiyasının baza hissəsi məbləğində müəyyənləşdirilir və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan əlavələri almağa hüququ olan şəxslərin pensiyasının üzərinə həmin əlavələr hesablanır. Göründüyü kimi xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş xx.xx.2006-cı il tarixədək son 24 ayın və yaxud ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. Həmin sığorta hissənin üzərinə Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünməklə əldə olunan məbləği əlavə edilməklə əmək pensiyasının sığorta hissəsi müəyyən edilirdi. Həmin dövrdə Qanun qüvvəyə mindiyi tarixə vətəndaş əmək haqqı barədə sənəd təqdim etmədiyi halda və eyni zamanda onun Qanun qüvvəyə mindikdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplamadığı halda isə əmək pensiyasının məbləği Qanunun həmin vaxt qüvvədə olmuş 27-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının ümumi məbləği P=BH+SH=YH düsturuna müvafiq olaraq sığorta hissəsi “0”, yığım hissəsinin keçid dövrü üçün “0” və baza hissəsi 25 manat məbləğində müəyyənləşdirilirdi. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmədiyinə görə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmamışdır, 2006-cı il “Əmək pensiyaları haqqında” Qanunu qəbul edildikdən sonra pensiyanın sığorta hissəsi “0”, yığım hissəsinin keçid dövrü üçün “0” olaraq müəyyənləşmiş, iddiaçının pensiyası yalnız baza hissəsindən ibarət olmuşdur. İddiaçıya orta əmək haqqı əsasında hesablanmış pensiya məbləği həmin tarixə yaşa görə əmək pensiyasının baza hissəsindən (25 manat) az olduğundan pensiya məbləği baza hissəsinə çatdırılmışdır. İddiaçının pensiya uçot vərəqindən görünür ki, xx.xx.2006-cı il tarixdən iddiaçıya pensiyanın yalnız baza hissəsi-25 manat ödənilmişdir. Başqa sözlə, iddiaçının əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən çox olmadığından ona sığorta hissəsi hesablanmamışdır. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq iddiaçının pensiyasının baza hissəsi müvafiq artımlara uyun olaraq artırılmış, xx.xx.2010-cu il tarixdən isə 85 manata çatdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il traixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Qanunun qeyd edilən tələbinə uyğun olaraq xx.xx.2011-ci il tarixdən iddiaçının pensiyası yenidən hesablanaraq pensiyasının baza hissəsindən əlavə, sığorta hissəsi də müəyyən edilmişdir. Bu zaman sığorta hissə iş stajına uyğun olaraq hər il üçün 1,94 manat, natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla xx.xx.2011-ci il tarixdən 71,14 manat müəyyən edilmişdir. Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2012-ci il yanvarın 1-dən 7,9%, 2013-cü ilin yanvarın 1-dən 1,1%, 2014-cü ilin yanvarın 1-dən 2,4%, 2015-ci il yanvarın 1-dən 1,4%, 2016-cı ilin yanvarın 1-dən 4%, 2017-ci ilin yanvarın 1-dən 12,4%, 2018-ci ilin yanvarın 1-dən 5,7%, 2019-ci ilin yanvarın 1-dən 3% artım tətbiq edilərək 102,57 manat, həmin tarixə cəmi pensiya məbləği xx.xx.2019-cu il tarixdən sığorta hissə 119,76+102.57=222,33 manat müəyyən edilmişdir. Sonrakı illər üçün indeksləşmə faizləri tətbiq edilməklə pensiya məbləği xx.xx.2020-ci ildən 222,33x16,6%=259,21 manat, xx.xx.2021-ci ildən 259,21x11,4%=288,78 manat, xx.xx.2022-ci ildən 288,78x3,4%=298,58 manat olaraq hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövr qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar