Məhkəmə qərarları › İş №2-1(112)-11495/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11495/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11495/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri,Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha-dan ibarət olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında iddiaçının mərhum anasına verilmiş Bakı şəhəri,Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə iddiaçının mərhum anası X13 arasında olan xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 1102L nömrəli bağ sahəsi iddiaçının anasının istifadəsinə verilmişdir..Sözügedən bağ sahəsi 2005-ci il tarixdən hazırkı vaxta kimi qanuni əsaslarlaiddiaçının mülkiyyətində və daimi istifadəsindədir. Həmin bağ səhəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu ilə torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinə digər şəxslərin müraciəti mövcud olması səbəbi ilə dövlət qeydiyyatından imtina olunmuşdur. İddiaçı qanunla tələb edilən sənədləri təqdim etsə də, cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdr. İddiaçının iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmin vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı X7 vərəsəsi sayılmışdır. Cavabdehin qanunsuz və əsassız imtinası nəticəsində iddiaçının qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki,torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv çizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, göstərilən torpaq sahəsinə dair digər şəxslərin (X3, X8 və X11 ) müraciətləri mövcuddur. Əlavə olaraq göstərilən torpaq sahəsinin bir hissəsi Novxanı- Pirşağı yolunun mühafizə zolagında yerləşir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 cavabdehin yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahat və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış “Novxanı ərazisindəki 1102 L nömrəli bağın istifadəyə verilməsi haqqında 35010 saylı, 01 iyun 2005-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 31 may 2005-ci il tarixli 139 saylı sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1102 L nömrəli bağ sahəsi X7 istifadəsinə verilmişdir. Bakı şəhəri, İcra Hakimiyyəti tərəfindən verilmiş S-142-112 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamı ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadəsindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 96 nömrəli protokolunun təsdiq edilməsi haqqında sərəncam vardır. Sərəncama əlavə olunmuş xx.xx.2005-ci il tarixli 96 nömrəli protokoldan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Novxanıdakı 1102 L nömrəli bağ X7 adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-963 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, xx.xx.2018-ci ildə X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2020-ci ildə vərəsəlik işi açılıb, qanunvericiliyin tələbinə əsasən X5 və İddiaçı miras qoyanın vərəsələri olması barədə məlumat verərək, Bakı şəhəri Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 07 .10.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan X15, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi,ev 175 V ünvanında qeydiyyatda olan X9, ünvan 5 ünvanında qeydiyyatda olan X14 tərəfindən verilmiş müvafiq olaraq **********731, **********724, **********734 və **********721 nömrəli ərizələrdən görünür ki, adları çəkilən şəxslər Bakı şəhəri, Binnəqədi rayonu, Novxanı ərazisi 1102 L nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin X7 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cü maddəsində göstərilmişdir:”Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində göstərilmişdir:” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;” Həmin Qanunun 9-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1.); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması(9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.) Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” İddiaçının anası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş anası X7 adına arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. İddiaçının mərhum anası X7 mübahisəli bağın torpaq sahəsi üzrə hüquqları iş materiallarında olan Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə bağlanılmış müqavilə, arxiv arayışı ilə təsdiqlənir və cavabdeh həmin sənədlərin mötəbərsizliyini məhkəmədə sübuta yetirə bilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi və etirazda qeyd etdiyi dəlillərə(torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir, ümumi əraziyə digər şəxslərin müraciətləri mövcuddur, torpaq sahəsinin bir hissəsi Novxanı –Pirşagı yolunun mühafizə zolagına düşür) gəldikdə isə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi X2 və istismarı Birliyi tərəfindən tərtib olunmuş bağların bölgüsünə dair sxematik xəritədə sahəsi 0,12 ha olan 1102 L saylı bağ qeyd olunmuş, 1102 L saylı bağ sahəsi ilə Novxanı –Pirşagı yolu arasında 1102 Z və 1106 H nömrəli bağ sahələrinin yerləşməsi xəritədən aşkar görünür. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər torpaq sahələrinin istifadəçiləri tərəfindən verilmiş notarial ərizələrdə Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisi 1102 L nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçının mərhum anası X7 adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Hazırkı işin halları üzrə iddiaçının mərhum anası X7 qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün qanuni əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında iddiaçının mərhum anasına verilmiş Bakı şəhəri,Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında iddiaçının mərhum anasına verilmiş Bakı şəhəri,Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar