Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11499/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində N nömrəli xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, xidmətə bərpa olunması vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. N saylı hərbi hissədə hərbi dəniz qüvvələrində xidmət etmişdir. Gəmidə xidmət edə bilmədiyinə görə xidmətdə yaranan çətinlik səbəbi ilə həmin hərbi hissədə quru bölməsində xidmət etmək üçün müraciət etmişdir. Lakin uyğun yer olmadığına görə yerdəyişmə baş tutmamış, ona görə hərbi xidmətdən tərxis olunmuşdur. Lakin ona məlum olmayan səbəbdən barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” ARQ-nun 41.0.6-cı maddəsi ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Lakin xidməti uyğunsuzluğa əsas verən heç bir hal baş verməmişdir. Hansı səbəbdən bu maddənin ona tətbiq edildiyi barədə məlumatı və təsəvvürü yoxdur. Başqa işə düzəlmək istdədikdə isə, hərbi uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılmağı ona irad tutulur. Ona görə də, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə ərizə ilə müraciət edərək, həmin əsasın üzərindən götürülməsini xahiş etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla bunun mümkün olmadığı bildirilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının tələbinə yazılı münasibəti təqdim edərək bildirmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü ehtiyatda olan hərbi vəzifəli İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən, hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması, həmçinin onlar barəsində ehtiyata buraxılma barədə qeyd olunan Qanunun hər hansı maddəsinin tətbiq edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, şəxsin xidmət keçdiyi qoşun növünün, yəni Hərbi Dəniz Qüvvələri Komandanının səlahiyyətlərinə aiddir. Qeyd edilənlər nəzərə alınaraq, cavabdehin əsl cavabdehlə əvəz olunması və vətəndaşın iddiasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə münasibətdə mümkünsüz hesab edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 1.08.2023-cü il tarixli məktubla nümayəndəsinin iştirakı olmadan işə baxılması və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı verilməmiş, həmçinin prosessual müddət buraxılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli 027əç nömrəli əmrindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş və “Gəmisürmə ixtisası” üzrə Hərbi Dəniz Qüvvələrinin X2 (654 №-li hərbi hissə) X1 X3 (d433) Şturman rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı təyin olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, o, X1 komandirinə müraciət ünvanlayaraq qeyd etmişdir ki, xidmət etdiyi qısa müddət ərzində xidmətə uyğunlaşa bilməmişdir. Təyin olunmuş günün nizam qaydalarını icra etməkdə çətinlik çəkir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrini öyrənə və onları xidmətində tətbiq edə bilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunim 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli təqdimatından görünür ki, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün hərbi hissə komandiri ərəfindən təqdimat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli 074əç nömrəli əmrindən görünür ki, Hərbi Dəniz Qüvvələrinin X2 (654 №-li hərbi hissə) X1 X3 (D433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançısiqnalçısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, X1 X3 (D433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı, Hərbi Dəniz Qüvvələri komandanının 29 avqust 2020-ci il tarixli 074əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə 23 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə göndərilmişdir. İstinad olunanlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət keçən hərbi qulluqçu olmuş və o, Müdafiə Nazirliyinin struktur qurumu olan Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Belə olan halda aydındır ki, iddiaçının hazırkı tələbinə cavab verməli orqan hazırkı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi deyil, iddiaçının xidmət keçdiyi və onun ehtiyata buraxılması barədə qərar qəbul edən Azərbaycan Resublikasının Müdafiə Nazirliyi olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarın 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Həmin Qərarın 3.3-cü bəndinə görə yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə qeyd edir ki, istər İPM-in 13-cü, istərsə də, 48-ci maddəsindəki məhkəmənin yardımetmə vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında ifadə olunmaqla prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və mahiyyəti üzrə baxılmasının təmin edilməsinə yönəlmişdir. Yəni yardımetmə vəzifəsinin həyata keçirilməsi o zaman zəruridir ki, həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra işə mahiyyəti üzrə baxılması və qərar qəbul edilməsi mümkün olsun. Lakin iş materiallarından görünür ki, iddiaçının hazırkı tələbi müddətlə bağlı mümkünlük tələbini ödəmədiyindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi onun iddiasına mahiyyəti üzrə baxılmasını təmin etməyəcəkdir. Buna görə də ona həmin məzmunda hüquqi yardım göstərilməsinə zərurət yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı 3 ilə yaxın müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə uyğun iddiadır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı özü xx.xx.2020-ci il tarixdə raport yazaraq onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunim 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, xx.xx.2020-ci il tarixli əmrlə şəxsi heyət siyahısından çıxarılmış, həmin tarixdən sonra hərbi qulluqçu kimi xidməti vəzifələrini icra etməmiş, hər hansı bir xidməti fəaliyyət həyata keçirməmiş, əmək haqqı almamışdır. Deməli, iddiaçı həmin tarixdən sonra onun hərbi xidmətdən buraxılmasından xəbərdar olmuşdur. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2020 və xx.xx.2020-ci il tarixli əmrlərin ləğvi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11499/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11499/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver