Məhkəmə qərarları › İş №2-1(112)-1150/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1150/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1150/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ödənilməyən hissəsinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının cavabdeh tərəfindən 2021-ci ilin fevral ayında ödənilməyən 1372,20 manat məbləğində hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2011-ci ildən prokurorluqda 25 il qulluğa görə pensiya alır və təqaüddədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.16-cı il tarixli qərarı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq əmək pensiyasının yenidən hesablanması və 01.01.06-cı il tarixdən pensiyanın qalıq hissəsinin yeni hesablamaya uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən ona ödənilməli olan pensiya yenidən hesablanmış, ödənilməyən pensiya 112952,3 manat məbləğində müəyyən edilmişdir. Lakin həmin məbləğ ona birdəfəlik ödənilməmiş, borcun pensiya məbləğinə bərabər paylara bölünərək 2018-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayı da daxil olduğu müddətə ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi hesablamaları iddiaçının iştirakı ilə aparmış və borcun ödəmə cədvəlinin surətini ona təqdim etmişdir . Həmin cədvəldə borcdan 2018-ci ilin 3 ayında (oktyabr, noyabr və dekabr) 11882,01 manatın, 2019-cu ilin 12 ayında 47528,04 manatın, 2020-ci ilin 12 ayında 47528,04 manatın, 2021-ci ilin yanvar ayında 3960,67 manatın və 2021-ci ilin fevral ayında 2053,54 manatın (cəmi 112953,3 manatın) iddiaçıya ödənilməli olduğu göstərilmişdir. 2018-ci ilin oktyabr ayından başlayaraq pensiya ona həmin cədvəldə müəyyən edilən qaydada ödənilmiş, Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyi aparıldıqdan sonra pensiyanın ödənilməsi eyni qaydada Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən davam etdirilmişdir. Lakin son ödəmə ayında (2021-ci ilin fevral ayının 16-da) cədvəldə göstərilən 2053,54 manat əvəzinə onun hesabına cavabdeh tərəfindən cəmi 681.34 manat keçirilmiş, 1372,20 manat isə ödənilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4932/2016 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2569,54 manatdan 3607,20 manata artırılmış, həmçinin adıçəkilən şəxsə ötən dövr üzrə ödənilməli olan 143283,71 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 143283,71 manat fərq məbləği xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməyən 9.811,97 manat məbləğində əmək pensiyasının birdəfəlik ödənilməsi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilmiş 3960,67 manat məbləğində əmək pensiyasının 2021-ci ilin dekabrından başlayaraq hər ay ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında pensiya ödənişinin bərpa olunduğunu və ilkin iddia tələbini müdafiə etdiyini bildirmiş, buna görə də iddianın dəyişdirilməsi qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 21 iyul 1976-cı il tarixdən 06 dekabr 2007-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.1993-cü il tarixli, 209-1 saylı əmr ilə E.Ə.Mirzəzadəyə baş ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun 06 dekabr 2007-ci il tarixli əmri ilə “prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7 və 29.2.3-cü maddələrinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı 1999-cu il iyul ayından 2001-ci il iyun ayına kimi Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarə rəisi vəzifəsinə işləmiş, xidmət illlərinə görə vəzifə maaşına 45% əlavə haqq almış, illər üzrə aşağıdakı kimi mad yardım almışdır: 1999 - sentyabr ayı 50%, dekabr ayı 100% vəzifə maaşı həcmində; 2000 - mart ayı 200%, sentyabr ayı 100%, noyabr ayı 100%, dekabr ayı 200% vəzifə maaşı həcmində; 2001 - mart ayı 200%, may ayı 100% vəzifə maaşı həcmində. 1999-cu ilin iyul ayından 2001-ci ilin iyun ayına kimi aylıq vəzifə maaşına 25% əlavə haqq ödənilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə ərizə ilə cavabdehə (həmin dövrdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi) müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixdən pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində göstərilən müavinətlərin pensiya hesablanmasında nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması və xx.xx.2006-cı il tarixdən pensiyanın qalıq hissəsinin yeni hesablamaya uyğun olaraq ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilmişdir. Bu qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İddiaçı həmin məhkəmə qərarına əsasən ona 112952,3 manat ödənilməli olduğu halda 1372,20 manat əksik ödənildiyini, cavabdeh isə iddiaçıya cəmi 143283,71 manat ödənilməsinin nəzərdə tutulduğunu və həmin məbləğin hamısının ödənildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi pensiya işinə əsasən iddiaçıya:

1. xx.xx.2011-ci il tarixli qərar ilə iddiaçıya xx.xx.2006-cı il tarixdən 901.6 manat, xx.xx.2006-cı il tarixdən 2180,2 manat, xx.xx.2009-cu il tarixdən 2236,30 manat;

2. 08.04.2014-cü il tarixli sərəncama əsasən xx.xx.2014-cü il tarixdən ömürlük 2569.54 manat;

3. 19.12.2017-ci il tarixli sərəncama əsasən xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 1267.02 manat, xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək 3052,35 manat, xx.xx.2014-cü ildən ömürlük 3607,2 manat;

4. 06.07.2018-ci il tarixli sərəncama əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən ömürlük 3960.67 manat pensiya ödənilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdehin qəbul etdiyi qərarlara və məhkəmə qərarına əsasən iddiaçıya: - xx.xx.2006-ci ildən xx.xx.2006-cı ilə kimi 1267,02 manat, - xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilədək 3052,35 manat; - xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək 3607,2 manat; - xx.xx.2018-ci il tarixdən ömürlük 3960.67 manat pensiya ödənilməsi müəyyən edilmişdir. İşdə olan iddiaçıya ödənilən pensiya ödəniş cədvəllərindən görünür ki, iddiaçıya pensiya ödənişi 2011-ci ilin may ayından başlamış, keçmiş dövrlər üzrə edilməli olan ödəniş və cari ödənişlərlə birlikdə iddiaçıya: - xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək 3929.26 manat; - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək 4928,98 manat; - xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək 4262,50 manat; - xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək 2569,54 manat; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci ildən 7214,40 manat; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 6607,20 manat; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 7214,40 manat; - xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 7935,20 manat pensiya məbləği ödənilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya pensiya təyin edilən tarixdən xx.xx.2018-ci il tarixədək 481471,7 manat ödənilməli olduğu halda, cəmi 368519.4 manat pensiya ödənilmiş, bununla da iddiaçıya ödənilməmiş məbləğ 112952,3 manat təşkil etmişdir. Məhkəmə qərarına əsasən müəyyən edilən həmin məbləğ 2018-ci ilin oktyabr ayından ödənilməyə başlanmış, xx.xx.2021-ci il tarixədək cəmi 111580.1 manat ödənilmiş, 1372,2 manat isə ödənilməmişdir. İddiaçı həmin məbləğin ona ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bu müraciəti cavablandırmamış, hərəkətsizlik nümayiş etdirmişdir. Cavabdeh etirazında iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 143283.71 manat ödəniş edildiyini bildirmiş və məhkəmə qərarının tam icra olunduğunu göstərmişdir (Cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hesabladığı bu məbləğ iddiaçıya ödənilməli olan 112952,3 manatla xx.xx.2018-xx.xx.2018ci illərdə iddiaçıya keçmiş dövrə görə ödənilən 30.331.31 manatın cəmini təşkil edir) Göründüyü kimi, cavabdeh özü də iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 143283.71 manat ödəniş etməli olduğunu qəbul etmiş, lakin bu ödənişdən cəmi 141.911.41 manat ödəyərək, 1372.2 manat əksik ödəmə aparmışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, cavabdeh isə əsassız olaraq iddiaçıya həmin vəsaiti ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ötən dövr üzrə ödənilməmiş 1372,20 manat pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar